İqtisadçı deputatla RAZILAŞMIR:" Onun təklifi mürəkkəbdir"





Həkim millət vəkili Rəşad Mahmudovun təklif etdiyi mexanizm icbari tibbi sığortanın həyata keçirilməsindən daha mürəkkəbdir.

Bunu Sherg.az-a millət vəkili, tanınmış ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudovun "Azərbaycanda adambaşına 1 AZN ayırmaqla ildə 10-15 min adamı həyata qaytarmaq mümkündür" təklifinə münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

 Onun sözlərinə görə, ölkəmizdə infarkt xəstələrinin azaldılması məsələsini, o cümlədən digər tibbi problemləri icbari tibbi sığortanın tətbiq edilməsi sayəsində həll etmək olar: 

"Hər bir vətəndaş öz gəlirlərinin cüzi hissəsini icbari tibbi sığorta üçün ödəməklə bu sığortadan yararlana bilər. Bir çox ölkələrdə, həmçinin qardaş Türkiyədə bu təcrübə uğurla həyata keçirilir. Məsələn, Türkiyə təcrübəsində işləyənlərə və işsizlərə xüsusi proqramlar tətbiq olunur. İmkansız ailələrə yaşıl kart verilir ki, məhz həmin kartların sahibinin hər hansı tibbi xidmət haqqını dövlət ödəyir. İşləyən əhalinin isə ödədiyi miqdarda dövlət sığorta fonduna maliyyə keçirir”.

N.Cəfərli bildirib ki, ölkəmizdə illər öncə icbari tibbi sığorta haqqında qanun qəbul edilsə də, onun həyata keçirilmə mexanizmi işlənib hazırlanmayıb. Qanunun tətbiqi ilə əhalinin müxtəlif qruplarına keyfiyyətli tibbi xidmət göstərmək mümkündür: 

"Sadəcə olaraq burada, səhiyyə sahəsinin idarəetməsində ciddi dəyişiklik baş verməli, xəstəxanalar hüquqi şəxsə çevrilməlidir. Bundan əlavə, icbari tibbi sığortanın işləmə mexanizmləri daha dəqiq hazırlanmalıdır ki, ödənişlərin həyata keçirilməsində sonradan problemlər yaranmasın. Yəni işləyən vətəndaş bilməlidir ki, ödədiyi qədər də dövlət tərəfindən təmin olunacaq. Bu həm müxtəlif əməliyyatların həyata keçirilməsinə, həm də apteklərdən dərman alarkən daha ucuz qiymətə preparatların əldə edilməsinə imkan yaradır”.

Ekspert əlavə edib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı hökumət tərəfindən bu il ciddi addımlar atılacaq. Bu da minlərlə insanın həyatını xilas etmək üçün böyük kömək ola bilər.

Qeyd edək ki, millət vəkili, tanınmış ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov Azərbaycanda adambaşına 1 AZN ayırmaqla ildə 10-15 min adamı həyata qaytarmağın mümkün olduğunu deyib. Tanınmış həkim bildirib ki, "Stend or life” proqramının ölkəmizdə də qəbul olunması ildə 15 minə yaxın kəskin infarkt xəstəsi olan insanların azı 90 faizinin həyata normal şəkildə qaytarılması deməkdir.

Aysel Aslan