İctimai qınaq yetərsiz oldu...

Peşəkarlar “reket jurnalistika”sına qarşı əməliyyatları dəstəkləyirlər



"Azərbaycan Mətbuat Şurası yarandığı gündən media məkanındakı neqativ hallara, sui-istifadələrə qarşı mübarizə aparmaqdadır.  
Bu mübarizəyə ictimaiyyətin diqqətini cəlb etmək üçün zamanında
"reket jurnalistika” ifadəsi düşünülüb. "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası yaradılıb”.
Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib. Şura sədri xatırladıb
ki, komissiyanın rəyləri əsasında peşə prinsiplərinə tam etinasız yanaşan kütləvi informasiya
vasitələrinin adları "qara siyahı”ya daxil edilir:


"Qara siyahı” mütəmadi olaraq yenilənir və bu barədə cəmiyyətə məlumat verilir. Əlbəttə, "reket
jurnalist”, "reket mətbu orqan” deyilərkən biz məsələnin hüquqi tərəfləri üzərində dayanmırıq.
Ancaq o da nəzərə alınmalıdır ki, belə kütləvi informasiya vasitələrinin "Azərbaycan Jurnalistlərinin
Peşə Davranışı Qaydaları”na sayğısızlığı həm də hüquqi müstəvidə dəyərləndirilə bilən hadisədir.
Bu cür şübhələrimiz olduğu təqdirdə müvafiq materialları hüquq-mühafizə orqanlarına təqdim
edirik”.
Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun tədbirləri ictimai qınağa əsaslanır. Barəsində
Mətbuat Şurasına şikayət edilən nəşrin peşə prinsiplərinin hansı bəndlərini pozduğu diqqətə
çatdırılır və məsələ bu qaydada ictimailəşir: "Ancaq təcrübə göstərir ki, bir çox hallarda ictimai
qınaq tədbiri yetərsiz olur”.

Məlumat üçün bildirək ki, Dövlət Təhlükəsizlik Xidmətinin "reket” jurnalist fəaliyyəti ilə məşğul
olan şəxslərə qarşı keçirdiyi son əməliyyatlar ölkə ictimaiyyəti və ciddi media qurumları tərəfindən
dəstəklənir. Ölkədə "reket” media adlandırılan aşağı səviyyəli, şantajçı, qeyri-peşəkar saytlar və
qəzetlərə qarşı mübarizə bu il daha ciddi xarakter alıb. Belə ki, bir neçə ay əvvəl "jam.az” saytının
rəhbəri Fikrət Fərəməzoğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və ona qarşı "hədə-
qorxu ilə tələb etmə” ittihamı irəli sürülüb. Müvafiq qurumlar tərəfindən verilən açıqlamalara görə,
fəaliyyətlərində cinayət əməlləri aşkarlanan "jurnalistlərin” məsuliyyətə cəlb edilməsi prosesi
bundan sonra da davam edəcək.

Məsələyə münasibət bildirən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, həyata
keçirilən mübarizə üsulları nəticəsində çap mediasında "reket jurnalistika”nın qarşısı kifayət qədər
alınıb: "Azərbaycan Mətbuat Şurası peşə-davranış qaydalarına sayğısız yanaşan KİV-lərə qarşı
yarandığı gündən mübarizə aparır. Bu mübarizə 2008-ci ildən etibarən xüsusi proqram üzrə həyata
keçirilir. Kampaniyanın gedişatında müsbət nəticələr əldə edilib. "Reket jurnalistika”nın qarşısının
alınması üçün həm hüquqi-metodiki baza hazırlanıb, həm də təcrübi baxımdan əhəmiyyətli addımlar
atılıb. Nəticədə ənənəvi KİV-də, xüsusən, çap mediasında ciddi irəliləyişə nail olunub. Belə demək
mümkünsə, "reket jurnalistlərin” bu müstəvidə fəaliyyət dairəsi daralıb. Təəssüf ki, çap mediası
sahəsində mövqelərini itirən "dırnaqarası jurnalistlər” özlərini onlayn müstəviyə transfer ediblər.
Onlayn müstəvi onlara öz fəaliyyətlərini rahat qurmaq üçün şərait yaradır.

 Belə ki, həm qanunvericilikdəki boşluqlar, həm də onlayn müstəvidə etik standartların müəyyənləşməməsi onlaraxüsusi imkanlar verib. Heç bir əziyyət çəkmədən, para sərf etmədən, xüsusi prosedur keçmədən onlayn media resursu yaratmaq və burada "istədiyini yazmaq”, kimisə şərləmək, böhtan atmaq, şantaj etmək, haqqında qeyri-real informasiyalar paylaşmaq mümkündür. Belə mühit, etik standartlara hörmətsiz yanaşan xəbər istehsalçılarının oturuşmaları ilə nəticələnib. Amma bu, onlayn xəbər istehsalçılarının heç də hamısının neqativ əməllərlə məşğul olması, yaxud, internet medianın yalnız "reket jurnalistlərin” məkanı olması anlamına gəlməməlidir. Onlayn media həm texniki imkanları baxımından, həm də azad fikir platforması baxımından çox böyük vasitədir. Sadəcə, orada  neqativ ünsürlərin yer tutmalarının qarşısı alınmalıdır. Sevindirici haldır ki, 2013-cü ildən etibarən, onlayn müstəvidə xəbər istehsalının hüquqi tənzimlənməsi yönündə ciddi addımlar atılır. Hüquqi çərçivələr dəqiqləşdirilir. Paralel olaraq, 2013-cü ildən etibarən, Mətbuat Şurasına da səlahiyyət verilib ki, onlayn medianın özünütənzimləmə prosesini həyata keçirsin”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də bu fikirdədir ki, Azərbaycanda
jurnalistika fəaliyyəti ilə məşğul olmayan xeyli sayda "KİV” var: "Bununla bağlı Mətbuat Şurasına
şikayətlər daxil olub, araşdırılıb. Jurnalistikaya aid olmayan, jurnalist prinsiplərinə əməl etməyən
insanların qeyri-qanuni əməlləri təqdir oluna bilməz. Onlar qanun qarşısında cavab verməlidirlər.
Bu baxımdan, DTX-nin əməliyyatlarını alqışlayırıq. Jurnalistika çox ciddi bir sahədir. Bu işlə
məşğul olan insanlar bilir ki, Azərbaycanda media sahəsi ilə bağlı çoxlu problemlər var. Biz,
jurnalistlər ilkin mənbədən məlumat almaqda çətinliklərlə rastlaşırıq. İş elə gətirib ki, jurnalistikanın
professional problemlərini həll etmək əvəzinə, jurnalist qurumlarını tamam başqa problemlərlə
məşğul olmağa məcbur ediblər”. Ekspertin sözlərinə görə, "reket jurnalistikası” ifadəsi uğurlu ifadə
deyil. Reket elə reketdir: "Reket fəaliyyəti ilə məşğul olan istənilən şəxs qanun qarşısında cavab
verməlidir. Bu insanlar həqiqi jurnalistika ilə məşğul deyillər. Onlar həm bizim adımızı ləkələyir,
həm də insanlar arasında çaşqınlıq yaradırlar. Jurnalist deyəndə insanların gözü qarşısında qapı-qapı
pul dilənib gəzən insanlar canlanır. Təbii ki, bu normal hal deyil. Onlara qarşı sərt tədbirlərlə
mübarizə aparmaq lazımdır”. Mətbuat Şurasının "reket” jurnalistikaya qarşı Mübarizə
Komissiyasının sədri Vüqar Rəhimzadə də bildirib ki, kimliyindən asılı olmayaraq, jurnalistikaya
xələl gətirən, istənilən qəzet və sayt cəzalandırılacaq: "Aparılan uğurlu işlər göz qabağındadır.
Həmin şəxslərin adları Mətbuat Şurasının "qara siyahı”sına düşüb və dəfələrlə bu cür fəaliyyətlə
məşğul olan media qurumlarına xəbərdarlıqlar edilib. Qanun qarşısında hər bir vətəndaş məsuliyyət
daşıyır. Bizə həmin qurumlarla bağlı çoxsaylı şikayətlər daxil olub. Hazırda "qara siyahı”da
təxminən 100-ə yaxın çap və elektron mətbuatın adı var. Qısa müddətdə araşdırma aparılacaq və
komissiyanın növbəti iclası keçiriləcək. İclasdan sonra "qara siyahı”ya düşən mediaların adları
ictimailəşdiriləcək”. "APA” Holdinqin direktorlar şurasının sədri Vüsalə Mahirqızı da bəyan edib
ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyatlar dəstəklənməlidir: "Bu,
hüquq müstəvisində mübarizə ilə yanaşı, həm də medianın peşəkarlaşması, təmizlənməsi üçün yaxşı
bir xidmətdir. Həbs olunan şəxslərin jurnalistika ilə bağlılığı yoxdur. Mətbuat Şurası illərdir ki,
bununla bağlı kampaniya aparır. Azərbaycan jurnalistlərinin iradəsinin ifadəsi olan Mətbuat Şurası
hələ bir neçə il öncədən reket jurnalistika ilə mübarizəyə qarşı bir komissiya yaradıb. İndi həbs
olunan şəxslərin bir çoxu "qara siyahı”ya salınıb. Dəfələrlə onlarla söhbət edilib və məsələ ictimai
qınağa çıxarılıb. Azərbaycan jurnalistləri, onların adından sui-istifadə edən belə insanların varlığını
illər öncə bəyan etmişdilər. "Reketçilik” yolu ilə peşədən sui-istifadə edilməsinə hüquq
müstəvisində qiymət verilməli idi. Hesab edirəm ki, DTX-nin bu əməliyyatları uğurludur. Normal,
müstəqil jurnalistika ilə məşğul olanların, peşəni şərəflə daşıyanların hamısı bu cür əməliyyatları
dəstəkləməlidir. Medianın üzərinə bu cür adamlar vasitəsilə vurulan qara ləkə təmizlənməlidir. Biz
də bu məsələyə hər cür informasiya dəstəyi verəcəyik”. 

"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də deyib ki, mətbuatdan sui-istifadə halları, "reket” jurnalistlərin fəaliyyəti son dövrlərdə daha da aktuallaşıb: "Reket jurnalistlərin ifşası cəmiyyətin sağlamlaşmasına xidmət edir. Azərbaycanda "reket” jurnalistika 90-cı illərin əvvəlindən başlayıb. Həmin vaxt hələ internet resurslarından istifadə məhdud idi. O vaxtlar Azərbaycanda "reket ordusu” formalaşdı. Ölkədə xaos,anarxiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan mətbuatında da belə bir problem ortaya çıxdı və "reket” jurnalistlər cəmiyyətdə özünə yer elədi. Sonrakı dövrlərdə bunun acı nəticəsini görməyə başladıq. Bu gün də ənənəvi jurnalistika "reket” jurnalistikadan əziyyət çəkir. Əsl jurnalistika ilə "reket” jurnalistika cəmiyyətdə fərqləndirilmir, insanlar ayırd edə bilmirlər. Amma müsbət haldır ki, bu gün ənənəvi mətbuat öz işi ilə məşğuldur, peşə fəaliyyətini diqqətlə yerinə yetirir. Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərir. "Reket” şəbəkə isə bunun tam əksinə hərəkət edir, yaranmış vəziyyətdən sui-istifadə edirlər. Onlar Azərbaycanda azad sözdən, azad mətbuatdan öz
mənafeləri üçün yararlanmağa çalışırlar”. 

Baş redaktor Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının insanları şantaj edən şəbəkəni ifşa etməsini yüksək qiymətləndirib: "Belə əməliyyatlara, bu cür təbliğatlara hətta ənənəvi mətbuatın özü də qoşulmalıdır. Həmin "reket” jurnalistlərin ifşası üçün hüquq-mühafizə orqanlarına yardımçı olmalıdırlar. Bu mübarizə bizim cəmiyyətin sağlamlaşmasına xidmət edən addımlardandır. Vətəndaş cəmiyyətinin formalaşmasında mətbuatın da böyük rolu var. Əgər cəmiyyətdə qeyri-sağlam ünsürlər olarsa, cəmiyyət başqa istiqamətə yönələr. Ona görə də DTX-nin gördüyü tədbirlər çox uğurludur və əminəm ki, bu tədbirlər Azərbaycan mətbuatının sağlamlaşmasına xidmət edəcək. Amma biz də bu mübarizəyə qoşulmalıyıq və bu çirkabdan qurtulmalıyıq”. 

B.Quliyevin sözlərinə görə, bu cür tədbirləri Azərbaycan mətbuatına qarşı əməliyyat adlandırmaq olmaz: "Ümumiyyətlə, bu şəxsləri Azərbaycanın mətbuat nümayəndəsi adlandırmaq olmaz. Onların mətbuat nümayəndəsi adlandırılması bizim beynəlxalq imicimizi aşağılayacaq. Həmin şəxsləri jurnalist adlandırmaq məsələyə qeyri-peşəkar yanaşmadır. Dövlət mətbuatın inkişafında maraqlıdır. 2013-cü ildə Prezident İlham Əliyev "Jurnalistlərin dostu” elan edildi. Bu o deməkdir ki, dövlət rəhbərliyi
mətbuatın sağlamlaşmasında, demokratik fəaliyyətində və inkişafında maraqlıdır. Bu da birbaşa
cəmiyyətin, hüquqi dövlətin inkişafına xidmət edən amildir”. 


"525-ci qəzet”in baş redaktoru,Mətbuat Şurasının üzvü Rəşad Məcid də "reket” qəzetlərin aşkarlanması istiqamətindəki əməliyyatları yüksək qiymətləndirib: "Mətbuat Şurasında artıq neçə ildir ki, "reket” jurnalistikaya qarşı komissiya var. "Reket” qəzetlərdən ictimaiyyətin şikayətləri bəlli idi. Elə qəzetlər var idi ki, dəfələrlə onlar barəsində ictimai qınaq formasında Mətbuat Şurasında rəy çıxarılmasına baxmayaraq, bunlar öz "fəaliyyətlərini” davam etdirirdilər. Mən ötən il Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələrdən sonra demişdim ki, bir sıra reket qəzetlərin yazdıqları faktlar jurnalist fəaliyyətindən daha çox, hansısa xüsusi xidmət orqanının fəaliyyətinə bənzəyir. Məlum olurdu ki, bu kimi qəzetlərə bir çox hallarda keçmiş MTN-in ovaxtkı xəbər əməkdaşları himayədarlıq edirmiş. Onların vasitəsilə məmurları, sadə insanları şantaj edərək pul qazanırdılar. İndi DTX-nin bu cür əməliyyatlar aparması və faktların aşkarlanması Mətbuat Şurasının neçə illər əvvəl dediyi fikirlərin reallaşmasıdır. Mən bu cür hadisəni yüksək qiymətləndirirəm. Mətbuat adına xələl gətirən bu tipli insanların gələcəkdə mediaya üz tutmasının qarşısı alınmalıdır. Əlbəttə ki,
proses davam etməlidir. Bir neçə qəzet var ki, dəfələrlə Mətbuat Şurası onların haqqında qərarlar
çıxardıb. Onlar da yəqin ki, Dövlət Təhlükəsizlik Xidmətinin diqqətində olacaq”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə hazırlanıb