İranın Türkiyəyə xəbərdarlığı soyuq müharibə yarada bilər

Elman Nəsirli: “Türkiyə Əsəd rejiminə deyil, İŞİD-ə qarşı mübarizə yolunu tutub”
Türkiyənin Suriyaya girmə ehtimallarını şərh edən İran Parlamentinin, Milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini Mənsur Həqiqətpur Ankaraya diplomatik hədləri aşan xəbərdarlıq göndərib. O bəyan edib ki, Suriya türk əsgərlərinin məzarına çevriləcək: "Türkiyə Suriyaya girərsə, bu, Türkiyədəki yeni Osmanlı nəzəriyyəçilərinin etdiyi böyük bir xəta və dəlilik olacaq”.
İranlı deputat İŞİD terror təşkilatının Ankara üçün böyük təhlükə olduğunu da vurğulayıb: "Türkiyə bu terror qruplaşmasının onlara qarşı döyüşməyəcəyini zənn edirsə, yanılır. İŞİD-in Türkiyə daxilində həyata keçirmək istədiyi təxribatlar narahatedicidir. Türkiyə sərhədlərindən kənarda yandırılacaq atəş isə Türkiyəni da yandırar”.
İranlı parlamentarinin təhdid dolu bəyanatını şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli "Şərq”ə açıqlamasında qeyd edib ki, Türkiyənin Suriyaya qoşun yeridəcəyinə dair yayılan məlumatlar siyasi alverdən başqa bir
şey deyil: 
"İnanmıram ki, belə bir hal baş versin. Bəli, rəsmi Ankara Bəşər Əsəd rejimini qəbul etmədiyini dəfələrlə bəyan edib. Türkiyə hesab edir ki, oradakı hakim rejim öz legitimliyini itirib. Baxın, hadisələr gərgin olanda ABŞ və Avropa B.Əsəd rejiminə qarşı müharibə planlarından danışarkən daha çox Ankara önə verilirdi. Türkiyənin isə mövqeyi bu idi ki, qarşıdurmada yalnız hava zərbələri ilə kifayətlənmək olmaz. Quru qoşunlarının da hücumu reallaşmalıdır və eyni zamanda yalnız Türkiyə deyil, onun müttəfiqləri də bu işdə iştirak etməlidir. Sonralar isə Rusiya və ABŞ arasında Suriya ilə bağlı müəyyən razılıq əldə olundu. Buna görə də Suriyaya girmək məsələsi gündəmdən çıxdı. Belə olan halda İran tərəfinin məlum bəyanatla çıxış etməsi doğru deyil. Çünki Ankaranın Suriyaya girəcəyinə dair rəsmi mövqeyi yoxdur”.
Ekspertin sözlərinə görə, Cənub qonşumuzun mövqeyi regionda və eyni zamanda Suriya məsələsi ətrafındakı vəziyyətin gərginləşməsinə xidmət göstərə bilər: "Elə bəyanatlar vermək lazımdır ki, münasibətləri kəskinləşdirməsin. Türkiyə rəsmi Tehranın bəyanatına adekvat yanaşarsa, bu ölkələr arasında soyuq müharibənin əsası qoyulmuş olar. Ona görə də həssas məsələlərdə sözü havaya buraxmaq olmaz. Bir az ehtiyatlı davranmaq lazımdır”.
E.Nəsirli söyləyib ki, hazırda Suriya deyil, İŞİD məsələsi daha aktualdır: "İndi Avropa və Amerikanın adıçəkilən terror dəstəsi ilə ciddi problemləri mövcuddur. Türkiyə Əsəd rejiminə deyil, İŞİD-ə qarşı mübarizə yolunu tutub. Hazırkı durumda beynəlxalq güclər də B.Əsədin devrilməsi məsələsinə fasilə veriblər. Amma buna sadə "pauza” kimi baxmaq olmaz. Çünki fasilə istənilən an pozula bilər və proseslər tamamilə əks müstəvidə inkişaf edər. Bu səbəbdən düşünürəm ki, iranlı deputatın mövqeyi regionda vəziyyətin sabitləşməsinə deyil, gərginləşməsinə xidmət göstərə bilər”.
Ayyət Əhməd