İzmirdə irimiqyaslı hücum hazırlanıbmış

Polisin sayıqlığı nəticəsində polislər istəyinə çata bilməyiblər
“Terrorçuların hazırlıqlı olması, habelə hadisə yerindən götürülən partlayıcı qurğular, silah və sursatlar daha qanlı hücumun hazırlandığını deməyə əsas verir”

Ötən gün İzmirdə məhkəmə binası qarşısında baş verən partlayışla bağlı yeni detallar məlum olub. Xatırladaq ki, iki nəfərin həyatını itirdiyi partlayış məhkəmənin qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib. Partlayışdan sonra atışma başlayıb. Terrorçulardan ikisi atışmada öldürülüb. Partlayış nəticəsində ən azı 10 nəfər yaralanıb, yaralılardan vəziyyəti ağır olanlar da var.

Terrorçuların İzmirdəki planı bəlli olub

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib ki, İzmir şəhərində terrorçular məhkəmə binasına daxil olmaq istəyiblər. B.Bozdağın sözlərinə görə, terrorçular əraziyə iki avtomobillə gəliblər. Avtomobillərdən birində partlayıcı qurğu, digərində isə terrorçular olub: "Terrorçuların bu planının qarşısını polis əməkdaşı Fethi Sekin alıb. Dəyərləndirməmizə görə, partlayışdan sonra terrorçulardan biri binaya qumbaratandan atəş açmalı imiş, digəri isə əl bombaları ilə binaya daxil

olacaqmış. Tank əleyhinə olan bu qumbara 1,5 metrlik divarı dəlib keçmək gücündədir”. Bozdağ terrorda şübhəli bilinən 18 nəfərin həbs olunduğunu deyib.

"Terrorçular polislərin sayıqlığı nəticəsində məqsədlərinə çata bilməyib”

İzmir valisi Erol Ayyıldız açıqlamasında bildirib ki, terrorçular avtomobildən atəş açaraq qaçmağa başlayıblar: "Məhkəmə binası qarşısında polislər şübhəli avtomobili saxlamaq istəyib. Daha sonra terrorçular avtomobili partladıblar. Atışma nəticəsində 2 terrorçu öldürülüb, bir polis və bir məhkəmə işçisi şəhid olub.

Terrorçulara məxsus 2 avtomat silah və 8 əl bombası aşkarlanıb. Məhkəmə binasının qarşısında bir avtomobil də ələ keçib. Həmin avtomobil polis tərəfindən təhlükəsizlik məqsədi ilə partladılıb. Ayyıldız bildirib ki, terror aktının törədilmə forması və öldürülən terrorçuların şəxsiyyəti hadisənin PKK tərəfindən törədildiyi qənaətinə gəlməyə əsas verir. Vali 3-ü polis olmaqla, 7 yaralının olduğunu nəzərə çatdırıb: "Üçüncü terrorçunun olub-olmadığı araşdırılır. Planlaşdırılan irimiqyaslı terror aktının qarşısı məhz polislərin sayıqlığı nəticəsində alınıb. Polislərin səyi nəticəsində terrorçular əsas məqsədlərinə çata bilməyiblər”. Türkiyənin Baş nazirinin müavini Veysi Kayak da bildirib ki, İzmirdə partlayışın baş verdiyi ərazidən tapılan silah-sursatlar daha miqyaslı hücumun hazırlandığını təsdiqləyib: "Terrorçuların hazırlıqlı olması, habelə hadisə yerindən götürülən partlayıcı qurğular, silah və sursatlar daha qanlı hücumun hazırlandığını deməyə əsas verir”.

"Türkiyə əsla geri addım atmayacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində baş verən terror aktı ilə bağlı xalqa müraciət edib. Ölkə başçısının sözlərinə görə, bu və bu tipli hadisəni törədənlər Türkiyə millətini, hökumətini qorxutmağa çalışan qüvvələrdir: "İzmirdə törədilmiş terror aktını qınayır, böyük bir faciənin qarşısını alan şəhid polisimizə və həyatını itirən katibimizə Allahdan rəhmət diləyirəm. Terrorun millətimizi, dövləti qorxutmağına, cəmiyyəti qütblərə bölmək cəhdinə əsla imkan verməyəcəyik. Bizi qorxutmaq istəyənlərə əsla boyun əyməyəcəyik. Türkiyə əsla geri addım atmayacaq”.

"Terrorlar eyni mərkəzdən törədilir..”

Siyasi ekspert Arzu Nağıyev hesab edir ki, törədilən terror aktları Türkiyəni cəzalandırmaq istəyən qüvvələrin əməlidir: "Türkiyə Rusiya ilə yaxınlaşdıqca, ABŞ bunu qısqanclıqla qarşılayır. Ancaq Türkiyə hakimiyyəti unutmamalıdır ki, Suriya məsələsindən başqa Rusiya ilə üst-üstə düşən ümumi mövqeyi yoxdur. Bu baxımdan hər iki dövlətin istər turizm, istər iqtisadi cəhətdən bir-birinə yaxınlaşmasının qarşısını almaq üçün məhz eyni mərkəzdən idarə olunan terror aktları törədilir. Bu gün Rusiya ilə Türkiyəni bağlayan əsas məsələlərdən biri və birincisi Suriya məsələsidir”. Ekspertə görə, həm Rusiya, həm ABŞ, həm də NATO-nun digər üzvləri ilə balanslı siyasət aparmaq, problemləri çözmək ən normal proses ola bilər: "Bu gün ABŞ hakimiyyəti ilə Türkiyə arasındakı əsas problemlərdən biri FETÖ məsələsidir. Eyni zamanda Avropa ilə miqrant məsələsində problemlər var. Düşünürəm ki, bütün bunlar balanslı siyasətlə həll edilməlidir”.

İsmayıl