İran qana bələndi

Ölkə səksəkədədir, terror hadisələri İranda baş qaldırdı
Rəsmilərin sakit açıqlamalarına baxmayaraq Tehranı böyük sınaq gözləyir
İran İslam Respublikasının Milli Məclisində atışma olub.
İranın "Fars” və "Mehr” Xəbər Agentliklərinin ilkin məlumatına görə, üç nəfər silahlı şəxs parlamentdə mühafizəçiləri yaralayaraq, bir neçə nəfəri girov götürüb. Hadisələr zamanı 12 nəfər ölüb, 42 nəfər yaralanıb. Aralarında qadınlar da olduğu bildirilən yaralılar müxtəlif xəstəxanalara çatdırılıb. İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Nəqəvi Hüseyni İran parlamentinə silahlı hücum edən 4 nəfər tutulduğunu qeyd edib. Məlumata görə, parlamentə hücum edənlər "Kalaşinkov” avtomatı və tapança ilə silahlanıblar.

Qeyd edək ki, eyni anda İmam Xomeyninin türbəsinə də 4 nəfər silahlı hücum edib. Onlardan biri özünü partladıb. Hadisə yerində çoxlu yaralının olduğu xəbərləri var. İran Prezident Aparatı və digər dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyi gücləndirilib.

İran parlamentinin Rəyasət Heyətinin üzvü Əkbər Rəncbərzadə İran Dövlət Televiziyasına açıqlama verərək bildirib ki, parlament üzvləri arasında yaralanan yoxdur.
Ə.Rəncbərzadə deyib ki, ölənlərin olduğu barədə onlara məlumat verilməyib: "Bir neçə nəfərin yaralandığı barədə məlumatımız var”.
İranın Təhlükəsizlik Nazirliyi paytaxt Tehranda baş vermiş hadisələr barədə rəsmi açıqlama ilə çıxış edib. Nazirlik bildirib ki, bu gün (dünən) səhər Tehranda bir neçə terror aktı törətməyə cəhd göstərilib. Nazirliyin Terrorizmlə mübarizə idarəsinin rəhbəri bəyan edib ki, terror dəstələrindən bir qrupu hər hansı əməli həyata keçirməyə fürsət tapmadan zərərsizləşdirilib.

Təhlükəsizlik Nazirliyi əhalidən şübhəli şəxslər gördükdə dərhal xəbər vermələrini istəyib. Tehran əyalətinin rəhbəri isə elan edib ki, hazırda paytaxtda vəziyyət stabildir və təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürüb.

Əməliyyat başa çatdıqdan sonra İran parlamentinin spikeri Əli Laricani hadisə yerinə baxış keçirib. Olayı kiçik bir hadisə adlandıran Laricani deyib ki, bir neçə qorxaq terrorçu parlamentin binasına soxulub və onlara qarşı ciddi tədbirlər görülüb: "Elə də böyük şey deyil. Bu hadisə onu göstərir ki, terrorçular İran üçün problem yaratmaqda maraqlıdır. İran terrorizmlə mübarizədə fəal və təsiredici gücə malikdir, istəyirlər ki, İranın bu simasını korlasınlar. Təhlükəsizlik qüvvələri hökmən onlara qarşı ciddi ölçü götürəcək”.

İran ərazisində bütün təhlükəsizlik qüvvələrinin hazırlıq vəziyyətinə gətirildiyini qeyd edən İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib ki, terrorçular qadın geyimi ilə parlamentin binasının giriş qapısından içəri daxil olublar: "İçəri girən kimi atəş açmağa başlayıblar. SEPAH qüvvələri onlara cavab atəşi açıb. Terrorçular parlamentin əsas binasına deyil, ətrafdakı binasına soxulublar”. H.Zülfüqarinin sözlərinə görə, terrorçular 4 nəfər olub, onlardan 1-i öldürülüb, 1 nəfər isə özünü partladıb.

İranda baş verən terror hadisələrini "Şərq”ə şərh edən Yaxın Şərq və İran üzrə mütəxəssis, politoloq Sədrəddin Soltan deyib ki, hadisə ilə bağlı rəsmi açıqlama olsa da, müəyyən ipucu verəcək bəyanat yoxdur. İran rəsmiləri ümumiləşdirilmiş sözlərlə yalnız özlərini tox tutmağa, cəmiyyəti sakitləşdirməyə çalışırlar:

"Hücum İrana qarşı ərəb dövlətlərinin keçirdiyi aksiya ilə eyni vaxta təsadüf edir. Qətərin boykotunu nəzərdə tuturam. Belə bir şərait isə hücum törədilməsi ilə bağlı çoxsaylı ehtimalların yaranmasına səbəb olur. Onlardan biri İŞİD-dir. Onun xəbəri yayılıb. O biri İrandakı hakimiyyətə müxalifət olan Xalq Mücahidləri Təşkilatıdır. Tehran bu təşkilatın İraqdan çıxmasını çoxdan istəyir. Onların çoxu artıq İraqın ərazisindən çıxarılıblar. Çünki əvvəllər ölkədə baş verən partlayışların məsuliyyətini hakimiyyət bu təşkilatın üzrəinə qoyurdu. Bəzən adlarının hallanması mücahidlərə də sərf edirdi. Onların mövqeyi isə açıqlanmayıb”.

Politoloq hesab edir ki, hansı qüvvənin törətməsindən asılı olmayaraq, bu, İrana xəbərdarlıqdır: "Təbii ki, İran hakimiyyəti terrora məruz qaldığını bildirəcək. Düşmən saydığı dövlətləri ittiham edəcək. Bundan ölkədəki müxalif qüvvələrin represiya olunması üçün də yararlanacaq. Bundan başqa ölkədə etirazların yatırılması üçün təbliğat vasitəsi kimi istifadə ediləcək. Əsas tezislərin də belə olacağını ehtimal etmək mümkündür: "İŞİD İranı da Suriyanın gününə qoymaq istəyir. Ancaq biz ona yol verməyəcəyik”. Bu yolla cəmiyyətdəki etirazları boğmağa çalışacaq. Bunun da müvəqqəti olduğu istisna deyil. Çünki belə bir terror aksiyası İran hakimiyyətinin nüfuzuna xələl gətirib. Cəmiyyətin təhlükəsizliyi baxımından mövcud iqtidara etimad azalıb”.

S.Soltanın sözlərinə görə, hadisələrin İranla kifayətlənməyəcəyini də ehtimal etmək olar. Çünki bölgədəki proseslərdə İranın adı çox hallanır və o, özünü fəal oyunçu kimi göstərir. Ona görə də yeni toqquşmalar və terror hadisələrinin başqa dövlətlərin ərazisində törədiləcəyi də gözləniləndir.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, İŞİD-in nə zamansa İranı hədəf seçəcəyi bəlli idi: "Bəri başdan deyim ki, İran parlamentində və Xomeyninin movzoleyində həyata keçirilən terror aksiyasında Səudiyyə Ərəbistanı izinin axtarılmasının əleyhinəyəm. Bu, Ər-Riyada lazım deyildi. Doğrudur, Səudiyyə Ərəbistanı İranın siyasətindən narazıdır, onun dost və tərəfdaşlarının sayını azaltmağa çalışır, ancaq bu o demək deyil ki, Ər-Riyad hansısa terrorçu qrupu təlimatlandıraraq İrana göndərib və ya İrandakı tərəfdar qrupuna terror tapşırığı verib. Bu sırf DAİŞ-in dəst-xəttidir. Əslində İŞİD-in nə zamansa İranı da hədəf alacağı gözlənilən idi. İŞİD ona qarşı savaşan bütün ölkələri hədəf alıb. Suriya ərazisində real olaraq 3 dövlətin silahlı qüvvələri mövcuddur: Türkiyə, Rusiya və İran. Bu 3 ölkə İŞİD-in mövqelərini bombalayır, Əsəd ordusuna və ona müxalif olan qüvvələrə dəstək verirlər ki, onlar terrorçulara qarşı effektiv mübarizə aparsınlar. İŞİD cavab aksiyası kimi 3 dövlətin ikisində - Türkiyə və Rusiyada terror aksiyaları törətmişdi, qalmışdı bircə İran, ona da əli çatdı. İŞİD-in məqsədi İranı daxildən qarışdırmaqdır. Bundan sonra nə baş verə bilər?
İranın iki yolu var. Birinci yol ölkədə təhlükəsizlik tədbirlərini gücləndirərək, Suriya və İraqda İŞİD-lə mübarizədə yerli qüvvələrə dəstəyini artırmaq. İkinci yol İranda hakimiyyətə müxalif olan və fərqli düşünən bütün qüvvələrə qarşı "terrora dəstək” adı altında təzyiqləri gücləndirmək, ölüm hökmlərinin sayını artırmaq”.

İkinci yolun İran üçün yaxşı heç nə vəd etmədiyini vurğulayan politoloq hesab edir ki, İŞİD mövqelərini gücləndirəcək: "Aydındır ki, İran nə liberal baxışlı Böyük Britaniya və nə də Fransadır ki, terrorla üzləşdikdən sonra "azadlıqların təminatı, yoxsa sabitlik naminə azadlıqların məhudlaşdırılması” dilemması qarşısında qalsın. Tehran şübhəsiz sabitlik naminə olan-qalan azadlıqları da məhdudlaşdıracaq. Ancaq bu, İranın daxili problemlərini bir az daha artıracaq. İŞİD də elə bunu istəyir”.

Terrorun Azərbaycanın qonşuluğuna çatdığını qeyd edən E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan İŞİD-ə qarşı birbaşa mübarizədə iştirak etməsə də, beynəlxalq terrorçulara qarşı savaşda sivil dünyanın yanındadır: "Digər tərəfdən İŞİD sıralarında Suriya və İraqdakı savaşlarda nə qədər azərbaycanlının sağ qalıb-qalmadığı bəlli deyil. Bu amilləri nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var. Hər hansı azərbaycanlının Suriya və İraqdan xüsusi tapşırıqla Azərbaycana gəlməsi problematikdir, sərhəddə nəzarət gücləndirilib, adlar da bəllidir. Ancaq onlara ölkə daxilində rəğbət bəsləyənlər var. Onların da xüsusi nəzarət altında saxlanması vacibdir. Sadəcə, geyim formasına görə diqqət çəkən sələfilərin ucdantutma şübhə altına alınması da doğru deyil. Multikulturalizm dəyərlərinə sözdə və əməldə sadiq qalmalıyıq. "Əcinnə ovu”na əsla əsas verməməliyik, bunun əksi İŞİD-in maraqlarına cavab verər”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi İranda törədilən terror aktlarını pisləyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq. Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik. O qeyd edib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir: "Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir”.

Şəymən