"İran yaxşı anlayır ki, Azərbaycanı heç bir dövlət əvəz edə bilməz".
Bunu Sherg.az-a Həsən Ruhaninin Qarabağ münaqişəsinin hərbi yolla həlli olmaması fikrinə münasibət bildirərkən, millət vəkili Zahid Oruc deyib.
Deputat hesab edir ki, İran rəhbərliyinin bu səfəri Azərbaycan üçün daha xeyirlidir:
"Çünki uzun illər ərzində regionun təhlükəsizliyində maraqlı olan əsas dövlətlərdən biri kimi dövlətimiz Ermənistanın işğalçılıq siyasətini pisləyib və bu mövqedə ona dəstək olan dövlətlərin də rolunu vurğulayıb. Məsələn, bölgədəki dövlətlər Türkiyə kimi Ermənistana qarşı sərhədləri bağlayıb, sanksiyaları gücləndirsəydi, onun iqtisadi- siyasi cəhətdən blokadaya alınması ilə çıxış yolları məhdudlaşardı. Bundan sonra torpaqlarımızın işğaldan azad olunması prosesi yetişə bilərdi. Nə qədər ki, işğalçı dövlətə dəstək verilməsinə Rusiyadan əlavə digər region ölkələri də qoşulacaq o zaman Qarabağ münaqişəsinin həlli bir qədər də gecikəcək.
Rəsmi Bakı zaman-zaman İranın Ermənistana dəstəyini pislədikdə bu yanlış anlaşılıb.
Bu tənqidlərin Turançılıq ideologiyasından qaynaqlandığını, Cənubi Azərbaycan mövzusunun önə çəkilməsi cəhdinin bununla pərdələndiyini düşünənlər oldu. Halbuki H.Ruhaninin səfəri İranın regionda siyasi sabitlikdə maraqlı olmadığını, Ermənistana dəstək göstərdiyini nümayiş etdirdi. Müharibə amili region dövlətlərini narahat edirsə, rəsmi Tehran nə düşünür? Nəzərə almaq lazımdır ki, indi artıq 90-cı illər deyil. Hər iki tərəfin silahları kifayət qədər güclüdür. Münaqişənin miqyasının genişlənməsi digər dövlətlərə də təsirsiz ötüşməyəcək.
Rusiyanın bu gün Ukraynadakı davranışlarına bütün beynəlxalq qurumlar dəstək göstərməkdədir. Lakin eyni vəziyyət Qarabağ münaqişəsində keçərli deyil. Bu təqdirdə İranın özünü hansı cinahda hiss etməsi, Azərbaycanın güclənməsinin Tehranda narahatlıq yaradıb- yaratmadığı sual altındadır”.
Z.Oruc əlavə edib ki, kimsə Azərbaycanın bu səfərdən qlobal dərəcədə narahat olduğunu düşünürsə, səhv edir:
"Hər iki ölkənin xarici aləmdə böyük problemləri var. Donald Trampın da İrana kəskin münasibətinin olması, İranı sanksiyalardan azad etməyib. Bu təqdirdə Ermənistanın İranla yaxınlaşması səmərə verməyən siyasətdir. Ona görə, H. Ruhaninin Ermənistan səfəri nə Azərbaycan – İsrail münasibətlərinə, nə rəsmi Bakının Qərblə əlaqələrinə, nə də İranla əməkdaşlıq xəttinin davam etdirilməsinə zərbədir. Rəsmi Tehran tərəfdaş kimi Azərbaycanı deyil, Ermənistanı seçirsə, bunun zərbələri bizə dəyməyəcək”.
Qeyd edək ki, Ermənistanda səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani Ermənistan prezident ilə birgə brifinqdə Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli olmadığını deyib.
Aysel Aslan