FETÖ-yə qarşı aparılan mübarizə ciddi nəticə vermir
"Şəbəkənin ən çox istifadə etdiyi variant “kürəkən-gəlin” strategiyasıdır"
Xeyli müddətdir Türkiyədə FETÖ-çülərin zərərsiz hala salınması məqsədi ilə genişmiqyaslı əməliyyatlar həyata keçirilir. Xüsusən, ötən il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhdən sonra terror təşkilatına üzv olanların aşkar edilməsi və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində ciddi addımlar atılır.
Demək olar ki, hər gün qardaş ölkə mediasında "FETÖ-çülərə qarşı yeni əməliyyat” başlıqlı yazılar dərc olunmaqdadır. Bir müddət əvvəl Azərbaycanda da terrorçu Fətullah Gülən tərəfdarlarının ifşa edilməsi, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması ilə bağlı addımlar atıldı. Hətta mətbuat səhifələrində təşkilatın zərərli yönləri ilə bağlı materiallar dərc olundu. Lakin hazırda FETÖ məsələsinin bir qədər səngidiyi hiss olunmaqdadır. Sanki terrorçu təşkilatla mübarizə unudulub və şəbəkə başlı-başına buraxılıb. Həqiqətən, təhlükə aradan qalxıbmı və FETO üzvlərinin fəaliyyəti tam zərərsizləşdirilibmi?
Məsələ ilə bağlı "YeniÇağ” media qrupunun rəhbəri, tanınmış araşdırmaçı-jurnalist Aqil Ələsgərin fikirlərini öyrəndik. Məlumat üçün bildirək ki, Aqil Ələsgər FETÖ təhlükəsi ilə mübarizənin ən fəal simalarındandır.
Baş redaktor sırf bu mövzu ilə bağlı "Səssiz İşğal - Azərbaycanda FETÖ Örgütlənməsi” və "Terrorun gülən üzü” adlı iki kitab qələmə alıb. Həmçinin, çoxsaylı məqalələrlə sözügedən təşkilatın ziyanlı fəaliyyətini gün üzünə çıxarıb.
"Şərq”ə danışan baş redaktor təəssüflə qeyd edib ki, FETÖ-yə qarşı aparılan mübarizə arzuolunan effekti vermir. Ekspertin sözlərinə görə, terrorçu şəbəkəyə qarşı qardaş ölkə Türkiyədə mübarizə aparılır:
"Buna paralel olaraq Azərbaycanda və digər Orta Asiya, Avropa ölkələrində dəstək mahiyyətində adekvat addımlar atılır. Amma 40 il ərzində çox ciddi şəkildə şəbəkələnmiş və böyük casus şəbəkəsinə malik olan terrorçu təşkilat bəzən izi azdıra, əsas fikirlərdən yayına bilir.
Bir sıra hallarda kimlərinsə qohum-əqrəbası olan FETÖ-çülər gizlədilir, məsuliyyətdən qaçırlar. Nəzərə almalıyıq ki, şəbəkənin ən çox istifadə etdiyi variant "kürəkən-gəlin” strategiyasıdır. Yəni ələ keçirmək istədikləri nüfuzlu şəxsləri, dövlət məmurlarını ya saxta kürəkən, ya da gəlinlərlə "ovlamağa” çalışırlar.
Xarici dövlətlərin kəşfiyyat orqanlarının özlərinə xas üsulları olur. Bəzi xüsusi xidmət orqanları katibələrdən, köməkçilərdən istifadə edirlər. FETÖ də öz üsulundan faydalanır və yetişdirdikləri gənclərdən müəyyən ailələrlə qohumluq əlaqələri yaratmaq üçün istifadə edirlər. Şəbəkənin üzərinə getdikcə, təşkilat başqa variantını işə salır. Sanki 15 iyuldan sonra böyük zərbə alan qruplaşma qısa zaman sonra yenidən proseslərə müdaxilə edəcək gücə qovuşub. Şəbəkənin tamamilə zəiflədiyini demək olmaz.
Əfsuslar olsun ki, bəzən FETÖ-yə qarşı mübarizədə yanlış strategiyadan istifadə edilir. Əgər effektli mübarizə aparmaq istəyiriksə, o zaman şəbəkəni daha yaxından tanıyan, illərini mübarizəyə sərf edən, təcrübəyə malik olan, eyni zamanda FETÖ tərəfindən ağır ittihamlara məruz qalan şəxslərin xidmətindən yararlanmaq vacibdir. Onların təcrübəsinə baş vurmaqla şəbəkəni zəiflətmək mümkündür. Mübarizə adı altında imitasiya yaratmaq isə yolverilməzdir”.
İsmayıl