İqtisadi böhran Həcc ziyarətini də bahalaşdırdı

Müqəddəs Payızov: “Səfər xərclərinin artırılması labüddur”



Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinin qiymətlərini açıqladı. Məlum oldu ki, builki Həcc ziyarəti qiymətlərində xeyli artım var.

Ötən il ziyarətə gedənlərə təklif olunan paketlərdə aşağı qiymət 3250 manat, yuxarı qiymət isə 4100 manat təşkil etmişdi. Bu il isə ən ucuz səfər paketinin dəyəri 4700, ən yüksək məblğə isə 5750 manatdır. 5750 manatlıq paketlərdə mehmanxana otaqları 2 nəfərlik, yeməklərsə çeşidli olacaq. 4700 manatlıq paketlərdə isə nisbətən aşağı keyfiyyətli xidmət, mehmanxana otaqları da 6 nəfərlikdir. Ziyarət xərclərinin bu qədər artımına nə səbəb olub? Məsələyə aydınlıq gətirən QMİ xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov "Şərq”ə açıqlamasında burada bir neçə səbəb olduğunu dedi. M.Payızov qeyd etdi ki, Həcc ziyarəti qiymətlərinin artımına dünya ölkələrindəki mövcud iqtisadi böhran, neftin dəyərinin aşağı düşməsi və bundan irəli gələrək bir sıra ölkələrin qiymət artımına getməsidir. M.Payızovun sözlərinə görə, Səudiyyə Ərəbistanında Kəbə evi ətrafında aparılan genişləndirmə işləri səbəbindən bir çox mehmanxanalar sökülüb. Mehmanxana qıtlığı yarandığından fəaliyyət göstərənlər qiymətləri qaldırıb. Bundan başqa, qonşu Türkiyə də təyyarə reyslərinin qiymətini qaldırıb. Belə vəziyyətdə səfər xərclərinin artırılması labüddur.

M.Payızov bildirdi ki, sənədlərin qəbulu zamanı vətəndaşlardan səfər xərcləri milli valyuta ilə qəbul ediləcək, bank tərəfindən ABŞ dollarına çevrilərək ödəmə aparılacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc səfərlərinə sentyabrın 15-dən etibarən başlanacaq.

Məlahət