İranın interneti məhdudlaşdırmaq cəhdi əbəsdir

Tehran sadəcə yeni texnologiyanın qarşısını almağa cəhd göstərə bilər
İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri ölkənin Sistan və Bəlucistan əyalətində təşkil edilən hakimlərin elmi və mədəni konfransında bildirib ki, İranda internetə girişin məhdudlaşdırılmasına ehtiyac var. O qeyd edib ki, internetə girişin tarixi prosesə bağlı olduğunu düşünənlər var: "Ancaq belə deyil, gənclərin yanlış mərkəzlərə yönəlməsinə mane olmalıyıq”. Baş prokuror vurğulayıb ki, İrana düşmən kəsilən ölkələr sosial media vasitəsilə ölkəsinə qarşı psixoloji savaş aparır.
Məlumdur ki, İran Prezidenti Həsən Ruhani sosial şəbəkələrdən istifadəyə qadağa qoyulmasını yanlış addım adlandırmışdı. İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azeri Cehromi iki gün əvvəl ölkədə internetə girişin məhdudlaşdırılmasının yeni problemlər yaradacağını söyləmişdi. İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneinin də informasiya vasitəsindən yararlandığı söylənilir.
İrandakı vəziyyəti "Şərq”ə şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, yanvarın sonlarında İran Prezidenti Həsən Ruhani hakimiyyətin atdığı bir sıra yanlış addımları etiraf edib. O, ölkədə internetə məhdudiyyət qoymaqla səhvə yol verdiklərini söyləyıb: 
"Ruhani deyib ki, "göydən bizə səlahiyyət verildiyini və buna görə də yer üzündəkilər haqqında əmrlər verəcəyimizi zənn edirik. Ancaq belə bir nəsnə yoxdur. Allah belə peyğəmbərinə, sadəcə olaraq, xalqa mesajları ötürməyi əmr etdi. Seçki isə xalqa aiddir. Xalqın ümumi tələblərinə qarşı mübarizə aparmaq nə doğru, nə hüquqi, nə də qanunidir”. Ruhani yeni texnologiyalarda təhlükələrin olduğuna da diqqət çəkib: 
"Ancaq bu texnologiyaları xalqın həyatından çıxarmaq mümkün deyil. Cəmiyyətin iradəsinə qarşı savaşa bilmərik. Texnologiya və innovasiyalara qarşı müqavimət göstərmək mürtəcelikdir. İnternetə mane olmaqla səhv etmişik. Bir təlimatla hər şeyi qadağan edə biləcəyimizi düşünürdük. Ancaq insanlar süzgəci qıran proqramlarla bu maneəni dəf etdi. Tətbiq edilən qadağalar isə uğursuz oldu”. Hökumət başçısının bu etirafları mühafizəkar din xadimlərinin və rəsmilərin etirazına səbəb olub. 91 yaşlı ayətullah Nasir Məkarim-Şirazi onu "İslam dəyərlərinin əleyhdarı” adlandırıb: 
"O, özünü İslam Respublikasının deyil, kübar sistemin demokratik ölkəsinin prezidenti kimi aparır”. 89 yaşlı ayətullah Cəfər Sübhani isə hökumət başçısına ölkənin iqtisadiyyatı ilə məşğul olmağı, İslam Respublikasının dini prinsiplərinə toxunmamağı məsləhət görüb. Məhəmmədcavad Azeri Cehrominin dedikləri də mühafizəkarların vuruğladıqlarının tərkib hissəsidir. Bu çıxışlar hakimiyyət içi islahatçı xətlə mühafizəkarlar arasında ziddiyətin göstəricisidir. Hələ heç bir dövlət interneti məhdudlaşdırmağa tam nail olmayıb. Çünki onun yaradıcısı İran deyil. İran və ona oxşar dövlətlər sadəcə bu texnologiyanın qarşısını almağa çəhd göstərə bilər”.
S.Soltan vurğulayıb ki, ötən illərdə bu istiqamətdə göstərilən cəhdlər uğursuz olub:
 "Boş yerə ildə milyonlarla dollar xərclənib. Fikrimcə, İran interneti bağlamaq üçün ölkə üzrə elektrik enerjisinin paylanmasını dayandırıb, ölkəni şam işığında qoysa da, ölkə vətəndaşları lazım olan məlumatı əldə edə biləcək. Çağdaş informasiya texnologiyalarının qarşısını almaq mümkünsüzdür. İran rəsmiləri "psixoloji savaşda” uduzacaq. Çünki ölkədə bunun qarşısını almaq üçün texnologiya yoxdur. İnternet məhdudlaşdırılsa, bir müddət sonra Həsən Ruhani kimi peşmanlıqlarını etiraf edəcəklər”.
İsmayıl