İdman müəllimləri işsiz qalacaq
Nazir kafedraları ləğv edir, ictimaiyyət isə bunu mümkün qərar hesab edir
Ali məktəblərdə idman kafedraları ləğv oluna bilər. Belə ki, Təhsil Nazirliyi ali təhsil müəssisələrinə təhsil alanların maraq çevrəsinə uyğun olaraq, daha faydalı şəkildə bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün Bədən tərbiyəsi və idman kafedralarının bazasında idman klubunun təşkil olunmasını tövsiyə edib. Bu barədə qurumun sözçüsü Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, nazirlik müəllimlərin bu klublarda idman növləri üzrə məşqçi vəzifəsinə götürülməsi və tələbələrin fiziki hazırlığının bölmələrdə aparılmasını istəyir: "Bu da hər bir tələbənin marağına uyğun olaraq, formal deyil, daha effektli bədən tərbiyəsi və idmanla məşğul olmasına zəmin yaradır. Bu tədris ilində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və digər universitetlərdə yeni təşəbbüs uğurla tətbiq olunub və tələbələr öz maraq dairələrinə uyğun olaraq idman klublarında idmanın müxtəlif növləri ilə məşğul olurlar. Deməli, müvafiq universitetin tələbəsi bədən tərbiyəsi ilə formal saatlarda deyil, daha sistemli şəkildə klub və bölmələrdə öz fiziki sağlamlığını möhkəmləndirir. Bu təcrübə dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil müəssisələrində də eynidir”. Şübhəsiz ki, cəmiyyətdə mənfi rezonans doğuran qərar müəyyən narazılıqlara səbəb olub. İdman ictimaiyyəti, sadə insanlar, tələbələr nazirliyin addımının doğru olmadığını, əsas diqqətin buna deyil, təhsildəki bir çox problemlərin həllinə yönəldilməsinin zəruriliyini bildiriblər. Hətta bəzi ekspertlər də qərarın gənc nəslin sağlam böyüməsi işinə mənfi təsir göstərəcəyi fikrindədirlər. Onların qənaətincə, demokratik cəmiyyətdə insan şəxsiyyəti xüsusi önəm daşıyır. Məhz həm cəmiyyətin mədəniləşməsində, həm də şəxsiyyətin formalaşmasında Bədən tərbiyəsi fənni mühüm rol oynayır və çox əhəmiyyətlidir.
Qərarı dəyərləndirən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, mümkün məsələdir. Çünki gənclərin fiziki hazırlığı işi orta məktəbdə qurulmalıdır: "Orta məktəblərdə idman dərsləri yüksək səviyyədə keçirilməlidir ki, universitetdə ehtiyac olmasın”.
Ekspertin sözlərinə görə, ali deyil, orta məktəblərdə bədən tərbiyəsi dərslərinin götürülməsi ziyanlı ola bilər: "Lakin universitetlərdə bunun ləğvi mümkündür. Bu, xarici ölkələrdə də belədir”.
Sözügedən kafedralarda çalışan müəllimlərin taleyindən və hüquqlarından danışan Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov söyləyib ki, qərar məqsədəuyğundur. Ali təhsil ocaqlarında idman dərsləri formal xarakter daşıyırdı: "Son dövrlər isə əhəmiyyətini tamamilə itirmişdi. Buna səbəb təhsil sisteminin düzgün qurulmamasıdır. Məsələnin hüquqi tərəfinə gəlincə, kafedraları ləğv edəndə təbii ki, xeyli müəllim işsiz qalacaq. Əmək məcəlləsi belə tənzimləyir ki, işçilər ixtisara düşməzdən 2 ay əvvəl onlara xəbərdarlıq olunmalıdır. İşdən çıxararkən bir aylıq orta aylıq haqqının həcmi miqdarında kompensasiya verilməlidir. Sonrakı aylarda iş tapmasa, müvafiq arayış təqdim etməklə orta aylıq əməkhaqqı həcmində kompensasiya ala bilər. Qanun belə tənzimləyir. Buna əməl olunub-olunmayacağı isə məsələnin başqa tərəfidir”.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) sədri Nadir Əliyev deyib ki, ali məktəblərdə Bədən tərbiyəsi fəninin ləğvi pis haldır və təəccüb doğurur: "Dünyada hələ idman dərslərinin ləğv edildiyi elə bir dövlət yoxdur. Bunun istər Təhsil, istərsə də İdman haqqında qanunlara uyğun olub-olmaması yoxlanılmalıdır. Qərara əsasən kafedraların bu ilin mayında bağlanması nəzərdə tutulur. Təbii ki, bir idman işçisi kimi mən bunu müsbət qarşılamıram. İdman mütəxəssisi ölkədə nə qədər çox olsa yaxşıdır. Onun fikrincə, idman klublarında bölmələr açılmalıdır və universitetlərdə bağlanan bədən tərbiyəsi kafedraları burada yerləşdirilməlidir. Gələcəkdə ali məktəblərin öz şəhərciyi salınanda, orada idman infrastrukturu, bazaları yaradıldıqdan sonra bu qərarı bəlkə də vermək olardı. Xaricdə belə təcrübə var”.
"Gənclik” Tələbə İdman Cəmiyyəti Azərbaycan Respublika Şurasının sədri Tofiq Xanəliyev deyib ki, təhsil nazirinin bu qərarına indiki dövrdə ehtiyac yoxdur: "Mərkəzi qərargahı Belçikada yerləşən Beynəlxalq Universitet İdman Federasiyasının üzvüyük. Onların xətti ilə dünya ölkələrində maraqlanmışam ki, bədən tərbiyəsi sahəsi necədir. Bəli, inkişaf etmiş ölkələrdə Boloniya sistemi mövcuddur - orada universitetlərin idman bazaları var, yəni tələbə hansı idman növü ilə məşğul olmaq istəyirsə, dərsdən sonra gedib məşğul olur. Amma biz hələ Avropa ölkəsi deyilik, Boloniya sisteminə keçməmişik, universitetlərdə idman bazaları, şərait yoxdur. Ölkəmizdə bəzi universiteti çıxmaq şərti ilə heç birində idman bazası, şərait yoxdur. Bizə universitet rəhbərlərindən zəng gəlir. Onlar pis duruma düşüblər. Birincisi, bu, işçi ixtisarına səbəb olacaq. Kafedralar bağlandıqdan sonra hər bir universitetdə çalışan onlarla müəllim, mütəxəssis işsiz qalacaq. İkincisi, idman sektorunun inkişafı üçün pis şərait yaranacaq”.
Yada salaq ki, Azərbaycan 1993-dən bəri Universiadalardan 167 medal qazanıb. Keçən il Kazanda keçirilən Universiadada tələbə idmançımız 10 idman növündə iştirak edib, 4 qızıl olmaqla 16 medal qazanıblar. Yəni komanda hesabında Azərbaycan 169 ölkə arasında 15-ci yeri tutub və bir çox idman ölkələrini geridə qoyub.
Aydın Baxış