
İtaliyanın “Snam”ı TAP-a qoşulmaq istəyir
İlham Şaban: “Şirkət ilin təqribən may-iyun aylarından müəyyən kəşfiyyat danışıqlarına başlayıb”

İtaliyaya məxsus "Snam S.p.A.” şirkəti Trans-Adriatik Təbii Qaz Boru Xəttində (TAP) 20 faiz paya malik olmaq istədiyini açıqlayıb. Azərbaycan tərəfi isə buna etiraz etməyib. Şirkətin icraçı-direktoru Karlo Malakarnenin dediyinə görə, qurum iyun ayından etibarən TAP-da 20 faiz səhm almaq üçün müvafiq qiymətləndirmə işlərinə başlayıb.
Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ildə başa çatacaq. Bu layihə "Mərhələ-2” çərçivəsində "Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Onu da vurğulayaq ki, Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında "BP”, "SOCAR” və "Statoil” hər biri 20 faizlik səhm payına malikdir. "Fluxys” şirkətinin payı isə 19 faizdir.
İtaliya şirkətinin TAP-da səhm almaq istəməsi və layihənin digər tərəfləri ilə bağlı "Şərq”in suallarını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bir çox məsələlərə aydınlıq gətirib.
- İtaliya şirkətinin TAP-dan 20 faizlik pay istəməsində məqsədi nədir? Burada hansısa siyasi və iqtisadi faktorlar varmı?
- İtaliyanın TAP-da səhm almaq istəməsi sırf boru biznesi ilə bağlıdır. Çünki sözügedən şirkət öz gəlirini boru daşımaçılığından götürür. TAP-da yer alan "SOCAR”, "Statoil” və "BP” şirkətləri boru biznesi ilə məşğul olmur. Boru daşımaçılığı, nəqletmə onlar üçün qeyri-profil biznesdir. Həmin şirkətlərin əsas biznesi hasilat, mal və satışdır. Ancaq "Snam” şirkəti Afrikadan İtaliyaya qaz boru xətti çəkib və ondan kifayət qədər pul qazanır. İndi niyə qaz podratçısı olan belə bir şirkət alternativ qaz mənbəyindən gələn başqa boru kəmərindən də istifadə etməsin?! Məsələ ondadır ki, səhm payı almaq üçün müəyyən işlər görmək lazımdır. Çünki layihədə boş yer yoxdur. "Snam” digər şirkətlərdən pay almalıdır. Ona görə də şirkət ilin təqribən may-iyun aylarından müəyyən kəşfiyyat danışıqlarına başlayıb. Düzdür, aparılan danışıqlar, müzakirələr açıqlanmır. TAP-a təhkim olunan şirkətlər də mətbuata hansısa ipucu vermirlər. Yəni hansı şirkətin İtaliya təmsilçisinə səhmlərini satacağı dəqiq bilinmir. Ola bilər ki, "Snam” layihədə yer alan bir neçə şirkətdən pay alsın. Yaxud da 20 faizlik hansısa şirkət öz payını satsın. Məsələn, "Statoil” öz payını tamamilə satıb layihədən uzaqlaşa bilər.
- TAP-da yer alan şirkətlər öz səhmlərini satmaqda maraqlı olarlarmı?
- Niyə də olmasınlar? Axı bu, qeyri-profil biznesdir. Lap "BP” də öz səhmlərini satar. Bu, açıq bazardır, sərbəst biznesdir. Hər şey təklif olunan qiymətdən asılıdır. Məsələn, siz şəhərin mərkəzində gözəl yerdə yaşayırsız və hər cür şəraitiniz var. Amma sizə elə yüksək qiymət təklif edirlər ki, siz ondan daha gözəl yerdə yaşamaq imkanı əldə edirsiz. İmtina edərsiz bundan? Burda problem yoxdur, adi məsələdir, hər şey biznesin üzərində qurulub. Adicə götürək "Azəriçıraq Günəşli” yatağını, ötən 20 il ərzində burda səhmlər dəfələrlə alınıb-satılıb. Kim uduzub ki?
- Yunanıstanın tranzit ölkə kimi problem yaratdığını deyirlər. İqtisadi tənəzzülə uğrayan Yunanıstan bu məsələdə yenə də inad edəcəkmi?
- Yunanıstanın TAP-la bağlı heç bir problemi yoxdur. Yunanıstanda hansı hökumətin, hansı hakimiyyətin olmasından asılı olmayaraq, onlar bu layihəni dəstəkləyəcəklər. İstəyir ultrasağçılar olsun, istəyir ultrasolçular, bu ölkədəki hər siyasi qüvvə TAP-da yer almaqda maraqlıdır. Çünki ildə 10 milyard kubmetr qaz bu ölkənin üzərindən keçəcək. İndiyə kimi Yunanıstanın tarixində belə şey olmayıb. Görün ölkə bundan nə qədər dividend əldə edəcək. Bu dividend onlar üçün göydəndüşmədir. Yunanıstan həm pul qazanacaq, həm də ucuz qiymətə qaza sahib olacaq.
Yunanıstan təqribən 3 milyard kubmetr qaz istehlak edəcək ki, onun da 1 milyard kubmetrini həmin boru kəmərindən alacaq. Yəni üçdə birini, 33 faizini diverfikasiya edəcək. Üstəlik, 870 kilometrlik boru kəmərinin 550 kilometri Yunanıstanın ərazisindən keçəcək. Bu, həmçinin, çoxlu, özü də daimi iş yerlərinin açılması deməkdir. Yunanıstan hökuməti bunların hamısını gözəl başa düşür. Ona görə də yunan rəsmilər tərəfindən söylənilən hansısa fikirləri Azərbaycan mediasında "Yunanıstan TAP-a qarşıdır” kimi başlıqlarla vermək doğru deyil. Hətta deyirlər ki, TAP layihəsi "Cənub axını”nı daha doğrusu, "Türk axını”nı qabaqlayacaq, məhv edəcək və s. Görəsən, belə düşüncəsiz və məntiqsiz məqalələri kim qələmə alır?!
- Avropa ölkələri TAP-a qoşulan zaman infrastruktur hansı ölkənin maliyyəsi ilə həyata keçirilir?
- Əslində burda, TAP-a qoşulmaqdan söhbət getmir. Bizə müraciət edən Avropa ölkələri TAP-ın ana xəttinə deyil, ondan kənara çıxan kiçik xətlərə, yan kəmərlərə qoşulacaq. Həmin yan kəmərlərin tikintisinin isə bizə aidiyyəti yoxdur. Kənar xətlər Avropa ölkələrinin maliyyəsi ilə inşa ediləcək. Azərbaycan TAP-ı yaxın 5 ildə sadəcə İtaliyaya kimi aparacaq. Ondan o tərəfə, yəni Avropanın mərkəzinə kimi getmək fikrimiz yoxdur. Çünki xarici ölkələrdəki infrastruktur əlavə gəlir gətirmir.
İsmayıl