“İşıq”ın mətbuat tariximizdə qoyub getdiyi iz silinmədi
“Şərq qadını” Ayna Sultanovanın rəhbərliyi ilə yola çıxdı
Hər zaman qadın və kişi hüquqlarının bərabərliyi, eyni zamanda, bərabərsizliyi cəmiyyət arasında müzakirə mövzusu olub. Mövzunun lazımi kimi qəbul və həll edilməməsi də zaman-zaman müəyyən problemlərə yol açıb. Bu problemlərin işıqlandırılması və maarifləndirmə işinin aparılması da əsasən medianın üzərinə düşür. Hələ ötən əsrin əvvəllərində böyük ədiblərimizdən biri olan Yusif Vəzir Çəmənzəminli Kiyevdən Azərbaycanda çıxan ilk qadın məcmuəsinə göndərdiyi təbrik məktubunda yazıb: "Xanımlar qəzetəsi dedikdə, ən əvvəl "arvad məsələsi” yada düşür. "Arvad məsələsi” də insanlar üçün həyati və zəruri bir məsələdir...”
Bəli, Azərbaycanda "insanlar üçün həyati və zəruri bir məsələni” əhatə edən qadın mətbuatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Elə bir zamana ki, qadın problemi, ona münasibət, insan hüquqlarının qorunması kimi qəliz məsələlər əsrin ilk onilliyində çıxan demokratik ruhlu qəzet və jurnalların əhatə dairəsinə sığmadı, ictimaiyyətin diqqətində olan qadınların maarifləndirilməsi, qadın azadlığı məsələləri qadın mətbuatının yaranması zərurətini doğurub.
(... əvvəli ötən sayımızda)
1911-ci ildə çap olunmağa başlayan "İşıq” məcmuəsi cəmi iki il ömür sürsə də, o nəinki XX əsrin əvvəllərində Azərbaycan qadınlarının gözlərinə işıq, zəkalarına nur olub, islam dünyasının qanunları ilə ömür sürən qadınların şüarlarını silkələyib, o həm də Azərbaycan mətbuatı tarixində qadın mətbuatının bünövrəsini, ənənəsini yaradıb, qadın problemlərinin mətbuatda həllinin zəmini olub. "İşıq” qaranlıq mühitin, cəhalətin qurbanı olub. Bir tərəfdən cəhalətpərəst adamların təzyiqləri, digər tərəfdən iqtisadi və maliyyə çətinliyi onu yaşamağa qoymayıb. Lakin onun mədəniyyət və mətbuat tariximizdə qoyub getdiyi nəcib iz hələ də silinməyib. Qısa müddət fəaliyyətindən sonra "İşıq” söndürülsə də, lakin onun şöləsinin hərarəti ilə oyanıb ictimai-mədəni həyata qoşulmuş qadınları, ziyalılarla yanaşı, Azərbaycanın hər yerindən "İşığ”ın oxucusuna və müəllifinə çevrilmiş sadə qadınların, Tiflisdən, Kiyevdən, Dağıstandan, Moskvadan, Peterburqdan, Xarkovdan ona məktub göndərənlərin alovunu səngitmək mümkün olmadı. Onlar "Molla Nəsrəddin”, "Yeni Füyuzat”, "Məktəb”, "Dirilik”, "İqbal”, "Açıq söz”, "Azərbaycan” kimi jurnal və qəzetlərdə çıxışlar edib, qadınların problemlərinin diqqət mərkəzindən uzaqlaşmasına imkan verməməyə çalışıblar. Amma qadınların özlərinə məxsus mətbuat orqanına olan ehtiyacı bununla aradan qalxmadı. 1918-20-ci illərdə qadın hərəkatının vüsət alması bu zərurəti daha da reallaşdırdı. ADR hökuməti bu hərəkatı istiqamətləndirmək niyyətilə qadınlar üçün ayrı-ayrı səhifələr, sonra "Zəhmətkeş qadınların yolu” və "Qafqaziya zəhmətkeş qadınların yolu” adlı bir sıra qəzetlər nəşr edib. Daha sonra 1922-ci ildə "Zaqafqaziya zəhmətkeş qadını” adlı jurnal çap olunub. Tiflisdə çıxan bu jurnal Azərbaycan, gürcü və erməni qadınlarına onların hüquqları barədə anlayış verməyə cəhd edib, onları azadlığa çağırıb. Təbii ki, bu da Azərbaycan qadınlarının öz mətbuatına olan tələbatını ödəmirdi. Eləcə də, o biri respublikaların qadınları öz ana dilində nəşr olunan mətbuat orqanına ehtiyac duyduqlarını bildirirdilər.
... "Şərq qadını” Azərbaycan qadın mətbuatının məşəli olub, yana-yana yaşadı
Beləliklə, 1923-cü ildə Azərbaycan Qadınlar Şurasının orqanı olan "Şərq qadını” jurnalı işıq üzü görüb. Onun ilk sayı həmin ilin noyabrında çap olunub. Jurnalın ilk redaktoru Ayna Sultanova
olub. 20-ci illərdə ərəb əlifbası ilə çap olunan "Şərq qadını” da qadınlara azadlıq, bərabərlik ideyaları aşılayır, maarif və mədəniyyətdən yazıb. Amma bütün bunların hamısı kommunizm ideologiyasının süzgəcindən keçirilib oxuculara təqdim olunub. "Şərq qadını” öz növbəsində tərəqqipərvər müəllimlərin və ictimai xadimlərin qüvvəsinə arxalanaraq qadın təhsilinin, məktəbəqədər tərbiyənin mühüm problemlərinin həllində görkəmli rol oynayıb. Azərbaycanda qadınların, qızların təhsili, qız məktəblərinin, kursların təşkili, burada aparılan təlim-tərbiyə işi məsələlərinə jurnal səhifələrində müntəzəm yer verilib. Bu jurnal "İşıq” ilə təməli qoyulmuş nəcib işin layiqli davamçısı olub və üzərinə düşən missiyanı uzun illər boyu yerinə yetirib. "İşıq” bir qığılcım kimi işarıb tez söndüsə də, "Şərq qadını” Azərbaycan qadın mətbuatının məşəli olub yana-yana yaşadı. "Şərq qadını”nın bir tarixi rolu da odur ki, azad nəfəsli, xoş məramlı mətbuat orqanının ətrafında Azərbaycanın bütün savadlı, oxumuş, mübariz qadınları toplaşmışdılar. Jurnal qadın publisistlərin, şair və yazıçıların yetişməsi üçün bir məktəb rolunu oynayıb. Elmə, mədəniyyətə, incəsənətə, təbabətə marağı olan qadınların, qızların ilk məqalələri jurnalın səhifələrində dərc edilib. "Azərbaycan qadını” jurnalının ilk sayının işıq üzü görməsindən artıq 92 il ötüb. Azərbaycanda və müsəlman Şərqində ilk qadın jurnalının təsis olunması barədə qərar qəbul ediləndə ictimai həllini gözləyən o qədər problem üst-üstə yığılmışdı ki... Savadsızlığın ləğvi, qadınların köləlikdən qurtulması və ictimai-faydalı əməyə cəlb edilməsi, onların sağlamlığına qayğı, uşaqların tərbiyəsi... Bu kimi vacib məsələlər yenicə nəşrə başlayan və dövründə qeyri-adi təsir bağışlayan jurnalın aktuallığını artırırdı.
Jurnalın ilk adı "Şərq qadını” olub. Onun ərəb qrafikasıyla çap edilən ilk nömrələri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fondlarında səliqə ilə qorunur. 1923-cü ildə iki dəfə - noyabr və dekabr aylarında oxucuların görüşünə gələn jurnalın redaksiya heyətində Şəfiqə Əfəndizadə, Mədinə Qiyasbəyli, Xanımnaz Əzizbəyova və Mina Mirzəyevanın adına rast gəlmək olur. 1924-cü ilin ilk sayından Ayna Sultanovanın baş redaktorluğu ilə yoluna davam edən mətbu orqan ayda bir dəfə işıq üzü görüb. Tədricən redaksiya heyəti də genişlənir və onun tərkibinə Xavər Şabanova və Fatimə Hacinskayanın adları əlavə olunur. Qadınları təhsilə, köləliklə mübarizəyə, fəal həyata səsləyən belə bir jurnalın işıq üzü görməsi, əlbəttə ki, dövründə böyük əks-səda doğurub. Sadə, ağ-qara fotoşəkillərlə illüstrasiya olunmuş məqalələr, həmin illər ictimai həyatda fəal iştirak edən, müxtəlif sənətləri, peşələri mənimsəyən qadınlarımızın uğurları barədə ətraflı yazılar dönə-dönə oxunub, əldən-ələ gəzib. Hər nömrəsi maraqla qarşılanan, bütün Şərq aləminə, o cümlədən keçmiş SSRİ respublikalarına yayılan jurnal yenilik carçısı, qadınların pozulmuş hüquqlarının müdafiəçisi kimi çıxış edib. Tariximizin bu yazılı səhifələrini bu gün biz böyük iftixarla vərəqləyirik. İlk baxışdan solğun, saralmış görünən bu səhifələr əslində öz dövrünün və bizim yaxın keçmişimizin aynasıdır. Bu dövrdə dünyanın müxtəlif qitələrində qadınların qazandığı uğurlara, məişət məsələlərinə diqqət artırdı. Tirajı 7750 nüsxə olan "Şərq qadını” jurnalı bütün müsəlman Şərqində qadınlara ünvanlanmış çox populyar nəşrə çevrilib. Bu da aydındır, Azərbaycan qadınlarının qabaqcıl təcrübəsi haqqında məqalələr, qeydlər, hekayələr, habelə yerlərdən daxil olan tənqidi çıxışlar, fotoşəkillər və karikaturalar sayəsində jurnalın oxucuları XX əsrin əvvəlində baş verən ictimai proseslər haqqında ətraflı məlumat əldə edirdilər. Sözsüz ki, jurnalın populyarlığı digər Şərq ölkələrində, eləcə də bir çox sovet respublikalarında oxşar nəşrlərin yaranmasına gətirib çıxarır. Sanki azərbaycanlı bacısının əlindən estafet alan bu nəşrlər də qadınları elmə, təhsilə yiyələnməyə, ictimai həyatda nailiyyətlər qazanmağa səsləyirdi. İctimai-siyasi və ədəbi-bədii aylıq jurnalda Azərbaycan qadınlarının ölkənin sosial və mədəni həyatında iştirakına, elm, təhsil, səhiyyə və incəsənət sahələrindəki nailiyyətlərinə dair yazılar dərc edilirdi. O, Azərbaycanda ədəbi-bədii fikrin, mədəniyyətin inkişafında, qadın yazıçı və publisistlərin yetişməsində mühüm rol oynadı. Şəfiqə Əfəndizadə, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Ələviyyə Babayeva, Xalidə Hasilova, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli və başqalarının bir sıra əsərləri ilk dəfə burada dərc edilib. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Abdulla Şaiq və digər görkəmli ədiblərimiz jurnalın nəşrinə hər zaman kömək göstərib, müxtəlif yazıları ilə onun səhifələrində çıxış ediblər. "Şərq qadını”nın materialları arasında dünya xalqlarının ədəbiyyatı nümunələri də dərc olunur, uşaqlar üçün şeir və hekayələr, folklor nümunələri verilib. Bu illərdə jurnalın redaksiya heyətində də dəyişiklik olmuşdu. Ayna Sultanovadan sonra, 1931-1937-ci illərdə jurnalın fəaliyyətinə Gülarə Köylü qızı Qədirbəyova rəhbərlik edib. 30-cu illərdə jurnal qadınlar arasında sənayeləşmənin, kooperativləşmənin təbliğinin tribunasına çevrilib, onun səhifələrində kolxoz, sovxoz quruculuğu, əmək fəallığı məsələləri xüsusi yer alıb, zərbəçi qadınlar öyülüb. Jurnalın redaktoru, tanınmış ictimai xadim, publisist Gülarə Köylüqızı həbs olunub sürgünə göndəriləndən sonra, 1938-ci ilin fevralından etibarən "Şərq qadını”nın adı da dəyişdirilib.
Şəymən
(davamı olacaq...)