“İnsan istəyəndə özünə iş tapır”

İlqar Altay: “Çox adam özünə sığışdırmır ki, gedib hansısa işin qulpundan yapışsın”



Ölkəmizdə böhranın doğurduğu işsizlik əhali arasında çətinliklərin yaranmasına gətirib çıxarır. Son zamanlar bəzi iş yerləri bağlanır, ixtisarlar kütləviləşir. Bu məsələyə millət vəkilləri də biganə yanaşmayıblar.

"Ölkədə işsizliyin artması insanları kriminal aləmə sövq edir”. 

Sherg.az-ın məlumatına görə, bu sözləri parlamentdəki büdcə müzakirələri zamanı millət vəkili Fazil Mustafa səsləndirib. Deputat bildirib ki, hökumət yeni iş yerləri açmaq və insanların məşğulluğunu təmin etmək istiqamətində ciddi tədbirlər planı həyata keçirməlidir:
"Əks təqdirdə bu işsizlik ciddi fəsadlara gətirib çıxaracaq. Mən bu günlərdə rayonların birində yas
mərasimində idim və orada, insanlar işsizlik problemindən narahatçılıqlarını dilə gətirdilər.
Bildirdilər ki, işsizlik artıq gənclər arasında narkomaniyanın inkişaf etməsinə təkan verməklə yanaşı
onları kriminal aləmə sövq edir. Ona görə də bu problemin qarşısının alınması təkcə polisin gücü
daxilində deyil. Gərək hökumət də bu istiqamətdə ciddi tədbirlər həyata keçirsin. Hansı yolla yeni iş
yerləri açılmalıdır. Hökumət bu məsələyə ciddi yanaşmalıdır. Yoxsa gələcəkdə bunun fəsadları pis
ola bilər”.
İctimai Tədqiqatlar Mərkəzinin sədri, kriminalist İlqar Altay Azərbaycan xalqının çalışqan bir xalq olduğunu söyləyib. Onun sözlərinə görə, hazırkı durumda əhaliyə sadəcə müəyyən stimul lazımdır:
"Ümumiyyətlə götürsək, dünyada insan yaranandan dinamika və iş üçün yaranıb. Normal
cəmiyyətlərdə əhalinin sağlam hissəsi işləməli, hərəkət etməli və fəaliyyət göstərməlidir. Bu
fəaliyyətin nəticəsində də ölkə inkişaf etməlidi. İnsan resursu birinci sayılır, qalan resurslar isə
ikinci dərəcəlidir. Məsələn, Yaponiya və Almaniya kimi İkinci dünya müharibəsindən sonra
dağılmış ölkələri ayağa qaldıran onların insan resursu oldu. İnsanların işləməsi və fəaliyyəti buna
təkan verdi. Bizim ölkəmizdə də hazırda inkişafımızın ən əsas və yeganə mənbəyi insan resursudur.
Əhalinin inkişaf etməsinə, işlək olmasına imkan yaratmaq lazımdır. Son illərdə stimul ölüb. Buna
səbəb isə xeyli dərəcədə işləyib-işləməməyin elə bir fərqi olmamasıdı. Adam var az işləyərək də
qazandı, çünki, ortada neft pulları və korrupsiya var idi. Deməli, işləyib-işləməməyin heç bir fərqiolmadığı üçün müəyyən ədalətsizlik yaranmışdı. Bir idarədə 10 nəfərdən 8 nəfər işləmirdi, 2 nəfər
bütün idarənin yükünü götürürdü. Bu, hər bir sahədə belədir”.

Mərkəz sədri həmçinin bildirib ki, insanlarda müəyyən kütləşmə yaranıb və bunu aradan qaldırmaq
vacib amildir: "Bizdə mənəvi-psixoloji pozuntu yaranıb. Əsas məsələ bunu aradan qaldırmaqdır.
Hamı danışır, yazır, pozur, müzakirə edir, amma ortada əməli iş yoxdu. Bizim insanlar sanki küt bir
vəziyyətə düşüb. Mənəvi-psixoloji vəziyyəti aşmaq lazımdır. Bunu eləməyə hökumətin böyük
imkanları var. Cəmiyyətin özü də yazılarımızla və müxtəlif təbliğatımızla hərəkət edə bilər. Çox
adam özünə sığışdırmır ki, gedib hansısa işin qulpundan tutsun. Niyə axı? Adam var ali təhsillidir,
amma iş tapa bilmir. 26 yaşında cavan oğlan tanıyıram ki, 6 aya maşınların motorunu yığmağı
öyrəndi. Yəni, o bunu özünə sığışdırdı. 5-6 ayın içində 15 minə qədər pul yığıb və indi də özünə sex
açıb, motorist işləyir. İnsan istəyəndə özünə iş tapır. Sadəcə olaraq çalışmaq lazımdı. Əgər 0camaat
işləməyəcəksə, maaşları qaldırmaqla, kompensasiyalarla və ərzağı ucuzlaşdırmaqla bunun heç bir
xeyri olmayacaq. Belə olanda bizdə inkişaf əmələ gəlməyəcək və bu, insanlara bəs etməyəcək.
Quyuya su tökməklə quyuda su olmur. Ona görə ki, insan özü çalışmalıdır, fəaliyyət göstərməlidir,
işləməli və istehsal eləməlidi, öz işini qurmalıdı. Bir sözlə, cəmiyyət açılışmalıdır. İnsanlardakı
mənəvi-psixoloji durğunluğu aradan qaldırmaq lazımdır. Bu çox vacib amildir”.

Yeganə Bayramova