İranla gələn həftə razılaşma ola bilər

Azərbaycanlı ekspertlər isə hesab edir ki, Rusiya faktoru buna imkan verməyəcək




İranın nüvə proqramına dair 6-lıq ölkələrlə Tehran arasında aparılan 11 günlük danışıqlar prosesi sona çatıb. Ötən müddət ərzində tərəflər proqram ətrafında yaranmış ziddiyyətli məsələlərə dair danışıqlar aparıblar. Çinin xarici işlər naziri Van İn də danışıqlarda çox vacib nöqtəyə gəldiklərini açıqlayıb:

"Son bir neçə gündə müzakirələrdə müəyyən yeniliklər oldu. Lakin hələ bəzi problemlər qalmaqdadır. Biz problemin hamı tərəfindən qəbul olunacaq həllinə və genişmiqyaslı razılaşmanın olacağına inanırıq. Xüsusilə ABŞ-ın və İranın son qərarlarını verəcəyini düşünürük”. ABŞ dövlət katibi Con Kerri də sazişə heç vaxt bu qədər yaxın olmadıqlarını deyib. Dövlət katibi bildirib ki, İranla gələn həftə razılaşma əldə oluna bilər. Xatırladaq ki, 6-lıq ölkələrin şərtlərinə əsasən, İran nüvə proqramı əsasında aparılan təhqiqat və istehsalat prosesinin, təxminən, 70 faizini məhdudlaşdırmalı və nüvə zavodlarının olduğu yerlər tamamilə yoxlanılmalıdır. Amma hələlik İran Beynəlxalq Atom Enerjisi Agentliyinin ölkənin hərbi düşərgələrində yoxlama işləri aparması ilə razı deyil.

Tanınmış siyasi icmalçı Arzu Nağıyev deyib ki, rəsmi məlumatlara görə, yekun sənəd razılaşdırılıb. Lakin bir sıra ekspertlərin fikrincə, konkret müsbət dəyişiklik əldə edilməyib: 

"Yəni tam razılıq olmayıb. Rusiya XİN-in başçısı yekun şərh verməkdən imtina edib. Belə çıxır ki, İranın nüvə proqramına beynəlxalq nəzarət haqqında razılıq alınmayıb. Əsas müddəalardan bir neçəsi haqda razılıq olmasına baxmayaraq, son sənəd yenidən hazırlanmalıdır”. Politoloqun sözlərinə görə, bu sazişin imzalanması əsasən ABŞ, Avropa Birliyi və BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdikləri iqtisadi sanksiyaların ləğvi ilə nəticələnə bilər: "Bu isə İran iqtisadiyyatı üçün ən vacib məsələdir. Amma İranın xarici işlər nazirliyinin məlumatlarına görə, hələlik müxtəlif narazılıqlar mövcuddur. Düşünürəm ki, tam razılıq əldə edilməsi üçün əsasən Rusiya və ABŞ arasında barışıq olmalıdır. Çünki İranın nüvə texnologiyalarının işlənməsində və ümumiyyətlə proqramın həyata keçirilməsində Rusiyanın birbaşa iştirakı və marağı var. ABŞ-ı ən çox maraqlandıran məsələ isə İran ərazisindəki Natanz poliqonudur. ABŞ tərəfinin fikrincə, İranın nüvə proqramı ilk növbədə İsrail üçün, daha doğrusu, bu dövlət üzərində tam nəzarəti ələ keçirmək üçün nəzərdə tutulub. Bundan başqa nüvə silahının bir sıra terror təşkilatlarına ötürülməsi də mümkündür. Belə asanlıqla İranın razılığa gələcəyi də inandırıcı deyil”.

İsmayıl