Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək
Dünən, Özbəkistan Prezidenti İslam Kərimovun vəfat etməsi xəbəri rəsmən təsdiqlənib. Bu barədə "Reuters” agentliyi Özbəkistan hökumətinin saytına istinadən məlumat yayıb. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.
Qeyd edək ki, İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə doğulub. 1989-cu ildə Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilib, sonra Özbəkistan SSR-in Prezidenti, SSRİ dağıldıqdan sonra isə müstəqil Özbəkistanın Prezidenti olub.
Özbəkistanın yerli və bəzi xarici KİV-ləri Prezident İslam Kərimovun ata yurdu olan Səmərqənddə dəfn mərasiminin keçirilməsinə hazırlıq işlərinin sürətlə aparıldığını bildirir. "Reuters” agentliyinin məlumatına görə, şəhərin mərkəzi küçələrində genişmiqyaslı təmizlik işləri keçirilir. Yerli "Fərqanə” xəbər agentliyi də İslam Kərimovun Səmərqənddə dəfninə hazırlıq işlərinin aparıldığını bildirir. Nəşr, sentyabrın 1-də çəkildiyi iddia edilən şəkillərə əsaslanaraq bildirir ki, Özbəkistan lideri iki qardaşı və anasının məzarı yanında dəfn olunacaq. 78 yaşlı Özbəkistan liderinin dəfn mərasiminin sentyabrın 3-də keçiriləcəyi deyilir. Məlumata görə, yerli vaxtla 23.00-da göyərtəsində İ.Kərimovun cəsədi olduğu təyyarə paytaxt Daşkənddən Səmərqəndə yola düşüb. Agentliyin məlumatına görə, MDB ölkələri və digər xarici dövlətlərin rəsmi şəxsləri vida mərasimində iştirak etmək üçün Özbəkistana səfər edəcək. Yerli "Azadlıq” radiosu Özbəkistanın Baş naziri Şövkət Mirzəyevin Səmərqəndə gəldiyini bildirib. Şəhərdə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib, mərkəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Binəli Yıldırım başsağlığı verib
Türkiyənin Baş naziri Binəli Yıldırım Özbəkistan Prezidenti İslam Kərimovun ölümü ilə bağlı başsağlığı verib. Məlumata görə, Baş nazir bu barədə Türkiyədə 65-ci hökumətin 100 günü ilə bağlı keçirdiyi iclasda bildirib: "Özbəkistan Prezidenti dünyasını dəyişib. Allah rəhmət eləsin. Türkiyə Cümhuriyyəti adından Özbəkistan xalqına dərin hüznlə başsağlığı verirəm”. Baş nazir bu barədə məlumatı haradan aldığını açıqlamayıb. Hökumətin iclası bəzi televiziyalarla canlı yayımlanıb. Xatırladaq ki, bu gün səhər saatlarında Özbəkistan Nazirlər Kabineti xəstəxanada olan İslam Kərimovun vəziyyətinin kritik olması barədə məlumat yayıb. Şübhəsiz ki, İ.Kərimovun dünyadan köç etməsi Özbəkistan və eyni zamanda Azərbaycan cəmiyyətində "İslam Kərimovsuz Özbəkistanı nə gözləyir” kimi suallar yaradıb. Biz də bu suala cavab tapmaq məqsədilə politoloq İlqar Vəlizadə ilə əlaqə saxladıq. Ekspert söylədi ki, Prezidentin vəfat etməsinə baxmayaraq bu ölkədəki mövcud hakimiyyət öz yerində qalacaq: "Yəni hakimiyyətdə aparıcı insanlar və ya güclər işlərini davam etdirəcəklər. Həmin insanlar uzun illərdir formalaşıblar. Hakimiyyətdə böyük nüfuza malik olan qrup qabağa çıxıb hakimiyyəti əlində saxlayacaq. Bu da, deməyə əsas verir ki, Özbəkistanın daxili və xarici siyasətində dəyişiklik baş verməyəcək. Müxtəlif ehtimallar var. Gah deyirlər, Özbəkistanda hakimiyyətə ruspərəst qüvvələr gələcək, gah da iddia edirlər ki, Qərbyönümlülər gələcək. Hesab edirəm ki, bunlar fərziyələrdir. Çünki İ.Kərimovun dövründən sistem elə qurulub ki, bu ölkəyə xaricdən təsir minimuma endirilib. İndiki hakimiyyət də bu təsiri minimum səviyyədə saxlamaqda maraqlı olacaq. Ona görə ki, xaricdən təzyiq olarsa, bu onlara müstəqil siyasət yürütməyə imkan verməyəcək”.
Azərbaycanla Özbəkistan arasındakı bundan sonrakı münasibətlərə diqqət çəkən ekspert bildirib ki, bu ölkələr arasındakı əlaqələr olduğu kimi qalacaq: "Özbəkistan bizə yaxın ölkədir. Vacib məsələlərdə Özbəkistan bizim yanımızdadır. Hətta Dağlıq Qarabağ məsələsində də yanımızdadırlar. Bu baxımdan, Özbəkistanın Azərbaycana münasibətinin mənfiyə doğru dəyişəcəyinə inanmıram”.
Ayyət Əhməd