Nümayişkaranə edilən intiharların əsas məqsədi ölmək yox, problemə diqqət çəkməkdir
İntihar anonsları...
Bədbin status yazanlara qarşı həssas olun!
Nümayişkaranə edilən intiharların əsas məqsədi ölmək yox, problemə diqqət çəkməkdir
Nümayişkaranə edilən intiharların əsas məqsədi ölmək yox, problemə diqqət çəkməkdir
"İntihar” sözü artıq o qədər adiləşib ki, ömrünün bahar çağını yaşayan gənclərlə yaşlıların ölümü arasında heç bir fərq qalmayıb. Artıq cəmiyyət intihar edən gənclərin nakam taleyinə üzülmür, əksinə, onları acizlikdə qınayaraq, "cəhənnəmlik” olduqlarını iddia edirlər. Amma son vaxtlar yeni bir intihar modeli yaranıb. Özünü öldürmək istəyən (ya da belə bir görüntü yaradan) şəxslər bu dünya ilə haqq-hesab çəkmədən getmək istəmir.
Kimin ürəyində nə sözü qalıb "facebook” vasitəsilə hər kəslə paylaşır. Bu tendensiyanın başında isə tanınmış yazarlar, jurnalistlər gedir. Onların intihara cəhdi isə özünə qəsd edən digər gənclərdən fərqli olaraq tez unudulmur. İntihar anonsu yayılandan sonra bir müddət gündəmdən düşmürlər. Özünəqəsdin səbəbləri müzakirə edilir, mümkün ehtimallar irəli sürülür. Göründüyü kimi, sosial şəbəkələr böyük əhəmiyyətli ictimai yerlərdir. Sosial şəbəkələr küçədi, bazardı, şadlıq sarayıdı, iş yeridi, kafedi, universitetdi, hündürmərtəbəli binadı, intihar kəndiridi, dar ağacıdı... Adamlar evdə ailəsinə demədiyi sirri sosial şəbəkələrdə ictimai müzakirəyə çıxarır. Kim kimin həyatını izləmək istəyirsə, onu virtual aləmdə tapır.
Odur ki, bundan sonra öz profilində bədbin status paylaşan insanlara qarşı daha həssas olun! Bizdə isə tamamilə başqa mənzərə hökm sürür. Macəra axtaran, boş-bekar adamlar başlayır intihar edən adamın həmin statusunun altına "Niyə belə etdin”, "Bu, doğrudurmu”, "Hara getdin”, "Qayıt, gəl”, "Sən ölməli deyilsən” kimi şərhlər yazıb kədəri ifadə edən "smaylik”lər düzməyə...
Qeyd edək ki, bir müddət əvvəl yazar Cəlil Cavanşir feysbukda canlı yayımla çıxış edərək intihar edəcəyini söyləyib. Sosial şəbəkədə dostlarına vida nitqi söyləyən C.Cavanşir sevgi, həyat, ölkə barədə müxtəlif qarışıq fikirlər söylədikdən sonra damarlarını kəsdiyini nümayiş etdirib.
Ondan əvvəl isə şair, yazıçı Kənan Hacı yazar Mövlud Mövludun intiharından sonra sosial şəbəkədə intihar anonsu vermişdi. O, "Yoruldum artıq... Günahlarımın bağışlanacağına ümid edirəm... Salamat qalın!” - yazıb mobil telefonunu söndürdüyü üçün yaxınları onunla əlaqə saxlaya bilmirdi.
Son olaraq da tanınmış jurnalist Səbuhi Məmmədli intihara cəhd edib.
Jurnalist sosial şəbəkədə intihar anonsu verərək çətin anlar yaşadığını qeyd edib: "Bu və digər səbəblərdən həyatımın ən gərgin günlərini yaşayıram. Səhhətim, əsəblərim yerində deyil”. Bu statusun üstündən qısa müddət keçdikdən sonra ölmək istəmədiyini yazıb: "Ölmək istəmirəm. Çox qorxuram... Bu nə səhvlərdir, mən buraxdım... Bitsin!”
Canlı yayımda intihara cəhd etməyin, qol kəsməyin heç cür haqq qazandırılacaq tərəfi yoxdur. Psixoloji gərginlikdə olmaq olar, amma insanları da bu gərginliyə şərik eləmək düzgün deyil. Onsuz da insanlar gördüyünü götürəndi.
Bir ziyalının, ədəbiyyat nümayəndəsinin bu addımı atdığı məmləkətdə çiçəyi
burnunda gəncləri necə qoruyaq?
Psixoloq Elnur Rüstəmov hesab edir ki, intihar etmək fikri olan insan bu planı barədə əvvəlcədən xəbərdarlıq etmir:
"Cəmiyyət tərəfindən ziyalı kimi qəbul olunan insanların bu cür addım atması yaxşı hal deyil. Əgər narahatçılıq varsa, bunu sivil yollarla həll etmək lazımdır. Yazıçı insanları yaşamağa sövq etməli, stimul verməli, yaşamaq yollarını açmalıdır. O yaşamaq yolları şairin yazdığı əsərlər, şeirlər, kitablar olur. Ümumi götürəndə mən bu hadisəni doğru hesab etmirəm. Mühakimə etmək fikrim də yoxdur. Lakin hər halda olmasaydı, daha yaxşı olardı. Mən inanıram ki, bu hadisədən travma alanlar da oldu. Sabah analoji hadisə baş verərsə, bu dəfə heç kəs onlara inanmayacaq”.
Sosial şəbəkədə anons verib, canlı yayım açıb intihara cəhd etməyin insanlara təsirinə toxunan E.Rüstəmov deyib ki, ilkin hallarda insanlarda müəyyən əhval-ruhiyyənin dəyişməsinə, özlərini narahat hiss etməsinə gətirib çıxaracaq:
"Lakin bütövlükdə bu cür hadisələr insanlığa böyük zərbə vurur. Nəticədə bu cür hadisələr insanlar üçün adiləşir. Tutaq ki, eyni hadisəni sosial şəbəkələrdə bir-iki dəfə gördükdən sonra ona adi baxmağa başlayacam. Dolayısı ilə bir insanın ölümü başqaları üçün statistikaya çevriləcək, insan faciəsinə deyil. Bu həm də insanların biri-birinə qarşı inamsızlığına, biganələşməsinə gətirib çıxaracaq. Sonra da suallar ortaya çıxır ki, cəmiyyətdə bu qədər aqressiya, inamsızlıq haradan qaynaqlanır? Bütün bunlar bu cür hadisələrdən başlayır. Ona görə də bu cür olaylarda diqqətli olmaq lazımdır. Doğrudur, bu cür olayları dünya ədəbiyyatında baş verənlər ilə müqayisə edə bilərlər. Məsələn, Cek London və yaxud digərləri ilə. Lakin bu analogiya qüsurludur. Protokol qaydaya əsasən, bu cür şəxslər psixiatrik xəstəxanaya yerləşdirilməli, müalicə almalı, reabilitasiya prosesi keçməlidir”.
Psixoloq Azad İsazadə də deyib ki, nümayişkaranə edilən intiharların əsas məqsədi ölmək yox, problemə diqqət çəkməkdir:
"Yəni özünə qəsdə cəhd edən şəxs bununla hansısa fikri çatdırmağa çalışır. Əslində, bu situasiyada intihar bir növ cəmiyyətlə dialoqdur. Özünə qəsd edən yardıma möhtac olduğunu bildirir, insanların diqqətini özünün və özü kimilərinin problemlərinə cəlb etmək istəyir. Konkret şəxslərin hansı səbəbdən bu yola əl atdığını deyə bilmərəm, bu barədə əhatəli bilgiyə sahib deyiləm. Amma bu cür nümayişli intiharlar da bəzən ölümlə nəticələnə bilər. Canlı yayında damarlarını kəsən şair bir az daha dərinə getsə idi, qanaxmanı saxlamaq mümkün olmaya da bilərdi”.
İntihar görüntüsü yaratmaq üçün hansısa hündürlüyə çıxan adamın qəfil ayağı sürüşüb, yıxıla bilər. A.İsazadənin sözlərinə görə, bir sıra hallarda intihara cəhd edən insanın həqiqətən özünü öldürmək istəyib- istəmədiyini müəyyən etmək çətin olur. Bunun üçün müayinə mütləqdir.
Şəymən