İntiharla qətnaməni geri çevirmək mümkün deyil. Bunun yolu məhkəməyə şikayət etmək, məsələnin yenə də hüquqi müstəvidə həllinə nail olmaqdır
İntihar çıxış yolu deyil
İcraçının sözündən sonra Əkbər özünə od vurub
İntiharla qətnaməni geri çevirmək mümkün deyil. Bunun yolu məhkəməyə şikayət etmək, məsələnin yenə də hüquqi müstəvidə həllinə nail olmaqdır
İntiharla qətnaməni geri çevirmək mümkün deyil. Bunun yolu məhkəməyə şikayət etmək, məsələnin yenə də hüquqi müstəvidə həllinə nail olmaqdır
Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin sakini, 27 yaşlı Ələkbər Zahid oğlu Məmmədov üzərinə benzin tökərək özünü yandırıb. Qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilən Ə.Məmmədovu xilas etmək mümkün olmayıb və o, vəfat edib.
İlkin məlumata görə, məhkəmə Ələkbər Məmmədovun yaşadığı evin qanunsuz tikili olması və evin boşaldılması barədə qərar çıxarıb. Srağagün məhkəmə icraçıları Ə.Məmmədovun evinə gələrək qərarın icrasını tələb ediblər. Ə.Məmmədov da buna etiraz edərək özünü yandırıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, istintaq gedir.
Başqa bir xəbərə görə isə, mərhum qonşusu ilə torpaq üstündə məhkəmə çəkişməsində olub, sonda Ali Məhkəmə qonşunun xeyrinə qərar çıxarıb, Binəqədi rayon məhkəmə icraçıları da qətnaməsinin icrasını yerinə yetirmək üçün əraziyə gəliblər.
İcraçıların söküntü fikrinin ciddi olduğunu görən Ələkbər benzin götürüb yuxarı qalxıb və özünü yandıracağını deyib. İcraçılardan biri isə orda olan FHN əməkdaşlarına deyib ki, onu düşürün aşağı, verin polisə aparsınlar.
Mərhumun qohumu Kövsər xanım bildirib ki, onu dilə tutmağa çalışırmış, lakin məhkəmə icraçılarının davranışı Ələkbəri bu addımı atmağa sövq edib. "Mən onu dilə tutub aşağı salacaqdım, amma icraçının sözündən sonra Ələkbər özünə od vurdu”. Yayılan fotolardan da görünür ki, FHN əməkdaşları Ələkbəri xilas etməyə çalışırlar. Amma Ələkbər alovlar içindədir. Qonşuları bildirib ki, Ələkbər 5 il əvvəl ailə qurub və yaxın zamanda ata olacaqdı.
Təəssüf ki, intihar xəbərləri səngimir və kimlərsə problemlərdən çıxış yolunu canına qəsd etməkdə görür. Bəlkə də bununla problemlərinin həll olunacağına ümid edirlər, lakin ölüm hər şeyə nöqtə qoyur. Arxada buraxdıqları isə başsız ailələri, gözü yaşlı ata-analar, yetim uşaqlar olur. Amma bu fəlakətlər yaşanmaya da bilər. İntihara qalxmış insanın ətrafında onu bu yoldan çəkindirməyi bacaranlar olarsa.
Hadisə ilə bağlı fikirlərini "Şərq”lə bölüşən hüquqşünas İradə Cavadova icra şöbələrinin bəzən vəzifə səlahiyyətlərini aşdığını dedi:
- Məhkəmələr qərar çıxarır, qətnamə qəbul edilir və işin icrası icra şöbələrinə tapşırılır. Lakin bəzən icra şöbələri vəzifə səlahiyyətlərini aşırlar. Qərarların icrasına fərqli yanaşmalar mövcuddur. Bəzən hansısa qərarın icrası illərlə uzanır, yubadılır, bəzənsə icranın dərhal yerinə yetirilməsinə başlanır. Bu, ikili yanaşma icra məmurları barədə mənfi fikirlərin formalaşmasına əsas verir. Şəxsən mənə aid bir məsələ ilə bağlı məhkəmə qərarının icrası 5 ildir ləngiyir, icra olunmur. Bəs necə olur ki, hansısa qərarın icrası üçün dərhal işə başlanır?! İcra məmurları heç də həmişə eyni mövqeni sərgiləmir. Bəzən hədsiz canfəşanlıq edir, zor gücünə, polisin köməyindən istifadə etməklə qərarı icra edir, bəzənsə, işə könülsüz yanaşır, arxa plana keçirirlər. Bu da icra məmurlarının göstərişlə, tapşırıqla, bəzən də rüşvət müqabilində fəaliyyət göstərdikləri fikirlərinə əsas verir və onların ədalətsiz olması rəyini yaradır.
Məhkəmə icraçıları vətəndaşa bildiriş göndərməli, vətəndaşı xəbərdar etməli, etik normalar çərçivəsində davranmalıdırlar. Qərarın normal şəkildə, xəsarətsiz, vətəndaşın həyatına təhlükə olmadan icrası məhkəmə icraçılarından çox asılıdır. Məhkəmə icraçısı vətəndaşı məlumatlandırmalıdır, ona öz hüquqlarını başa salmalıdır, bildirməlidir ki, vətəndaşın təkrar məhkəməyə müraciət etmək, şikayət etmək, iddia qaldırmaq hüququ var, qərarın icrası hələ son deyil. Vətəndaşla söhbət aparılmalıdır. Təəssüf ki, biz bunların şahidi olmuruq. Bir problem də vətəndaşın yanında vəkilin olmamasıdır. Orada vəkil iştirak edərsə, vəziyyət bu qədər ağırlaşmaz, vətəndaş düşündüyü səhv addımdan çəkindirilər. Ona öz hüquqları başa salınar. Bizim vətəndaşlar da çox zaman hüquqları bilmir, məsələyə savadsızca yanaşırlar. Vətəndaş məhkəmənin qərarı ilə razılaşmırsa, bunun yolu qətiyyən intihar deyil. İntiharla qətnaməni geri çevirmək mümkün deyil. Bunun yolu məhkəməyə şikayət etmək, məsələnin yenə də hüquqi müstəvidə həllinə nail olmaqdır. Lap tutalım, hüquqi yolla da mümkün olmayacaq, yenə də insan məhkəməni uduzacaq, yenə də intihar çıxış yolu deyil. İntihar etməklə bu insanlar nə "qazanır”? Heç nə! Amma səbirli olsalar, məsələləri hüquqi yolla həll etməyə üstünlük versələr, məqsədlərinə çata bilərlər. Bu, istisna olunmur.
İ.Cavadova vətəndaşların intihara cəhdlə spekulyasiya etməsi faktlarının da olduğunu dedi:
- Vətəndaşlar da bəzən ölümlə, intiharla spekulyasiya edir, bununla məhkəmə qərarının dəyişəcəyini zənn edirlər. Ancaq yanılırlar. Və "yanırlar”. Təbii ki, psixoloji gərginliyə məruz qalan, sarsıntı keçirən, ailəsinin gələcəyinin təhlükə altında qaldığını görüb son çıxış yolu kimi intihara əl atanlar var. Məsələn, mənim hüquqlarını müdafiə etdiyim bir xanım iki dəfə intihara cəhd etmişdi. Bu xanım ginekoloqların səhvi ucbatından analıqdan məhrum olmuşdu. Mənə müraciət etdi və biz məhkəmədə iddia ərizəsi ilə çıxış etdik. Lakin məhkəmə həkimi haqlı saydı. Biz isə qərardan apelyasiya şikayəti verdik, Ali Məhkəməyədək hüquqlarımızın müdafiəsinə qalxdıq. Həmin xanımın da sarsıldığı, ruhdan düşdüyü və həyatını heç saydığı vaxtlar olmuşdu, lakin ona təlqin etdik ki, sən, hüquqlarının müdafiəsini məhkəmə müstəvisində davam etdirməlisən. Və onu intihar fikrindən daşındırdıq. Ancaq təəssüf ki, sarsıntı anında dəstəyi olmayan, insanı intihardan çəkindirmək əvəzinə, əksinə, onu buna daha da sövq edənlər də olur.
Amma yenə də, hər kəs bilməlidir ki, intihar, özünəqəsd çıxış yolu deyil. Vətəndaşlar bilməlidir ki, məhkəmə qərarının icrasından da şikayət etmək hüququna malikdirlər. İcra şöbəsi qərarı icra etmirsə və ya qərarı səlahiyyət həddini aşaraq icra edirsə, ondan məhkəməyə şikayət edilməlidir.
Məlahət Rzayeva