"Şikayətlərin artması sığorta şirkətlərinin öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır. Çünki bir çox sığorta şirkətləri müştəri ilə bağlanan müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edirlər. Sığorta hadisəsi baş verən zaman şirkətlər ya müəyyən edilən ödənişi tam ödəmir və ya qismən ödəyirlər. Bu da narazılığın yaranmasına gətirib çıxarır”.
Bu fikirləri "Şərq”ə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilovun sığorta şirkətlərindən şikayətlərin artması ilə bağlı açıqlamasına münasibət bildirərkən söyləyib: "Sığorta sistemi olduqca həssas bir sistemdir. Bu məqama daima diqqət yetirmək lazımdır. Həssas sistem olduğu üçün hər hansı bir sığorta şirkətinin öz öhdəliyini yerinə yetirməməsi ümumilikdə sığorta sisteminə qarşı inamın kəskin azalmasına gətirib çıxarır. Aparılan monitorinqlər də göstərir ki, bir çox sığorta şirkətləri üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edir.
V.Bayramov həmçinin sığorta sistemindəki digər problemlərdən də danışıb: "Sığorta müqavilələri bağlanarkən anlaşılan dildə tərtib olunmur. Müqavilə şərtləri kiçik hərflərlə qeyd olunur və vətəndaşa izah olunmur. Bu da sığorta müqaviləsi bağlayan şəxsin sığorta şirkətlərinin şərtlərini tam başa düşməməsinə səbəb olur. Bu da nəticə etibarı ilə sığortalanan tərəfin şərtlərlə tanış olmamasına gətirib çıxarır. Ona görə də sığorta şirkətlərinə inamın artırılması üçün birmənalı şəkildə sığorta müqavilələri üzrə standartların tətbiqinə ehtiyac var”.
Müsahibimiz hesab edir ki, şikayətlərin olmaması, insanlarda sığorta şirkətlərinə qarşı inamın azalmaması üçün sığorta şirkətləri öhdəliklərini yerinə yetirməsinə dair cəzalar və şərtlər ağırlaşdırılmalıdır: "Çünki bu gün sığorta şirkətləri öhdəliklərini yerinə yetirməyən zaman vətəndaş məhkəməyə müraciət edir və məhkəmə də qalib gəldiyi təqdirdə şirkət öz öhdəliyini yerinə yetirir. Halbuki, qanunvericilikdə belə qaydaların sətləşdirilməsi və sığorta şirkətlərinin yalnız öz öhdəliyini yerinə yetirməsi deyil, eyni zamanda öz öhdəliklərini yerinə yetirməyən sığorta şirkətləri ilə bağlı konkret cəzaların tətbiq edilməsi, xüsusi lisenziyaların ləğv edilməsi kimi qaydalar tətbiq edilə bilər. Bu, imkan verəcək ki, sığorta şirkətlərinin öz öhdəliklərini yerinə yetirməsinə ciddi yanaşsınlar.
Vüqar Şahinoğlu