İqtisadiyyatın inkişafının yol xəritəsi hazırlanıb

Millət vəkilləri və ekspertlər Prezident İlham Əliyevin imzaladığı fərmanı yüksək qiymətləndirirlər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman imzalayıb. Fərmanı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bəyan edib ki, qeyri-resurs sektorunun davamlı və rəqabət qabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir:

"Prezident İlham Əliyev tərəfindən uğurla aparılan davamlı islahatlar nəticəsində Azərbaycan
dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. İstər regionda, istərsə də qlobal iqtisadiyyatda
gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin
makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin
yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini
minimuma endirmək məqsədilə sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi əsas prioritet
vəzifələrdəndir. İqtisadi islahatlara sistemli yanaşmanı təmin etmək məqsədilə Azərbaycan
Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilib. Habelə həmin istiqamətlərə
müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılıb.
Həmin Sərəncama əsasən, işçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin,
məsləhətçi şirkətlərin iştirakı ilə iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin
layihələrini hazırlayıb. Strateji yol xəritəsinin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspert
birbaşa iştirak edib. Bununla yanaşı, sənədin yazılması üçün 4 min nəfərlə 150-yə qədər görüş
keçirilib”.

Millət vəkili Rüfət Quliyev deyib ki, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin
təsdiq edilməsi ölkə iqtisadiyyatının bərabər və dinamik inkişafına xidmət edəcək:

"Azərbaycanın sosial-iqtisadi modeli unikaldır, çünki biz həmişə qarşımıza məqsəd qoyuruq və
onlara çatırıq. Bu sənədlərdə həm uzunmüddətli, həm də qısamüddətli məsələlər əksini tapıb. Yol
xəritələri iqtisadiyyatın bərabər və dinamik inkişafına xidmət edəcək”. Millət vəkili əlavə edib ki,
əsas məsələ bu sənədlərdə kiçik və orta sahibkarlığın inkişafının əks olunmasıdır: "Demək olar ki,
bu məsələ yol xəritələrinin leytmotivini təşkil edir. Bütün inkişaf etmiş ölkələrdə - ABŞ, Almaniya,
hətta Yaponiyada kiçik və orta biznesin xüsusi çəkisi ÜDM-nin 50-70 faizini təşkil edir. İspaniya və
Portuqaliya kimi ölkələrdə isə bu göstərici daha da yüksəkdir. Bizdə hələ ki, belə göstəricilər
yoxdur. Bəli, bizdə iri şirkətlər var - "Gilan Holdinq”, "PAŞA Holdinq”, "Akkord Holdinq”. Bu
şirkətlər uzun müddətdir ki, Asiya və Avropada investisiyalar yerləşdirir. "Gilan Holdinq” öz
məhsulunu dünyanın 60 ölkəsinə ixrac edir”.

Deputat bildirib ki, ölkənin iqtisadiyyatını təkcə iri holdinqlər deyil, həm də kiçik və orta
müəssisələr müəyyən edir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev də yol xəritəsinin mühüm əhəmiyyətə
malik olduğunu deyib.

Deputatın sözlərinə görə, Prezidentin Fərmanı Azərbaycan iqtisadiyyatının, ölkə əhalisinin sosial
rifahının yüksəlməsinə xidmət edəcək böyük bir layihədir, proqramdır: "Sözün həqiqi mənasında bu
sənədin yol xəritəsi adlandırılması konkret hədəflərin, məqsədlərin və o məqsədlərə çatmaq
yolunun, zamanının müəyyənləşdirilmiş bir layihəsidir. Azərbaycan iqtisadiyyatının müxtəlifsahələri, o cümlədən strateji sahələr burada nəzərə alınıb. Bu layihənin icrası ilə Azərbaycan öz
iqtisadiyyatının yeni bir dövrünə post-neft dövrünə qədəm qoyduğunu bir daha bəyan edəcək. Bu,
post-neft iqtisadiyyatının qaldırılmasına xidmət edəcək bir layihə olacaq. Ümumdünya maliyyə
iqtisadi böhranı, neft gəlirlərinin azalması Azərbaycanın da büdcəsinə mənfi təsir göstərib. Heç
şübhəsiz ki, Azərbaycan dövlətinin bu böhran dövründən iqtisadiyyatımızın az itkilərlə çıxması
üçün kifayət qədər potensialı var”.

M.Quliyev əlavə edib ki, sözügedən yol xəritəsi əsas sahələrin dövlət, cənab Prezident tərəfindən
nəzarət olunaraq inkişafına konseptual baxımdan yardım edən layihədir: "Burada həm sahibkarlığın,
kənd təsərrüfatının, nəqliyyat sisteminin, kommunikasiya, energetika sisteminin, həm də maliyyə-
bank sektorunun inkişafı və s. nəzərdə tutulub. Eləcə də davamlı rəqabətqabiliyyətli qeyri-neft
sektorunun məhsul istehsalı və məhsulun ixracı, yeni bazarların tapılması, Azərbaycana valyuta
gətirəcək ölkə brendindən ibarət olan məhsulların inkişafı və s. burada öz əksini tapıb. Bununla belə
əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı insanların sosial müdafiəsinin artırılması,
təhsil, səhiyyə problemləri burada yeni modellər təklif olunmaqla öz əksini tapıb. Bütövlükdə bu
Fərman çox uğurludur”.

Millət vəkili Kamran Nəbizadə də Prezident İlham Əliyevin iqtisadiyyatın əsas sektorları üzrə
strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərmanının əhəmiyyətindən danışıb.
Deputat bildirib ki, sözügedən sənəd Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyən
edilməsində vacib rol oynayacaq: "Hələ ilin əvvəlində cənab Prezident Azərbaycan iqtisadiyyatının
gələcək illərdə inkişafı proqramını açıqlamışdı. Orada xüsusilə vurğulanır ki, qeyri-neft sektoru
prioritet xarakter daşıyır. Bu gün Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi müzakirə olunur. Bu
müzakirələr zamanı da vurğulanıb ki, gələn il Azərbaycanın sırf qeyri-neft sektorunun inkişafında
gəlirlərin artımı nəzərdə tutulub. Cənab Prezidentin sözügedən fərmanı büdcə müzakirələri ilə eyni
vaxta düşüb. Bu isə çox vacib əhəmiyyət kəsb edir”.

Deputat deyib ki, Azərbaycan iqtisadiyyatının strateji yol xəritələri qeyri-neft sektorunun sürətli
inkişafına təkan verəcək: "Əslində, bu sahədə 2016-cı ildə də ciddi işlər görülüb. Azərbaycanda
kənd təsərrüfatı, turizm, tikinti, informasiya-kommunikasiya texnologiyaları və digər qeyri-neft
sahələrində xeyli inkişaf əldə olunb. Biz bütün bunların nəticəsini 2017-ci ildə daha yaxşı görə
biləcəyik. Ona görə də mən büdcə müzakirələri zamanı bildirdim ki, Azərbaycanın iqtisadi
inkişafına optimist olaraq baxıram. İnşallah, bütün bu addımların hər biri 2017-ci ildə öz nəticələrini
verəcək. Digər istehsalla bağlı sahələrdə görülən işlər isə öz nəticələrini bir-iki ilə deyil, 2018-2019-
cu illərdən sonra göstərəcək”.

İsmayıl