İnadcıl siyasətdən geriyə yol yoxdur

“Türkiyə əvvəlki dönəmlərdə olduğu kimi içinə qapanaraq terrora son qoya bilməz”
“Dünya güclərinin də məqsədi Ankara hökumətinin əl-qolunu bağlamaqdır”

Türkiyə 2017-ci ilin ilk gününü qanlı terror hadisəsi ilə qarşıladı. Yanvarın 1-də silahlı şəxs İstanbuldakı məşhur "Reina” gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirdi. Daha sonra içəri daxil olan terrorçu oradakı insanlara atəş açdı. Nəticədə 39 nəfər öldü, 69 nəfər yaralandı. Məlumat üçün deyək ki, hücum zamanı klubda bayramı qeyd edən 600-dək insanın əksəriyyəti əcnəbi vətəndaşlar olub.

Ötən ilin son ayı terror hücumlarının intensivliyi baxımından Türkiyə üçün xüsusilə ağır keçdi. Dekabrın 11-də İstanbulun Beşiktaş səmtində - "Vodafone Arena” stadionu yaxınlığında törədilmiş terror aktı nəticəsində 46 nəfər həlak oldu, 166 nəfər yaralandı. Bir həftə sonra Kayseridə baş vermiş terror hücumu 14 hərbçinin həyatına son qoydu. Ardıcıl şəkildə həyata keçirilən terror hücumlarının sistemli xarakter alması Türkiyənin beynəlxalq güclərin açıq hədəfində olduğunu bir daha təsdiqləyir.

 "Reina” terroruna görə, məsuliyyəti İŞİD terror şəbəkəsi öz üzərinə götürüb. Artıq qanlı hücumun icraçısının kimliyi də dünya ictimaiyyətinə məlumdur. Gecə klubuna silahlı basqın ötən il noyabrın 26-da həyat yoldaşı və iki övladı ilə birlikdə Türkiyənin Konya şəhərinə gələn bir uyğur türkü tərəfindən törədilib. Terrorçu İŞİD üzvləri arasında "Əbu Müslüm Xorasani” ləqəbi ilə tanınırmış. Qatil sonuncu dəfə İstanbulun Zəncirliquyu bölgəsində təhlükəsizlik kameralarına düşüb. O, hadisəni törətdikdən sonra aradan çıxıb və izi itirmək üçün 8 taksi dəyişib. Diqqətçəkən detallardan biri də terrorçunun hücuma keçdiyi an olub. Həmin vaxt qapıda növbə çəkən 4 polisdən 3-ü nədənsə hadisə yerində olmayıb. 

Gecə klubunda törədilmiş terror aktından sonra ənənəvi "kim və niyə” sualı ətrafında müzakirələr başlanıb. Qanlı aksiyanın mümkün təşkilatçıları və məqsədləri ətrafında diskussiyalar aparılıb. Terror haqqında ilk məlumatlar yayıldıqdan sonra bu hücumun arxasında Qərbin xüsusi xidmət orqanlarının dayandığı barədə iddialar gündəmə gəlib. Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş da terror aktının arxasında xarici kəşfiyyat orqanlarının durduğunu istisna etməyib. Terrorçunun etnik kimliyi bəlli olduqdan sonra ölkədə terror bəlasından xilas olmağın müxtəlif yolları gündəmə gətirilib. Bir sıra yerli ekspertlər Türkiyəyə sığınan milyonlarla qaçqına ciddi nəzarət edilməsini, hətta onların ölkədən çıxarılmasını təklif ediblər. Digər bir qisim isə iddia edib ki, Türkiyə Yaxın Şərq siyasətini dəyişərsə, yəni bölgədəki mövqeyindən vaz keçərsə, terror aktlarından yaxa qurtara bilər. Ancaq bu cür iddiaları qeyri-ciddi sayanlar daha çoxdur. Onların fikrincə, Türkiyə daxili kəşfiyyat orqanlarını daha da gücləndirərək, terrorla sərt mübarizəsini davam etdirməlidir. 

Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri "Şərq”ə açıqlamasında deyib ki, Türkiyə daxilində "ölkə Yaxın Şərqdəki mübarizəyə qatılmamalıdır” kimi fikirlər səslənməkdədir. Ekspertin fikrincə, bu cür fikirlər Türkiyəyə düşmən olan müəyyən dairələr tərəfindən bilərəkdən gündəmə gətirilir: 

"Türkiyə əvvəlki dönəmlərdə olduğu kimi içinə qapanaraq terrora son qoya bilməz. Dünya güclərinin də məqsədi Ankara hökumətinin əl-qolunu bağlamaqdır. Qərbin dəstəyi ilə həyata keçirilən terror aktları sırf bu məqsədə xidmət edir. Ona görə də Türkiyə regionda və qlobal məkanda daha qabarıq mövqe ortaya qoymalı, bölgədə söz sahibi olduğunu sübut etməlidir. Anlamaq lazımdır ki, Türkiyənin Suriyada başlatdığı "Fərat qalxanı” əməliyyatı birbaşa qardaş ölkənin daxili təhlükəsizliyinə, terror bəlasından birdəfəlik qurtulmasına hesablanıb. Türkiyənin məqsədi sərhəd bölgələrində terrordan təmizlənmiş təhlükəsiz bufer zonaya sahib olmaqdır. Bu məqsədlə türk ordusu yaxın günlərdə İraqda da öz gücünü göstərəcək və PKK-nı bəsləyən Kandili darmadağın edəcək. Göründüyü kimi, aparılan siyasətin və həyata keçirilən hərbi əməliyyatların əsas məqsədi terrorun kökünü kəsmək, əcnəbi şəxslərin ölkəyə axın etməsinin qarşısını almaqdır. Birinci mərhələ başa çatdıqdan sonra Türkiyə daxildə terrora dəstək verən qüvvələri zərərsizləşdirəcək. Ona görə də indiki siyasətdən nəninki geri durmalı, əksinə, daha da gücləndirilməlidir”.

Politoloq Azər Rəşidoğlu isə "Şərq”ə bildirib ki, ümumiyyətlə terrora qarşı mübarizə çətindir. Lakin bu o anlama gəlmir ki, terrorla mübarizə imkansızdır: "

Son bir ildə terror nəticəsində Türkiyədə yüzlərlə insan həlak olub. Bu, artıq təhlükəsizlik sisteminin böhranından xəbər verir. Peşəkar kadrlarla işləmək lazımdır. Gəlir, şəxsi mənfəət ikinci plana keçməlidir. Şəxsiyyətinə münasibət birmənalı olmasa da, İsmət İnönü Türkiyəni İkinci Dünya savaşından itkisiz çıxarda bildi. İndi dünyada ən müxtəlif güclər Türkiyəyə savaş açıb. Bu savaşdan qorunmaq üçün konkret strategiya və plan olmalıdır. Güc, zərbə ilə yanaşı, manevr siyasəti də həyata keçirilməlidir. Bu baxımdan, hökumət manevr imkanlarını genişləndirməlidir. Terror qarşısında sərt duruşla yanaşı, insanların təhlükəsizliyi də mühüm rol oynayır. Düşünürəm ki, Türkiyədə kəşfiyyat sistminin başında duran Hakan Fidanın fəaliyyəti olduqca nöqsanlıdır. Yəqin ki, Prezident Ərdoğan onu daha çevik fiqurla əvəzləmək barədə düşünəcək”.

İsmayıl