İrəvanda dəyər və prinsiplər saxtalaşdırıldı

Frankofoniya sammiti Ermənistanın bir daha iç üzünü açdı



Ötən həftəsonu İrəvanda keçirilən Frankofoniya sammiti Ermənistanın və onun yeni rəhbərliyinin arzuladığı nəticələri vermədi. Sammitin gedişatı göstərdi ki, təzəlikcə işğalçı ölkəni də öz qoynuna almış bu qurum əslində "ölü təşkilat”dır. Bunu sammitin gedişində qurumun baş katibi Mişel Jan özü də bəyan etdi. Əslində aydın idi ki, öz qonşusunun 20 faiz ərazisini illərdir işğalda saxlayan, 1 milyona yaxın əhalisini doğma yurdundan didərgin salan, Xocalı soyqırımını törədən bir ölkənin dünyada sülhün və əmin-amanlığın təşviq edilməsi missiyasını öz üzərinə götürmüş təşkilatın nüfuzunu daha da aşağı salacaq. Çünki təcavüzkar ölkənin paytaxtında belə bir ali tədbirin düzənlənməsi bəşəri dəyərlərə həqarətdir. 

Söz yox ki, Ermənistan qurumun növbəti sammitinin İrəvanda keçirilməsinə nail olmaqla özü haqda mədəni dövlət imici yaratmaq, işğalçı obrazını unutdurmaq məqsədi güdürdü. Eyni zamanda, 5 aydır Ermənistanın başına keçən Nikol Paşinyan qurumun siyasi dəstəyinə nail olmağa çalışırdı. Lakin düşmən ölkənin rəhbərliyi arzusuna çata bilmədi. Sammit çox sönük keçdi və dünyanın aparıcı KİV-lərinin diqqətinə layiq görülmədi.

 Bundan əlavə, sammitin yekun bəyannaməsində erməni tərəfinin cəhdlərinə rəğmən, Qarabağla bağlı ermənipərəst maddə əlavə edilmədi. Paşinyanın Makronun siyasi dəstəyini və şəxsi simpatiyasını qazanmaq cəhdləri də uğursuz oldu. Fransa Prezidenti israrlara rəğmən, Paşinyana şəxsi simpatiya bəslədiyini deməyib. Əksinə, faktiki işarə edib ki, hələ proses gedir və Paşinyana bu prosesin sonunda qiymət veriləcək.

Ermənistanın beynəlxalq sammit biabırçılığını "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, İrəvanda keçirilən Frankofoniya sammiti daha çox uğursuzluğu ilə yadda qaldı. Siyasi şərhçinin sözlərinə görə, beynəlxalq tədbirlər sabitliyə, təhlükəsizliyə, dinc yanaşı yaşamağa və əməkdaşlığa xidmət edirsə, o zaman alqışa layiq olur. Ancaq oktyabrın 12-də başa çatan XVII Beynəlxalq Frankofoniya Təşkilatının sammitində bu prinsiplərə əməl edilmədi: 

"Ruandanın xarici işlər naziri Luiz Muşikivabo təşkilatın yeni baş katibi seçilib. O, bu postda Mişel Janı əvəz edib. Onun işinə bu cür qiymət vermək olar: - Saxta erməni soyqırımından danışdılar, Nikol Paşinyanı təriflədilər, yedilər, içdilər, Azərbaycanın rəqs havalarına qol götürüb oynadılar və dağılışdılar. Çünki bu qurum beynəlxalq səhnədə çox yersiz və ictimai-mədəni yükü olmayan bir təşkilatdır. Qurumun himayədarı və lideri Fransadır. Fransa Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biridir. Odur ki, tədbirdə Dağlıq Qarabağ və soyqırım məsələləri ilə bağlı deyilən fikirlər regional təhlükəsizlik baxımından maraqlıdır. Təşkilatın keçmiş baş katibi Mişel Janın paylaşdığı fikirlər təşkilatın vəziyyətini göstərir. O, "Twitter” səhifəsində yazıb ki, "təşkilat dəyər və prinsipləri saxtalaşdırdığından artıq ölüyə çevrilib”.

Ekspert vurğulayıb ki, Frankofoniyadakı vəziyyət Fransa Prezidenti Emmanuel Makronla Janın çıxışları arasında konseptual fərqlərdə də özünü göstərib: "Jan baş katib vəzifəsinə yenidən seçilmək üçün Fransanın dəstəyini ala bilməyib. Bu, özünü onun Sammitdəki tənqidi çıxışında da büruzə verib:

 - "Beynəlxalq təşkilatın şəxsi məqsədlərə xidmət etdiyini qəbul etməyə hazırıq. Real politika, dövlətlər arasında xırda anlaşmalar və ya şəxsi maraqlar naminə "demokratiya, hüquqlar və azadlıqlar” kimi anlayışlar yalnız sadə sözlər səviyyəsinə endirilsin...” Dezinformasiya və təbliğat üzrə ixtisaslaşmış fransız mediası Janı nüfuzdan salmaq üçün təşkilatın vəsaitlərini şəxsi məqsədlər üçün istifadə etdiyini, yarım milyon avro xərcləyərək iqamətgahını təmir etdirdiyini, xarici səfərlərdə çoxlu pullar xərclədiyini yazıb. Fransa mətbuatının yaydığı məlumata əsasən, o, Parisdə Eyfel qülləsinin yaxınlığında dövlət hesabına çox böyük malikanə tikdirib. Bunun üçün o, dövlət büdcəsindən yarım milyon avro xərcləyib. 

Bunlar, təşkilata başçılıq edənlərin, yaxud onları bu vəzifəyə gətirənlərin mənəvi-əxlaqi qabiliyyətini göstərir. Beynəlxalq ictimaiyyət sammit zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə Fransa Prezidenti Emannuel Makronla əslən Kanadadan olan Mişel Jan qarşıdurmasının şahidi olub. Qarşıdurma bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü idi”.

Analitikin sözlərinə görə, rəsmi İrəvan bu tədbirdə bir neçə maraq güdürdü:

 "Məqsəd hakimiyyətə gələn yeni siyasi qüvvələrin beynəlxalq nüfuzunu artırmaq, ölkə ictimaiyyətinə dünyada sayıldıqlarını göstərmək, Azərbaycan və Türkiyəyə qarşı çıxışlar edərək özünü yazıq, əzilən kimi təqdim etmək idi. Ancaq baş verənlər onların məqsədlərinə nail olduqlarını deməyə əsas vermir. Təşkilatda heç bir rolu olmayan Ermənistan sadəcə qulluq göstərdi. Bu zaman onlar saxtakarlıqlarından da əl çəkmədilər. Sammit iştirakçıları erməni musiqisi kimi təqdim edilən Azərbaycan havalarına - "Duy-duy”, "Xurcunu”, "Köçəri” və "Basqalı”ya oynadılar”.

İsmayıl