Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfər üçün Fransaya gedib. Səfər çərçivəsində onun Beynəlxalq Kosmik Sammitdə iştirakı və Fransa Prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır.
Sherg.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Melaniya Arutyunyan məlumat verib.
Paşinyan Fransaya hökumət təyyarəsi ilə deyil, adi sərnişin reysi ilə gedib. O, təyyarənin salonundan yayımladığı videoda Makronla görüş keçirəcəyini də bildirib.
Baş nazirlə birlikdə Fransaya Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, eləcə də yüksək texnologiyalar sənayesi və süni intellekt naziri Gevork Mantashyan gedib.
Beynəlxalq Kosmik Sammit sentyabrın 9–10-da Parisdə keçiriləcək. Tədbirdə 120-dən çox ölkədən dövlət nümayəndələri, kosmik agentliklərin rəhbərləri, alimlər və hərbçilərin iştirakı gözlənilir.
Qeyd edək ki, Paşinyanın Fransaya sonuncu səfəri bu ilin martında baş tutub.