Sadiq Bəşir Azərbaycanda ilkə imza atmaq istəyir
On bir ayın sultanı olan Ramazan ayı qədəmlərini qoydu. Allah-Təalanın islam ümməti üçün vacib buyurduğu orucluq ibadətinin - mübarək Ramazan ayının ilk günüdü.
Əzəməti və mərhəməti hədsiz olan Allah-Təala mübarək Ramazan ayında oruc tutan möminlərə sonsuz fərəh və iman sevgisi, yüksək mənəvi dəyərlər, ali bəşəri hisslər bəxş edir. Uca Allah bu mübarək ayda insanlara günahlarının bağışlanmasına, daha çox savab qazanmasına imkan yaradır, qəlblərində xeyirli əməllərə meyli artırır, nəfsə və şərə qalib gəlməyin yollarını göstərir. Heç şübhəsiz ki, Allah yolunda oruc tutanların əcri böyükdür. Allah-Təala "Qurani-Kərim”də buyurur:
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi...” (əl-Bəqərə, 183).
Həzrət Muhəmməd (s) mübarək hədisi-qüdsidə buyurmuşdur:
"Allah-Təala buyurur: "Oruc Mənim üçündür, mükafatını da Özüm verəcəyəm”.
Cənnət qapılarının ibadət əhli üçün açıldığı bu ayda möminlər daha çox Quran oxumalı, ibadət etməli və zikrlə məşğul olmalıdırlar. İnsanın kamilliyinə, cəmiyyətin birliyinə nail olmaq üçün gözəl məqam olan oruc ibadəti günlərində camaat namazlarında iştirak etmək, Ramazan gecələrini, xüsusilə, min aya bərabər tutulan Qədr (əhya) gecələri alimlərin söhbətlərindən, müqəddəs dinimizin fəzilətlərindən daha artıq faydalanmaq, Quran oxumaq, kimsəsizlərə kömək etmək, ehtiyacı olanların qapısını döymək, yetimlərə əl tutmaq, yaşlılara qayğı göstərmək məsləhətdir. Mübarək Ramazan ayında hamınızı səbirli olmağa və Allah yolunda xeyirxah işlər görməyə dəvət edirik.
Ramazan ayının özünün qaydaları qədər rituallar da mövcuddu. Xüsusilə də Türkiyədə Ramazan ayında küçələrdə insanları imsaka qaldırmaq üçün davul səsləndirilir. Bu həm Ramazan ayının özəllikləri sırasına daxildi, həm də oruc tutanların yatıb qalmaması, ailəcə imsak saatında bir süfrə başında oturması üçün kömək etmiş olur.
Hətta Türkiyənin xəbər verilişlərində bu günlərdə Ramazan ayında küçələrdə davulçuların çıxış etməsi üçün xüsusi kastinqlər keçirildi, bələdiyyələrin də iştirakı ilə peşəkar davulçular seçilərək lisenziyaya sahib oldular. Bəs Azərbaycanda niyə bu ənənədən istifadə olunmur? Bizdə də kifayət qədər peşəkar davul ifaçıları olduğu halda niyə Ramazan aylarında onlar belə aksiyalar keçirmir? Bakıda Ramazan aylarında davulçuları imsak, iftar saatlarında görmək niyə mümkün deyil?
Ramazan ayında davulun səslənmə özəlliyindən Azərbaycanın tanınmış musiqiçilərindən biri, davulçu Sadiq Bəşir "Şərq”ə danışdı.
- Bu gün Ramazan müsəlman dünyasına qədəmini qoydu. Ramazan müsəlman dünyasında 11 ayın sultanı sayılır. Türkiyədə isə Ramazanın gəlişi xüsusi təmtəraqla qeyd edilir. Davul səsləri ilə Ramazan qarşılanır.
- Bəli, mən bütün müsəlman dünyasını Ramazanın gəlişi ilə təbrik edirəm. Qədəmin mübarək, 11 ayın sultanı deyirəm. Həqiqətən Türkiyədə Ramazan ayında davulçuların əməyi xüsusilə seçilir. Çünki onlar imsak, iftar saatlarında oruc tutanları davul səsi ilə məlumatlandırmış olurlar.
- Misal üçün, Türkiyədə Ramazan ayında küçələrdə davul ifa edənləri belə kastinqlər vasitəsilə seçirlər ki, peşəkar ifaçılar olsun. Bizdə niyə Ramazan ayında küçələrdə davul səsləri eşidilmir?
- Çox gözəl, əslində maraqlı və bəlkə də aktual ola bilən mövzuya toxunmusuz. Bəli, Türkiyədə Ramazan ayında küçələrdə davul səsləri eşidilir, bu həm insanları bir az əyləndirir, həm oruc tutanların yatmış qalmaması, ailənin imsak, iftar saatlarında bir araya gəlməsində vasitə rolu da oynamış olur. Psixoloji baxımdan da bir təsir gücünə malik olur.
- Ramazanda istənilən musiqini davulda ifa etmək olar, ya bunun özəl bir ritmi, musiqisi mövcuddu?

- Təbii ki, davulu peşəkar şəkildə ifa edən musiqiçi bilməlidir ki, Ramazan ayında ifa olunan musiqi ritmi tam fərqlidir. Ən az davul ifaçısı peşəkar musiqiçidirsə, bu alətin tarixindən xəbərdar olmalıdı. Mən davul alətinin tarixini araşdıran musiqiçilərdənəm. Bu musiqi aləti digərlərindən özəllikləri ilə fərqlənir. Davulun yaranma tarixi, hansı dövlətlərə, hansı millətə məxsus olduğunu bilirəm. Azərbaycanda davulun tarixini bələn musiqiçi çox azdı. Mən də Türkiyədə davulun tarixini öyrənmişəm. Türklərlə çalışmışam, əməkdaşlığım olub. İfa etdiyim musiqi alətini tanımaq istəmişəm. O maraq məni davul haqqında daha çox məlumat öyrənməyə sövq edib. Biz türk dövləti olsaq da, davul uzun müddət Azərbaycanda ifa olunmayıb. Sovet dönəmi dağıldıqdan sonra biz kökümüzə qayıtdıq, bax o illərdə davula yenidən bir qayıdış dönəmi başladı. Türk, kürd millətlərində davula xüsusi bir yanaşma var. Qaldı orucluqda, yəni Ramazan ayında ifa olunan musiqiyə, təbii ki, Ramazan ayında səslənən musiqinin ritmi özəldi. Bu çox yorucu olmamalıdır. Davulu elə ifa etmək lazımdı ki, səsi insanı narahat etməsin. Yəni xüsusi ifa etmək tərzi var ki, məhz Ramazanda bu ifa olmalıdı. Ramazan ayında imsak saatında səslənən davul musiqisi ritmik və oynaq olmur. Davula qəsd etmirsən ki, bərk vurum. Davul ifa edən insan özü eyni zamanda paralel olaraq Ramazanın gəlişini izah edən sözlərlə mahnı ifa etməlidi. Yəni boş davul ifa etmək yetərli deyil. Ramazan ayında boş davul alətini götürüb ifa etmək bəs etmir.
- Sadiq bunu bacararmı?
- Əlbəttə bacarar. Mən peşəkar davulçuyam. Mən bu aləti ifa etməyə başlayanda tarixini öyrənmişəm, sonra o məsuliyyətin altına imzamı qoymuşam.
- Davulun sevilməsində Sadiqin rolu danılmazdı.
- Sağ olun ki bunu qiymətləndirirsiz. Həqiqətən təvazökarlıqdan uzaq olsa da, mənim bu alətlə bağlı layihələrim çoxdu. Davul üçün hazırlanmış xüsusi kompazisiyalar təqdim etmişəm. Bunu musiqi aləmində olanlar daha yaxşı bilir.
- Səhv etmiriksə, tarixən davul alətindən təkcə toylarda, xınalarda deyil, eyni zamanda müharibələrdə, dini mərasimlərdə də istifadə olunub.
- Bəli, davul aləti türk millətlərində, müsəlman dövlətlərində xüsusilə sevilib. Ona görə də müsəlman aləmində bu alətə yanaşma özəldi. Osmanlı imperiyası vaxtı müharibəyə başlayarkən davul ifa edilir, bununla orduya bir ruh yüksəkliyi gətirirdilər. Bu alətin ritmlərində bir çağırış, cihad ruhu hiss olunur. Eyni zamanda bəli, davul dini mərasimlərdə də istifadə olunurdu. Çünki davul ritmlərini dinlə, fəlsəfəylə əlaqələndirən elmi mülahizələr də mövcuddu.
- Ramazan ayında Bakının mərkəzi küçələrində imsak, iftar saatlarında Sadiq Bəşiri davul ifa edərək görmək necə, mümkün olacaqmı? Niyə bizdə bu ənənə yoxdu? Niyə belə bir aksiya keçirməyə maraq göstərilmir?
- Etiraf edim ki, çox maraqlı bir təklif verdiniz. Mənə elə gəlir ki, bu, maraqla qarşılanar. İnsanlar orucluq ayında imsak saatında belə davul sədaları ilə imsak saatına sevərək hazırlaşa bilərlər. Mənə elə gəlir bu ilkə Azərbaycanda mən imza ata bilərəm. Çox maraqlı bir proyekt, aksiya kimi bunu reallaşdırmaq olar. Çox güman ki, bu Ramazanda Bakı küçələrində imsak, iftar saatlarında davul səsləri eşidiləcək. Hətta bizə qoşulmaq istəyən davulçuların da olacağına əminəm. Mən fürsətdən istifadə edərək oruc tutan bütün müsəlmanlara güc, iradə, ruzi-bərəkət, dualarının qəbul olmasını arzu edirəm.
Tahirə Məmmədqızı