İran Şuşada çəkdiyi filmi dayandırmalıdır

“Rejissor və digər yaradıcı heyət Azərbaycan üçün arzuolunmaz şəxslər elan edilməlidir”



İran Azərbaycana növbəti dəfə zərbə vurub. Belə ki, cənub qonşumuz separatçı Ermənistanın işğal etdiyi rayonumuzda - Şuşada ermənilərlə birgə film çəkir. Məlumata görə, hazırda həmin çəkiliş davam etdirilir. Hətta bu arada filmlə bağlı yeni məqamları əks etdirən videogörüntü də ortaya çıxıb.

Tehranın addımını şərh edən analitik Arzu Nağıyev "Şərq”ə deyib ki, belə halları ancaq mənfi dəyərləndirmək lazımdır. Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ, o cümlədən Şuşa və digər rayonlar Azərbaycanın ayrılmaz hissəsi və ərazisidir: "Bu faktdır və beynəlxalq qurumlar tərəfindən qəbul edilib. Çəkilən filmin hansı məqsəd və səbəb daşımasından asılı olmayaraq Azərbaycan ərazisinə Ermənistandan daxil olan hər hansı şəxs dərhal tərtib edilmiş "qara siyahıya” düşməlidir. Və həqiqətən bu çəkilişə dair faktlar öz təsdiqini taparsa, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İran tərəfinə nota verilməli və narazılıq ifadə edilməlidir”.

A.Nağıyev onu da diqqətə çatdırıb ki, alınan izahatlardan sonra İran hökuməti ilə müvafiq söhbət və araşdırmalar aparılmalıdır: "Filmin çəkilişinin dayandırılması haqqında qərar qəbul edilməlidir. İranlı rejissor və digər yaradıcı heyət Azərbaycan üçün arzuolunmaz şəxslər elan edilməlidir”.

Ayyət Əhməd