İsrail-Azərbaycan münasibətləri İranı qıcıqlandırır

Cümşüd Nuriyev: "Belə çıxır ki, İran və Ermənistan arasındakı yaxın əlaqələrə qarşı da, Azərbaycan irad bildirməlidir"



İsarilin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri planlaşdırılan ərəfədə erməni katalikosu İrana səfər etdi. Azərbaycan isə bununla bağlı hər hansı irad bildirmədi.

Bunu Sherg.az-a israilin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən danışarkən, politoloq Cümşüd Nuriyev deyib. 

O bildirib ki, Azərbaycan müstəqil dövlət kimi maraqları çərçivəsində öz xarici siyasətini təşkil etdiyindən İranın bu münasibətlərə qarışması düzgün deyil: 

"Azərbaycanın İsrail dövləti ilə münasibətlərinin yüksək olması dövlətin və xalqın ölkəmizdə yaşayan yəhudilərə münasibətindən yaranan bir vəziyyətdir. Multikulturalizm ili elan edilməzdən əvvəl də azərbaycanlılar, yəhudilər və başqa xalqların nümayəndələri ilə yaxşı münasibətdə, tolerant şəraitdə yaşayırdılar. Azərbaycan - İsrail münasibətlərinin yaxşılaşmasının səbəblərindən biri də informasiya müharibəsində bu dövlətin ölkəmizə göstərdiyi köməkdir. Bununla bərabər Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rolu olan dövlətdir. İsrail əhalisinin əksəriyyətinin müsəlman olması da əlaqələrin genişləndirilməsinə müsbət təsir göstərir. Müasir texnologiyaların istehsalı baxımından öndə olan dövlətlərlə Azərbaycanın geniş əməkdaşlıqları mövcuddur. O cümlədən, mədəni, iqtisadi, hərbi sahədə əməkdaşlıq baxımından İsraillə yaxın əlaqələrimiz gələcəkdə daha da inkişaf etdiriləcək”.

C.Nuriyev bildirib ki, İranın iki ölkə arasındakı yaxın münasibətə qısqanclıqla yanaşması anlaşılan deyil: 

"Azərbaycan İranın bir hissəsi deyil ki, onun mövqeyindən çıxış etsin. Belə çıxır ki, İran və Ermənistan arasındakı yaxın əlaqələrə qarşı da, Azərbaycan dövlət səviyyəsində irad bildirilməlidir. Bundan başqa İran dövlət başçısı Həsən Ruhani azad iqtisadi zona yaradılması təşəbbüsü ilə çıxış edib. Rəsmi Bakı uzun müddətdir ki, Astarada və ya Naxçıvanda azad iqtisadi zona yaradılması barədə təkliflə çıxış edirdi, lakin bunlara əks mövqe sərgilənirdi. Hazırda isə qatı şiə dövləti olan İranın xristian dövləti ilə bu qədər yaxın əlaqələr yaratması anlaşılan deyil. Azərbaycan tərəfindən bütün bunların əleyhinə heç bir fikir söylənilmir. Bu təqdirdə İranın Azərbaycan və İsrail münasibətlərinə bu qədər qısqanclıqla yanaşması da düzgün deyil. Bizim öz dövlət maraqlarımız və xarici siyasətimiz var. Heç bir dövlətə xarici maneə yaratmadan onlara hörmətlə yanaşırıq. Qarşılıqlı şəkildə bu hörməti də görmək istərdik”.

Qeyd edək ki, bu gün İsrailin baş naziri Benyamin Netanyahu xanımı ilə birlikdə Azərbaycana gəlib. Hökumət başçısını hava limanında baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıb.

Aysel Aslan