"İstanbul və Ankaradakı məğlubiyyət AKP üçün böyük dərs oldu" - MÜSAHİBƏ

Azər Rəşidoğlu: "Məsələni daha da sərtləşdirmək Ərdoğana xeyir etməz"
"Artıq böyük şəhərlərin əldən getməsi etiraf olunmalıdır"


Türkiyədə 31 mart günü keçirilən bələdiyyə seçkiləri başa çatsa da, seçki ilə bağlı müzakirələr davam etməkdədir. Məsələ ondadır ki, ümumilikdə AKP və MHP-nin təşkil etdiyi "Cümhur İttifaqı” 51,67 faiz səslə qələbə qazanıb və Türkiyənin 81 şəhərindən 52-sində qalib olub. CHP, İyi, Səadət və HDP-nin təmsil olunduğu "Millət İttifaqı” isə səslərin 37,53 faizini əldə edib. Yəni hakim partiya ölkə miqyasında bələdiyyələrin böyük əksəriyyətini qazanıb. Lakin paytaxt Ankara, o cümlədən İstanbul və digər böyük şəhərlərdə müxalifətin namizədinin qələbə çalması ölkədə gərginliyin yaranmasına səbəb olub. AKP-nin etirazı üzərinə Yüksək Seçki Qurumu 7 rayonda səslərin yenidən hesablanmasına qərar verib. 

Türkiyədəki seçkilər mühüm bir məqamı da gündəmə gətirib. Daha doğrusu, bununla bağlı iddialar səsləndirilib. 

Məsələ ondadır ki, həm ölkə daxilindəki müxaliflər, həm də xaricdəki dairələr Türkiyədəki seçkiləri ilk dəfə olaraq demokratik seçki kimi dəyərləndiriblər. İddialara görə, hakim AKP əlindəki rıçaqlarla seçkiyə təsir göstərə, nəticələri dəyişdirə bilərdi. Amma buna getmədi, əksinə, demokratik seçkiyə şərait yaratdı. Təsəvvür edin, əvvəllər seçkinin nəticələrinə müxalifət etiraz edirdisə, indi hakim partiya YSK-ya şikayət ünvanlayır. Qardaş ölkədəki seçki prosesi və narazılıq yaradan nəticələrlə bağlı "Şərq”in suallarını cavablandıran tanınmış politoloq Azər Rəşidoğlu deyib ki, Türkiyədə hər zaman demokratik seçkilər olub...

- Azər bəy, Türkiyədə seçkilərin ilk dəfə bu qədər demokratik keçirildiyi və buna AKP-nin şərait yaratdığı iddialarını necə dəyərləndirirsiniz?

- Türkiyədə demokratik seçki keçirilməsini heç kəs əngəlləyə bilməz, çünki orada demokratik seçki ənənəsi və siyasiləşmiş cəmiyyət var. Ancaq indiki bələdiyyə seçkisinin nə qədər demokratik və şəffaf olması məsələsi bir qədər mübahisəlidir. Hakim AKP inzibati resurslarından istifadə edərək siyasi rəqiblərini media resurslarından məhrum etmişdi. İstər CHP-nin, istərsə də digər müxalifət partiyalarının mediaya çıxışı minimal həddə endirilmişdi. Bunun əksinə yüzlərlə kanal AKP-nin qələbəsini təmin etmək üçün iş aparırdı. 

Yəni bütövlükdə maliyyə resurslarına, media vasitələrinə sahib olan hakim qüvvə əl-qolu bağlanmış müxalifət ilə mübarizə aparırdı. Bu baxımdan bələdiyyə seçkisini tam demokratik seçki kimi dəyərləndirmirəm. Amma bir daha təkrar edirəm, Türkiyədə demokratik ənənə olduğuna, eyni zamanda eynilikdən bezən və mütəmadi "bay Kamal” şüarını eşitmək istəməyən kifayət qədər seçici AKP-nin rəqibinə səs verdi.

- Böyük şəhərlər, xüsusən İstanbul uğrunda gərgin mübarizənin səbəbi nədir? Heç paytaxt Ankara bu qədər müzakirə mövzusu olmadı...

- İstanbula sahib olmaq Türkiyəyə sahib olmaqdır. Ən əsası isə odur ki, artıq cəmiyyət 17 ildir hakimiyyətdə olan AKP-nin heç zaman məğlubiyyət yaşamayacağını düşünürdü. Ancaq bunun əksi baş verdi və AKP Türkiyənin ən iri sənaye şəhərlərində fiasko ilə üzləşdi. Nəticədə ictimai rəydə belə bir fikir formalaşdı ki, AKP və Ərdoğan nə vaxtsa hakimiyyətdən gedə bilər. Bu məqamlar ölkə rəhbərliyini ciddi narahat etməyə başladı. Hazırda İstanbulda seçkinin nəticələrinə yenidən baxılması məsələsi gündəmdədir. Hətta səslərin yenidən sayılması fonunda nəticənin dəyişə biləcəyi və Binəli Yıldırımın bələdiyyə sədri seçiləcəyi kimi söz-söhbətlər dolaşmaqdadır.

- Bunun reallaşması mümkündürmü? Nəticə dəyişərsə, müxalifətə səs vermiş insanların reaksiyası necə olar?

- Sözün açığı, inanmıram ki, hakim AKP, xüsusən Ərdoğan belə bir addım atsın. İstanbul hərraclar mərkəzidir, böyük şəhərdir. İstanbulda hansısa iqtisadi fəsadların ortaya çıxması ciddi problemlər yarada bilər. Bunları əvvəlcədən düşünmək əsas şərtdir. Milyonlarla insan İstanbulda Əkrəm İmamoğluna səs verib. Təsəvvür edin, nəticə dəyişir və milyonlarla seçici buna etiraz edir, küçələrə çıxır. Belə halda fürsət gözləyən HDP və hər zaman Türkiyəni küncə sıxmaqda maraqlı olan Amerika bundan istifadə edəcək.

 Güman edirəm ki, İstanbul və Ankaradakı məğlubiyyət AKP üçün böyük dərs oldu. Məsələni daha da sərtləşdirmək Ərdoğana xeyir etməz. Artıq böyük şəhərlərin əldən getməsi etiraf olunmalıdır. Özü də qısa zamanda elan edilməlidir. Düşünürəm ki, Qərb, xüsusən ABŞ Türkiyəni iqtisadi baxımdan sıxmaqda davam edəcək. AKP-nin böyük şəhərlərdə məğlub olması buna əsas verəcək. Türkiyə iqtisadi və siyasi təhlükələrlə üzləşəcək. 2023-cü il parlament və prezident seçkisinə qədər Ərdoğanın səslərində azalmalar davam edəcək. Bunun əksinə CHP və digər müxalif partiyalar nisbətən güclənəcək. MHP-nin də AKP ilə uzun müddət əməkdaşlığını istisna edirəm. Sadəcə indiki halda MHP düzgün taktika seçərək seçkiyə AKP ilə birlikdə qatıldı və nəticədə uğur qazandı. Baxmayaraq ki, zəif vəziyyətdə idi, amma koalisiyadan istifadə edərək müəyyən bələdiyyələri ala bildi.

- Əkrəm İmamoğlunun gələcək siyasi perspektivi yüksək dəyərləndirilir. Bu barədə düşüncəniz nədir?

- Bu seçkinin ən əsas nəticəsi odur ki, İstanbulda və Ankarada bələdiyyə sədri seçilən müxalif şəxslər gələcəkdə Ərdoğana prezident seçkisində ciddi rəqib olacaqlar. Xüsusən, Əkrəm İmamoğlunun parlaq seçki təbliğatı onun perspektivini artırır. Hesab edirəm ki, prezidentlik uğrunda mübarizədə, o cümlədən CHP-yə sədr seçimində ən güclü namizəd məhz İmamoğludur. O baxımdan inanmaq istərdim ki, Ərdoğan düşünülməmiş addım atmayacaq və İstanbulda Binəli Yıldırımın qələbəsini təmin etmək üçün inzibati resurslardan istifadə etməyəcək.

- İndiyə kimi keçirilən seçkilərdə müxalifət etiraz edirdi. Amma budəfəki seçkidə maraqlı da olsa etiraz edən qüvvə hakim partiya oldu. Bu mənzərəni necə şərh edərdiniz?

- Demokratik seçkilərdə istənilən tərəf, o cümlədən hakim partiya da məğlubiyyətə uğraya bilər. AKP bələdiyyə seçkisində özünün strateji baxımdan məğlubiyyətini dərk etdi. İndi ortaya hansısa mücərrəd qüvvənin təxribatını atmaq mənasızdır. AKP-nin ən böyük uğuru ondan ibarət idi ki, o, təbliğatında belə bir nüansdan istifadə edirdi: - "Biz o qədər demokratik partiyayıq ki, hətta böyük şəhərlərdə belə seçkini müxalifət udur. Bu da Türkiyədə diktatura var deyənlərə ən böyük cavabdır”. Bütün bunlardan sonra seçkinin nəticələrini dəyişdirməyə səy göstərmək absurd yanaşma olar. Ümid edirik ki, bu cür təbliğat qısa zamanda yığışdırılacaq.

- Amma nəticələri israrla rədd edənlər də kifayət qədər çoxdur...

- Maraqlı məqam odur ki, Türkiyədəki bələdiyyə seçkilərindən sonra Prezident Ərdoğan, Binəli Yıldırım və digər AKP rəsmiləri İstanbul və Ankarada öz məğlubiyyətlərini qəbul ediblər. Ancaq Azərbaycanda bəzi şəxslər Allaha and içirlər ki, bu şəhərlərdə AKP qələbə qazanıb. Bunlar yolverilməz olmaqla bərabər həm də gülünc yanaşmalardır.

- İYİ partiyanın perspektivi haqda nə düşünürsüz? Seçkinin nəticələri hansı təhlilləri aparmağa imkan verir?

- Güman etmirəm ki, İyi Partiyanın böyük perspektivi var. Türkiyədə millətçi kəsim hər zaman olub və rolu ifa edən Millətçi Hərəkat Partiyası olub. MHP "Cümhur İttifaqı” koalisiyasından maksimal dərəcədə istifadə edərək güclənməyə başlayıb. İstər maliyyə resurslarının artması, istərsə də parlament və ötən gün keçirilən bələdiyyə seçkisində əldə edilən uğurlar bunun göstəricisidir. MHP-dəki yeganə problem sədr Dövlət Baxçalının şəxsinə olan münasibətdir. Lakin buna rəğmən İyi Partiyanın deyil, MHP-nin gələcəkdə daha da güclənməsi müşahidə olunacaq. Milliyətçi kəsimin içərisində istər Türkiyəyə, istərsə də digər türk respublikalarına, xüsusən Azərbaycana isti münasibət sərgiləyən təbəqə məhz MHP-nin ətrafında formalaşacaq.

- CHP-nin qələbəsində HDP-nin "payının” olması günlərdir müzakirə olunur. Əgər bu məqam reallığı əks etdirirsə, o zaman müxalifətin idarəetməsində hansısa neqativ hallar ortaya çıxa bilərmi?

- Türkiyədə kürdlərin kompakt yaşadığı ərazilər var. O ərazilərdə nə hakim AKP, nə ana müxalifət CHP, nə də MHP uğur qazana bilər. Bu bölgələrdə davamlı uğur qazanacaq partiya HDP-dir. Çünki kürdlərin yaşadığı bölgələrdə seçkinin nəticələrini Yüksək Seçki Qurumu deyil, birbaşa aşirətlər müəyyənləşdirir. Yəni aşirət rəhbərləri kimə səs verilməsini məsləhət görürsə, bölgədə ən çox səs yığan həmin namizəd olur. 

HDP də bütün seçkilərdə kürd amilinə oynayır və nəticədə sözügedən regionda real gücə çevrilir. İndiki halda aşirətlərin razı olmadığı, istəmədikləri bir namizədin səs yığması mümkün deyil. İndiki halda AKP və CHP-nin digər partiyalarla ittifaq şəklində hərəkət etməsi, kürdlərin yaşadığı yerlərə nüfuz etməsi müvəqqəti xarakter daşıyır və kiçik əraziləri əhatə edir. Ümumi anlamda HDP-nin digər siyasi partiyalarla əməkdaşlığı mümkünsüzdür. AKP bu amildən istifadə edərək CHP-ni vurmaq istəyirsə, bu, ancaq qara piar elementləri kimi səciyyələndirilə bilər.

İsmayıl