Ona görə də yaxınlıqdakı hava limanlarından birinə enmək və geri qayıtmaq ən yaxşısıdır
16 iyunda Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi yerə enməyə məcbur olub. Saat 14:50-də Bakıdan havaya qalxan təyyarə pis hava şəraitinə görə Naxçıvanda yerə enə bilməyib. Təyyarə Bakıya geri qayıtmalı olub. Buna səbəb ildırım çaxması olub.
Məcburi geri qayıdan sərnişinlərdən birinin açıqlamasına görə, həmin gün Bakıdan Naxçıvana nəzərdə tutulan 1 yox, bütün reyslər (4) təxirə salınıb. Sözügedən reysin hər birində 100-150 sərnişin olub. Təxirə düşən uçuşlara görə, 600 nəfərə yaxın adam Heydər Əliyev adına aeroportda qalıb. Təxirə düşən ilk reysin saatından bəri (13:50) sərnişinlərin aeroportdan, uçuş zonasından kənara çıxmaqlarına icazə verilməyib. Bu isə sərnişinlər tərəfindən narazılıqla qarşılanıb.
AZAL-ın sabiq prezidenti Ədalət Əliyev isə deyib ki, hava şəraitindən asılı olmayaraq təyyarə uçduğu istiqamətdə irəliləyə bilmirsə, yaxınlıqdakı aeroportlardan birinə enməlidir. Uçuşlar bərpa olunana qədər də sərnişinlər uçuş zolağından kənara çıxmamalıdır: "Orada atılacaq alternativ bir addım yoxdur. Sərnişinlər havanın düzəlməsini səbrlə gözləməli, aeroport əməkdaşları da onlara qarşı münasibətdə diqqətli olmalıdırlar. Belə hallarla mən də dəfələrlə rastlaşmışam. Sərnişinlər bir az hövsələsiz olur və dava-dalaş salırlar. Amma təyyarə hava şəraitindən asılı olaraq məcburi eniş etdiyi üçün burada AZAL-ın bir günahı yoxdur. Mən işlədiyim vaxtlarda on minlərlə sərnişin aeroportda uçuşların bərpasını gözlədiyi vaxtlar olub. 600 nəfər nədir ki? Belə hallarda biz sərnişinlər arasında ağsaqqalları yığıb, onlara durumu izah edirdik ki, həyəcan yaranmasın. Hər kəs sakitcə, havanın düzəlməsini gözləsin!”
İldrım, şimşək çaxması zamanı uçuşun təhlükəli olduğunu deyən Ə.Əliyevin sözlərinə görə, ildırım hər an təyyarəni vura və qəza şəraiti yarada bilər. Ona görə də, yaxınlıqdakı hava limanlarından birinə enmək və geri qayıtmaq ən yaxşısıdır.
Qeyd edək ki, AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "Şərq”ə açıqlamasında artıq problemin aradan qalxdığını deyib: "Sərnişinlər Naxçıvana hava şəraitindən asılı olaraq eniş edə bilməmişdi. Amma gecə saat 01:00-dan etibarən bütün uçuşlar bərpa olunub”.
Şəymən