“Hakimiyyət İmamoğlunun qələbəsini qəbul etməsə, ciddi xaos qaçılmaz olacaq”
“Bu həftə ciddi qarşıdurmalar yarana bilər ki, bu onsuz da Türkiyəyə qarşı dişini qıcamış xarici qüvvələrin məqsədlərinə xidmət edər”
Qardaş ölkə Türkiyədə ötən ayın sonuncu günü keçirilən bələdiyyə seçkilərinin hələ ki, rəsmi nəticələri açıqlanmayıb. Əsas problem isə İstanbuldakı səsvermə ilə bağlıdır. İlkin nəticəyə görə, İstanbuldan bələdiyyə başqanı Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu qalibdir.
O, əsas rəqibi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq baş nazir və parlament sədri Binəli Yıldırımı 28 min səslə qabaqlayıb. Bundan narazı qalan AKP isə saxtakarlıq iddiası ilə Yüksək Seçki Qurumuna (YSK) şikayət edib, səslərin təkrar sayılmasını istəyib. YSK-nın qərarı ilə İstanbulun 2 rayonunda bütövlükdə, digər rayonların da bəzi məntəqələrində bülletenlərin yenidən sayımına başlanıb. Son açıqlamaya görə, İmamoğlu ilə Yıldırım arasındakı səs nisbəti 21 mindir. Təkrar sayım prosesi isə aprelin 10-na kimi davam edəcək.
Bundan isə CHP narazılıq edir, təkrar sayımın hakim partiyanın təzyiqi ilə baş tutduğunu iddia edir.
Bəzi analitiklər isə hesab edir ki, İstanbul üzrə seçkilərlə bağlı gərginliyin davam etməsi, nəticələrə şübhə ilə yanaşılması, təkrar sayım Türkiyənin demokratik seçki sistemi imicinə kölgə salacaq.
Gərgin situasiyanın nə ilə yekunlaşacağı haqqında mülahizələrini "Şərq”ə bölüşən sabiq dövlət müşaviri Qabil Hüseynlinin qənaətincə, təkrar səs sayılması prosesi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi və YSK-ya müəyyən təzyiqi ilə həyata keçirilir. Onun sözlərinə görə bu hal, tamamilə qanunaziddir:
"Çünki YSK ilk dəfə belə açıqlamışdı ki, İstanbulda səslərin təkrar sayılmasına heç bir ehtiyac yoxdur. Amma AKP təkid etdi, şikayət göndərdi. Bundan sonra İstanbulun 2 rayonunda bütün seçki məntəqələri, 29 rayonunda isə müxtəlif seçki məntəqələri üzrə səslərin təkrar sayılması prosesi başladı. Etibarsız sayılan bülletenləri AKP xeyrinə etibarlı çıxarmaq istəyirlər. Məqsəd Yıldırımla İmamoğlu arasındakı səs fərqini azaltmaqdır. İstəyirlər İstanbulu özlərinə qaytarsınlar. Əgər bu baş versə, o zaman AKP-nin yığdığı səs 52 faizə qalxacaq, İmamoğlunun qalibiyyəti təsdiqlənsə 44 faizə düşəcək. AKP bələdiyyə sədrliyini CHP-nin əlindən alsa, düşünürəm ki, Türkiyədə misli görünməmiş gərginlik yaranacaq. Bu həftə ciddi qarşıdurmalar yarana bilər ki, bu onsuz da Türkiyəyə qarşı dişini qıcamış xarici qüvvələrin məqsədlərinə xidmət edər. Türkiyəyə seçkiləri saxtalaşdırmaqla bağlı beynəlxalq sanksiyalar tətbiq edilə bilər. Bunlar da qardaş ölkənin zəifləməsinə gətirib çıxaracaq”.
Politoloqun fikrincə, hazırda baş verənlər təhlükəli oyundur: "Proseslər o qədər sürətlidir ki, AKP hökuməti buna tam nəzarət etmək imkanında deyil. Bu gün Türkiyədə Ərdoğana qarşı güclü təşkilatlanma gedir. Vaxtilə prezidentin ətrafında olanlar, keçmiş baş nazir Əhməd Davudoğlunun rəhbərliyi altında partiya quruculuğu həyata keçirirlər. Üstəlik cəmiyyətdəki əhval-ruhiyyə də Ərdoğana qarşı çevrilməyə başlayır. İstanbul məsələsi son damla ola bilər ki, AKP hökuməti bunu ciddiyə almalıdır. Bələdiyyə sədrliyini təkrar səssayma ilə Yıldırımın xeyrinə həll edərlərsə, bu, AKP-nin çöküşü ilə nəticələnəcək”.
Q.Hüseynli hesab edir ki, Türkiyədə ağıllı adamlar, xüsusən də YSK-dakı şəxslər proseslərin nə ilə yekunlaşacağını dərk edirlər:
"Avantüra ilə hərəkət etmək yox, seçki qanunvericiliyinə əməl etmək lazımdır. Qanunvericiliyə görə də, səsvermə prosesi haqqında şikayət qəbul edilir, 2 gün ərzində baxılır, qərar verilir. İndi aprelin 10-na kimi səssaymanı davam etdirməyin mənası olmadığından əlavə də, qanunun kobud pozulmasıdır. Baş verənlər daxili narazılığı artırmaq cəhdindən və səslərini CHP-yə vermiş vətəndaşlara hörmətsizlikdən başqa bir şey deyil. AKP hökuməti anlamalıdır ki, bu siyasət xalq tərəfindən bəyənilmir. Pafoslu çıxışlar dövrü arxada qalıb. Seçicilər pafoslu çıxışların yox, səslərinin, hüquqlarının qorunmasını istəyirlər”.
Anar Bayramoğlu