“Azərbaycan-Rusiya münasibətləri tarixin heç bir dönəmində bu qədər yaxşı olmayıb”“Söyləməkdən çəkinmirəm ki, 7 rayonun qaytarılmasının KİV-ə bəzən xaotik, bəzən spontan şəkildə sızması, Putinin masası üzərinə Azərbaycanla bağlı planların yatırılması haqda deyilənlər əsassız deyil”
Bu ilin iyul kampaniyasında əsgərlərimizin ordudan tərxis olunmasının bir qədər yubanması cəmiyyətdə müharibə ehtimalı haqqında müxtəlif fikirlər yaradıb. Çünki məlum gecikmə hərbi əməliyyatlara hazırlıqlarla izah olunur.
Bu istiqamətdəki narahatlığı artıran məsələlərdən biri də ötən günlərdə ATV-nin xəbər aparıcısının çəkildiyi serialda Qarabağ ətrafında işğal edilmiş yeddi rayonun qaytarılması haqda dediklərinin sosial şəbəkələrdə yayılması olub. Bu da ictimaiyyətdə əməlli-başlı çaşqınlıq yaradıb.
Cəmiyyətdəki müharibə ab-havasını dəyərləndirən Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib ki, əsgər və zabitlərin hərbi xidmətlərini başa vurması və tərxis edilməsi üçün hələ iyulun sonuna kimi vaxt var. Bu baxımdan xüsusi gecikmə yoxdur. Ancaq deputat etiraf edir ki, cəbhə xəttində gərginlik əvvəlki illərlə müqayisə olunmayacaq dərəcədə çoxdur: "Bu, Azərbaycanın rəsmi dairələri tərəfindən də inkar edilmir. Ona görə də istisna olaraq ayrı-ayrı hərbi hissələrdə gecikmə olarsa və ya ordakıların xidmət müddətinin daha bir-iki ay uzadılması reallığı yaranarsa, bundan ötrü rəsmi qərar olmalıdır. Bu da hərbi hissələrin səlahiyyətində deyil. Bu, qanunlarla tənzimləndiyindən komandirlərin və hərbi hissə rəhbərlərinin öhdəsinə buraxılmayacaq. Ona görə də belə nəticə çıxarmaq olmaz ki, Azərbaycan müharibə qərarı verib və ya bu hazırlığın içindədir, hərbi çağırışçılar xidmət müddətlərindən artıq saxlanacaqlar və s. Bu, yanlış yanaşma olardı”.
Deputat söyləyib ki, son zamanlar Azərbaycan Qarabağ münaqişəsinin hərbi-siyasi müstəvidə həlli üçün imkanlarını gücləndirib, ön cəbhəyə yetərincə hərbi texnika toplanıb və onları idarə edəcək kadr potensialı da var: "Azərbaycan-Rusiya münasibətləri tarixin heç bir dönəmində bu qədər yaxşı olmayıb. Ona görə də söyləməkdən çəkinmirəm ki, 7 rayonun qaytarılmasının KİV-ə bəzən xaotik, bəzən spontan şəkildə sızması, eyni zamanda Putinin masası üzərinə Azərbaycanla bağlı planların yatırılması haqda deyilənlər əsassız deyil. Eləcə də Rusiyanın Qərblə konfrontasiya fonunda üzərindən məlum işğalçılıq imicini atmaq üçün Qafqazda müəyyən şəkil dəyişimlərinə getməsi, o cümlədən Azərbaycan torpaqlarının qaytarılması, Qafqazda siyasi çəkisini bərpa edə bilməsi haqda deyilənlərin əsası olmamış deyil. Ona görə də ildırım sürətli müharibə, Rusiyanın nisbətən neytrallaşacağı təqdirdə Azərbaycanın əl atacağı addımlar dövriyyəyə daha çox çıxır”.
Millət vəkili Sahib Alıyev qeyd edib ki, nə qədər ki torpaqlarımız işğaldadır, ölkədə müharibə əhval-ruhiyyəsi olacaq: "Bu da təbii haldır. Həmin auranın güclənməsinin səbəbkarı isə nə bu ölkə hakimiyyəti, nə də ictimaiyyətidir. Bunun iki günahkarı var. Birinci təqsirkar ermənilərə havadarlıq edən qüvvələrdir. İkincisi isə işğalçı Ermənistanın özüdür. Bir daha qeyd edirəm, nə qədər ki, torpaqlarımız işğaldadır, müharibə əhval-ruiyyəsi həmişə olacaq və bu ehtimal daha da güclənəcək. Belə olan halda hakimiyyətin müharibəyə getməkdən başqa yolu qalmayacaq. Çünki indiki halda münaqişəni sülh yolu tənzimləmək üçün müəyyən perspektivlər var. Amma getdikcə o işartılar da görünməz olur. Bundan sonra nə etməliyik? Torpaqlarımızın işğalda qalması ilə barışmayacağıq”.
Ayyət Əhməd