“İnternet media resurslarının hüquqi tənzimlənməsinə ehtiyac var”

Azər Həsrət: “Söhbət dövlət təhlükəsizliyi ilə bağlı məsələlərə hüquqi strukturların bu və ya digər formada nəzarət etməsindən gedir”




Milli Məclisin İnsan hüquqları komitəsinin ötən gün keçirilən iclasında "İnformasiya, informasiyanın mühafizəsi haqqında” və "Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə təkliflər irəli sürülüb. Komitə sədri Bahar Muradova layihələrin Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olduğunu deyib. Sədr bildirib ki, nəzərdə tutulan dəyişikliklər informasiya sahəsində və telekommunikasiya sistemində vəziyyəti daha yaxşı tənzimləmək məqsədi daşıyır.

Düzəlişlər internetdə mövcud olan qanunazidd fəaliyyətin aradan qaldırılmasına kömək edəcək. Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid də hər iki sənəd barədə ətraflı danışıb. O bəyan edib ki, dəyişiklik

internet media resurslarında informasiya təhlükəsizliyini təmin etmək məqsədi daşıyır: "Bunun üçün qanuna yeni fəsil və maddələr əlavə olunub, xeyli dəyişikliklər edilib. Qanun layihəsi ilə internet media saytların yaradılması, uçotu, bəzi informasiyaların yayılmasının qarşısının alınması və digər məsələlər tənzimlənir”. Müzakirələrdə diqqətə çatdırılıb ki, "Telekommunikasiya haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər kibertəhlükəsizliyi təmin etmək, baş vermiş hücumların mənbələrini müəyyənləşdirmək məqsədinə xidmət edir. İclasda çıxış edən Nəqliyyat, Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə də bəyan edib ki, hər iki qanun layihəsi informasiya cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verə biləcək sənədlərdir: "Davamlı olaraq Azərbaycanda internetin, informasiya kommunikasiya texnologiyalarının inkişafı qanunvericilikdə öz əksini tapır. Azərbaycan inkişaf etmiş informasiya cəmiyyəti şəraitində yaşayır. 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş yeni milli strategiyada da bu təsbit olunub”. Nazir müavini hazırda bu sahədə mövcud vəziyyətdən, uğurlu onlayn mühitin formalaşmasından, nöqsanların aradan qaldırılması yollarından da danışıb. Komitə üzvləri qanun layihələrinə təklif olunan dəyişikliyi məqsədəuyğun hesab edərək sənədləri parlamentin plenar iclasına tövsiyə ediblər. Məsələyə münasibət bildirən media nümayəndələri qanun layihələri ilə bağlı müsbət görüşlər səsləndiriblər.

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov dəyişiklikləri şərh edərkən deyib ki, hər iki sənəd internet məkanında zəruri tənzimləmənin aparılmasına xidmət edir. Deputatın fikrincə, dəyişikliklər bu sahədə hüquqi tənzimləmə işlərinin aparılması ilə bağlı irəliyə doğru atılmış mühüm addımdır: 

"İnanıram ki, qanun layihələri parlamentin plenar iclasında qəbul olunacaq. Layihələrdə nəzərdə tutulan dəyişikliklər biri-birini tamamlayır. Əlbəttə, internet məkanında tənzimləmə informasiya təhlükəsizliyimiz baxımdan çox önəmlidir. İllərdir ki, media ictimaiyyəti olaraq bunu bildiririk. Konkret olaraq hüquqi mexanizmlərin işə salınmasının zəruriliyini vurğulayırıq. Hesab edirəm, məsələnin reallaşmamasından ən çox əziyyət çəkən jurnalistikadır. Çünki internetin inkişafının ortaya çıxardığı mənzərə əsasən internet media orqanlarının timsalında özünü göstərir. Onlar digər ixtisaslaşmış sahələr üzrə fəaliyyət göstərən saytlardan daha çox cəmiyyətə xitab edirlər. Müsbət təsirləri olduğu kimi, mənfi təsirləri də hər zaman aktual əhəmiyyət daşıyır. Reallıq bundan ibarətdir ki, mənfi təsirlərin doğurduğu ictimai qınaq bir qayda olaraq ümumilikdə mediaya ünvanlanır. Çox zaman qurunun oduna yaş da yanır. Buna görə də dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır”.

MŞ sədri fikirlərini konkret olaraq qanun layihəsinin 2-ci maddəsi üzərində cəmləşdirib. Həmin maddə qanun üzrə əsas anlayışları nəzərdə tutur: 

"Əhəmiyyətli dəyişiklik qanuna internet informasiya ehtiyatı, onun sahibi, domen adı və adların milli inzibatçısı, qeydiyyatçısı anlayışlarının, eyni zamanda internet və host provayderlərin əlavə edilməsidir. Qanunun bir sıra maddələrinin müxtəlif hissələrindəki dəyişiklik isə informasiyanın mülkiyyətçisi ilə yanaşı, onun sahibini də hüquqi münasibətlər sisteminə daxil edir. Bütün bunlar internet məkanın idarə edilməsində məsuliyyəti ön plana çıxarır. Dünyanın bir çox qabaqcıl ölkələrində bu yol gedilib”. Deputat qanuna edilən digər əlavələr barəsində də danışıb və bununla bağlı vacib məqamların olduğunu diqqətə çatdırıb: "Layihənin müvafiq fəsli "İnternet informasiya ehtiyatları” adlanır. Burada internet informasiya ehtiyatının yaradılması və uçotu, informasiyaların yayılması, qadağan edilən məlumatların tirajlanmasının qarşısının alınması ilə əlaqədar məsuliyyət məsələlərinə diqqət yetirilir. İlk növbədə "az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadə qaydalarının, habelə domen adlarının reyestrinə daxil edilən məlumatların müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilməsidir. İkinci məsələ isə əslində bildiyimiz məsuliyyət növlərinin qanunda öz əksini tapmasıdır. Məsələn, biz hər zaman gileylənirik ki, müəyyən saytlarda rekvizitlər yoxdur, yaxud yanlış göstərilib. Əlavələr nəticəsində bu problem aradan qalxacaq. Digər məqama diqqət yetirək. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi üçün hansı fəaliyyət məhdudiyyətləri var? Bilirik ki, yayılması qadağan edilən informasiyalar mövcuddur. Bu cür informasiyalar dünyanın bütün ölkələrində demək olar eyni təbiətə malikdir. Deyək ki, zorakılıq, dini ekstremizm, milli, irqi ədavət təbliğ edilməməlidir. Dövlət sirri təşkil edən, təhqir və böhtan, şəxsi həyatın toxunulmazlığını pozan və sair bu qəbildən olan informasiyalar yayılmamalıdır. İndi məsələ bilavasitə qanuni müstəviyə daşınır. Qeyd edilənlər yalnız media üçün olan tələblər deyil. Ancaq iş belə gətirib ki, onlar internet medianın fəaliyyəti baxımından daha aktualdır. İnternet media, müxtəlif istiqamətli saytlardan daha geniş auditoriyaya hesablanır”. Ə.Amaşov bəyan edib ki, qanun layihəsi internet informasiya ehtiyatlarında təhlükəsizliyin təmin edilməsi məqsədilə irəli sürülür: "Bilirsiniz ki, ölkədə kibertəhlükəsizliyin təmin olunması, kiberhücumlara qarşı mübarizə aktual səciyyə daşımaqdadır. Bu dəyişiklik əslində həmin zərurətdən irəli gəlir. Bir daha bildirirəm ki, hər iki qanun layihəsi dövrün tələbidir və olduqca mütərəqqi mahiyyət daşıyır. Əlbəttə, müəyyən məqamları bir qədər dəqiqləşdirmək mümkündür. Hesab edirəm ki, plenar iclasda layihələr daha geniş müzakirə olunacaq”.

Dəyişikliklərlə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, 10-15 il əvvəl Azərbaycanda informasiya kommunikasiyaları haqqında müzakirələr gedəndə dəqiq izahlar vermək çətin olurdu. Çünki internet informasiya resursları hər kəs üçün tamamilə yeni bir sahə idi. Ona görə də ictimaiyyət bir sıra məsələlərə problemli şəkildə yanaşırdı: 

"Zaman keçdikcə, bu sahə insanlar üçün daha aydın olmağa başladı. İndi Azərbaycanda informasiya texnologiyaları ilə bağlı müzakirələr açılanda hər kəs söhbətin nədən getdiyinin fərqində olur. Düşünürük ki, yeni situasiyada internet media resursları ilə bağlı tənzimləmələrə ehtiyac yaranıb. İnformasiya təhlükəsizliyi məsələsi çox vacibdir. Müharibə şəraitində olan, mürəkkəb regionda yerləşən bir ölkə kimi informasiya təhlükəsizliyi sahəsinə ayrıca diqqət ayırmağımız lazımdır. O baxımdan dövlətin bu məsələlər üzərində nəzarəti zəruridir. Tənzimləmələrin gətirilməsi ilə bağlı təkliflər bu istiqamətdədir. Şübhəsiz ki, burada söhbət hansısa senzuradan, təzyiqdən getmir. Söhbət dövlət təhlükəsizliyi ilə bağlı məsələlərə hüquqi strukturların bu və ya digər formada nəzarət etməsindən gedir. Etiraf etmək lazımdır ki, informasiya müharibəsində yeni texnologiyaların, internet resursların rolu danılmazdır”.

Ekspertin sözlərinə görə, ciddi internet resursların dövlət tərəfindən maliyyələşməsi də vacib məsələdir. Amma bunun üçün əvvəlcə tənzimləmə olmalıdır: 

"Bilirsiz ki, KİV-ə Dəstək Fondu faktiki olaraq qəzetlərə maliyyə dəstəyi ayırır. Hesab edirik ki, zamanla bu praktika internet media orqanlarına da şamil olunmalıdır. Ən mühüm məqamlardan biri də bu sahənin özü-özünü tənzimləməsi ilə bağlıdır. Əslində hamımız bunun tərəfdarıyıq. Ancaq təcrübə göstərir ki, özünü tənzimləmə heç də hər zaman müsbət nəticə vermir. O halda dövlətin mütləq şəkildə prosesə müdaxiləsinə ehtiyac yaranır. Əflatun Amaşov məsələni həm parlamentin tribunasında, həm də Mətbuat Şurasının iclaslarında dəfələrlə diqqətə çatdırıb. Təbii olaraq biz də həmkarımızın mövqeyini dəstəkləyirik. Ümid edirik ki, boşluqların aradan qaldırılması, informasiya təhlükəsizliyinin möhkəmlənməsi və internet resurslarının dayanıqlığını təmin etmək üçün müvafiq addımlar atılacaq”.

(davamı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb