İntizam Komissiyasına etibar qalmadı

Bundan sonra etik davranış qaydalarını pozan deputatları MSK cəzalandıracaq




Milli Məclisin deputatının etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi təklif edilir. Bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik olunur.

Məcəllənin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə edilən dəyişikliklərdə bildirilir: "Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci (Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə), 4-cü (dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), 5-ci (özü imtina etdikdə), 6-cı (Bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) tələbini pozduqda), 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlərdə göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir. MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verilə bilər”. Bu təklif bəzi deputatlar arasında fikir ayrılığına səbəb olub. Layihə yaxın vaxtlarda Milli Məclisdə ümumi müzakirəyə çıxarılacaq.

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu məsələ parlamentin İntizam Komissiyası tərəfindən həll edilməlidir:

"Görünür, millət vəkillərinin həmkarlarına qarşı müvafiq addımlar atacağına müəyyən şübhələr olduğu üçün bu səlahiyyət başqa bir quruma verilib. Hesab edirəm ki, parlamentin İntizam Komissiyası obyektiv qərarlar versə, deputatın etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin MSK-ya verilməsinə ehtiyac qalmaz. Ancaq istənilən halda bütün addımlar deputatların etik davranış qaydalarının tənzimlənməsinə hesablandığı üçün atılan addımları müsbət dəyərləndirmək olar”.

M.Zülfüqarlının sözlərinə görə, seçkilərin nəticələrini elan etdiyi, seçkiyə nəzarət funksiyasını onlar yerinə yetirdiyi üçün deputatın etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin MSK-ya verilməsi işin xeyrinə olacaq.

Şəymən