"İrəvan rejimi bölgədə sülh istəyirsə, reallıqlara diqqət yetirməlidir" - Professor





"Nəinki müxtəlif millətlər və etnik qruplar arasında, zaman-zaman hətta doğmalar arasında belə müəyyən problemlər yaşanır. Ancaq əsas odur ki, mövcud problemlər etnik qarşıdurmaya çevrilməsin”.

Bunu "Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Ekspert bildirib ki, birgəyaşayışı təmin etmək üçün ermənilər absurd və təhlükəli tələblərinə, ərazi iddialarına son qoymalıdırlar: 

"Dağlıq Qarabağ münaqişəsi başlamazdan əvvəl uzun müddət regionda ermənilərlə azərbaycanlılar bir yerdə yaşayıblar. Daha sonra isə erməni şovinistləri və ekstremistləri azərbaycanlıları yurdlarından qovublar. Lakin bu o demək deyil ki, artıq hər şey bitib və azərbaycanlıların orada yaşamaq ixtiyarı yoxdur. Gec-tez qaçqın və məcburi köçkünlər torpaqlarına qayıtmalıdır. Bu, mütləqdir. Ancaq problemin həlli üçün ardıcıl danışıqlar aparmalı, görüşlər keçirməli, icmalar arasında ümumi nöqtələr tapılmalıdır. 

Separatçılar tez-tez "Dağlıq Qarabağ xalqı” ifadəsini təkrar edirlər. Əlbəttə, bu, cəfəngiyyatdır, elə bir xalq yoxdur. Son illərə qədər Dağlıq Qarabağda azərbaycanlılar və ermənilər birgə yaşayıblar. Əgər İrəvan rejimi bölgədə sülhün və əmin-amanlığın olmağını istəyirsə, reallıqlara diqqət yetirməlidir. Təbii ki, bütün proseslər paralel getməlidir. Bir tərəfdən icmalar bir-biri ilə dialoq qurmalı, digər tərəfdən də rəsmilər arasında danışıqlar davam etdirilməlidir. Ən əsası isə beynəlxalq hüquq-normalarına riayət edilməlidir”.

İsmayıl