İrəvana verilən vaxt başa çatır

İlin sonlarında Qarabağla bağlı real danışıqlar başlayacaq
Minsk Qrupu “Kazan formulu”na əsasən Ermənistana təzyiq edəcək


Son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən proseslər baş verir. Bir sıra ekspertlər ilin sonuna doğru problemin həllində irəliləyiş olacağını iddia etsələr də, yaxın müddət ərzində müharibə ehtimalını önə çəkən politoloqlar da var. Hələlik görünən budur ki, aprelin 5-dən etibarən yaranan yeni situasiyada ən çox Rusiya fəallıq nümayiş etdirir. Lakin bu fəallıqda kifayət qədər ziddiyyətli yanaşmalar mövcuddur. Bəzi təhlilçilərə görə, rəsmi Moskva Azərbaycan və Ermənistana nəzarəti itirməmək şərtilə həqiqətən nəsə etmək istəyir. Başqa qisim analitiklər isə hesab edirlər ki, Kremlin niyyəti sadəcə vaxt udmaq və danışıqlar prosesini öz nəzarəti altında saxlamaqdır. "Rusiya konfliktdə ən balanslı mövqe tutan yeganə ölkədir”

Rusiyalı tanınmış politoloq Sergey Markov birinci qisim ekspertlərdəndir. Onun sözlərinə görə, ilin son aylarında Qarabağa dair real danışıqlar başlayacaq: "ATƏT-in Minsk Qrupu Dmitri Medvedyevin prezidentliyi dövründə "Kazan formulu”na əsasən Ermənistana təzyiq edəcək”. Dağlıq Qarabağın statusunun necə olacağına gəlincə, politoloq deyib ki, bu məsələ kifayət qədər uzaq tarixə saxlanacaq: "Sənədlərdə bu və ya başqa şəkildə vurğulanır ki, Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. "Kazan formulu” sözün həqiqi mənasında Minsk Qrupu tərəfindən zorla irəli aparılacaq. Özü də təzyiqlərin böyük hissəsi Ermənistan rəhbərliyinə olacaq. Ona görə də həm Ermənistan rəhbərliyi "vətənpərvər” ritorika ilə ruhlanmış vətəndaşlarına sübut eləməlidir ki, kompromis onun ölkəsinə daha sərfəlidir”. Rusiya Prezidentinin sözçüsü situasiyanın müvəqqəti anlaşmanın əldə olunmasına çox yaxın

olduğunu söyləyib: "Rusiya konfliktdə ən ölçülü-biçili mövqe tutan yeganə ölkədir. Yadda saxlamaq lazımdır ki, hər üç həmsədr dövlətdə - Rusiya, ABŞ və Fransada erməni lobbisi böyük nüfuza malikdir. Ancaq Rusiya tək ölkədir ki, burada həm güclü erməni, həm də güclü Azərbaycan diasporu var. O üzdən də Rusiya məsələdə ABŞ və Fransadan daha çox balanslı mövqe tutur”.

"Artıq zaman yetişib”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da bildirib ki, danışıqlar masasında irəliləyişə nail olmağın vaxtı çatıb: "Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib. Beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət bütün dünya düzəni və beynəlxalq ictimaiyyət üçün mütləqdir. Bu xüsusda, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsinə yönəlik cəhdlərin qəbul edilməməzliyi təmin olunmalıdır. Mənfi proseslərdən yan qaçmaq və onların qarşısını almaq üçün biz, Helsinki Yekun Aktının əsas prinsipləri, eləcə də ATƏT-in digər sənəd və qərarları da daxil olmaqla, beynəlxalq hüququn normalarına qəti riayət edilməsini təmin etməliyik”.

Erməni analitik, siyasi və beynəlxalq tədqiqatlar mərkəzinin direktoru Aqasi Yenokyan deyib ki, Ermənistanda Qarabağla bağlı gizli müzakirələr aparılır. Ola bilsin ki, bu müzakirələr "Lavrov planı” ilə bağlıdır. Onun sözlərinə görə, münaqişənin həlli ilə məşğul olan vasitəçilər Ermənistana öz daxili problemlərini həll etmək üçün vaxt verib: "Qarabağ məsələsində Ermənistanın güzəştə getməsi aktual olaraq qalır. Sadəcə olaraq, bizim bunun qarşılığında nə alacağımız dəqiq bilinmir. Yalnız artıq bilirik ki, hakimiyyət ərazilərin qaytarılması haqda danışmaqdan daha çəkinmir”. Yenokyan əlavə edib ki, Rusiyanın irəli sürdüyü "Lavrov” planı rayonların qaytarılmasını nəzərdə tutur: "Əslində, İrəvanda baş verən hadisələr Ermənistan üçün təhlükəli olan bu planın həyata keçməsinin qarşısını aldı. Lakin bu, müvəqqətidir. Ermənistana vaxt verilib və bu vaxt yaxınlarda bitəcək. Ermənistan daxilindəki gizli müzakirələri nəzərə alsaq, artıq vaxtın bitdiyini də deyə bilərik”.

Həmsədrlər XİN rəhbərləri ilə görüşəcək

Bu ayın sonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər. Bu barədə Ceyms Uorlik məlumat verib: "Həmsədrlər tərəflərlə təmasları davam etdirir. Moskvada Ermənistan və Azərbaycan prezidentləri arasında Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılıqların həyata keçirilməsini müzakirə etməyi nəzərdə tuturuq. Həmçinin, danışıqlar masasındakı hərtərəfli həllə gətirib çıxaracaq təkliflər də daxil olmaqla, növbəti addımlar barədə müzakirələr aparmağı planlaşdırırıq”.

"Münaqişənin həlli Rusiya və Türkiyə arasındakı anlaşmadan asılıdır”

Tanınmış siyasi şərhçi Azər Rəşidoğlu "Şərq”ə açıqlamasında danışıqlar prosesinin müxtəlif formada davam edəcəyini deyib. Ekspertin sözlərinə görə, hərbi əməliyyatların bərpası real görünmür: "Təbii ki, münaqişə zəminində ara-sıra hərbi toqquşmalar olacaq. Amma irimiqyaslı müharibə başlamayacaq. Çünki hazırkı dönəmdə bölgədə savaş maraqlı güclər tərəfindən qəbul olunmur. Regionda sabitliyin pozulması siyasi əlaqələrlə yanaşı, iqtisadi layihələrin də sıradan çıxmasına gətirib çıxara bilər. Münaqişənin həlli Rusiya və Türkiyə arasındakı anlaşmadan asılı olacaq. Rusiya çalışır ki, Dağlıq Qarabağa "sülhməramlı” adı ilə öz qoşunlarını yerləşdirsin. Əgər Türkiyə ilə razılaşmaq mümkün olarsa, çox güman ki, Ankara və Moskvanın Bakıya təzyiqləri vahid mərkəzdə cəmləşəcək. Şübhəsiz ki, rəsmi Bakı heç vaxt buna razılıq verməyəcək”.

"Ermənistan hər vasitə ilə sülh danışıqlarından qaçır”

Politoloq bildirib ki, hazırkı etapda münaqişənin istər mərhələli şəkildə, istərsə də hansısa həll paketi çərçivəsində çözülməsi və tərəflərin ilkin razılığa gəlməsi mümkün görünmür: "İşğalçı Ermənistan hər vasitə ilə sülh danışıqlarından qaçır. Azərbaycan tərəfinin zaman-zaman baş vurduğu hərbi əməliyyatlar daha çox düşmən ölkəni kompromisə çəkmək məqsədi güdür. Bu baxımdan, danışıqların davam edəcəyini, müəyyən pozitiv açıqlamaların olacağını, bununla yanaşı, atəşkəsin ara-sıra pozulacağını proqnozlaşdıra bilərik. Amma ciddi təkliflərin olacağı və ilin sonuna kimi müharibə başlayacağı ehtimalları inandırıcı deyil”.

İsmayıl