İrəvandakı aksiyalar hakimiyyətin oyunudur

Sarkisyan istəyir ki, xalqın qəzəbini Kremlə doğru yönəltsin




Dünən Ermənistanın paytaxtı İrəvanda Rusiya əleyhinə etiraz aksiyası baş tutub. Məlumata görə, nümayişçilər Rusiyanın Dağlıq Qarabağdakı son hadisələrdə tutduğu mövqeyə və Moskvanın Bakıya silah satışına etiraz ediblər. Qeyd edək ki, aksiya yerli vaxtla saat 18:30-da İrəvanın Azadlıq meydanından başlayıb və Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında davam edib.

Bundan başqa qeyd edək ki, Ermənistan Rusiya Baş nazirinin müavini Dmitri Roqozini "qara siyahı”ya salmaq istəyir. Bu barədə Ermənistanın "Aykakan Jamanak” qəzeti xəbər yayıb. Qəzet yazıb ki, D.Roqozin "Exo Moskva”ya müsahibəsində Azərbaycana silah satışı ilə bağlı Ermənistanın narazılıq etməsindən danışarkən kobud ifadələrdən istifadə edib.

Ermənistanda Rusiya əleyhinə yaranmış aqressiyanın səbəblərini şərh edən politoloq Natiq Miri "Şərq”ə söyləyib ki, düşmən ölkədəki narazılıqlar Sarkisyan hakimiyyətinin yarıtmaz siyasəti ilə bağlıdır. Çünki Qarabağ cəbhəsində Ermənistan ordusu çox ciddi zərbə aldı: "Təbii ki, bu zərbə və itkilər kontekstində Ermənistan ictimaiyyətinin ciddi surətdə xəyal qırıqlığına uğradığı və hakimiyyətdən narazı qaldığı bəllidir. Ona görə də Sarkisyan hakimiyyəti Qarabağ ideologiyası üzərindən erməni xalqını konsolidə etmək istəsə də, bu alınmadı. S.Sarkisyanla və Levon Ter-Petrosyan arasında görüş keçirildi. Görüşün məqsədlərindən biri də Ermənistan toplumunu bir araya gətirib, hakimiyyət və Qarabağ ideologiyası ətrafında toparlamaqdan ibarət idi. Bu da baş tutmadı. Xalqda çox böyük qəzəb var. Artıq hər kəs gördü ki, 22 il müddətində Qarabağ klanının formalaşdırdığı ordu çox zəifdir. Xalq şahidi oldu ki, Sarkisyan hakimiyyəti erməniləri aldadıb. Bu səbəbdən Sarkisyan hakimiyyəti xalqda olan qəzəbi başqa bir tərəfə yönəltməyə çalışır. Həmin istiqamət də Moskvadır. Bir sözlə, Sarkisyan hakimiyyəti xalqda anti-Rusiya ovqatı yaratdı. Dünənki etiraz aksiyası süni şəkildə təşkil edilib. Bu, xalqın içərisində yaranmış etiraz dalğası deyil. Əksinə, hakimiyyət tərəfindən təşkil olunmuş etiraz dalğasıdır”.

Ekspertin qənaətincə, Sarkisyan hakimiyyəti bilir ki, Moskvaya təzyiq göstərməklə və Rusiyadan Azərbaycana silah verilməsinin qarşısını almaq mümkün olmayacaq: "Bu məlumdur. Azərbaycana silah satmaq Rusiyanın dövlət maraqları olduğu üçün İrəvan Moskvanı bundan vaz keçirə bilməz. Sarkisyanın əsas məqsədi budur ki, ölkəsində Rusiyaya qarşı aqressiya yaratmaqla xalqın qəzəbini öz hakimiyyətinin üzərindən Kremlə doğru yönəltsin. İkincisi, Sarkisyan bu cür etirazlarla beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyirlər. Dünyaya onu nümayiş etdirməyə

çalışırlar ki, guya həqiqətən erməni xalqı anti-Rusiya ovqatı ilə hakimiyyət ətrafında sıx birləşib. Bununla da separatçı sülh danışıqları masasında Ermənistan hakimiyyətinin mövqeyini gücləndirmək istəyirlər. Məsələ bu iki məqsəddən ibarətdir”.

Ayyət Əhməd