Jurnalist nazirə müraciət edib
Anar Niftəliyev həyat yoldaşının ölümünün araşdırılmasının nəticəsini görmək istəyir
"Medi Sina” klinikasında BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölümündə təqsirləndirilən anestezioloq Firuz İbrahimov və onkoloq Mahir Məmmədovla əməliyyatda iştirak edən assistent Fərəcullah İdrisovun əməlində dələduzluğa cəhd faktı aşkarlandığından, Bakı Şəhər Prokurorluğu faktın araşdırılması üçün materialları Nəsimi Rayon Polis İdarəsinə göndərmişdi.
Lakin Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsi klinikanın baş həkimi də daxil olmaqla, araşdırmada adı keçənlərin izahatını almadan və üzləşdirmə aparmadan 10 gün müddətində tez-tələsik işi xətm etmək barədə qərar çıxarıb.
Zərərçəkən tərəf - jurnalist Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, Nəsimi RPİ-nin müstəntiqi Elvin Əsgərov cinayət işinin xitam olunması barədə bu il yanvarın 22-də qərar çıxarıb.
Fevralın 2-də müstəntiqin qərarından Nəsimi Rayon Prokurorluğuna şikayət verilib. Bu şikayət prokurorluğun dəftərxana rəisi Elmira Rəhimova tərəfindən rəsmi qaydada imzalanaraq qəbul edilib.
Elə həmin şikayət ərizəsi araşdırılması üçün fevralın 3-də rəsmi məktubla Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilib.
Zərərçəkmişin hüquqi nümayəndəsi deyib ki, bir aydan artıq vaxt keçməsinə baxmayaraq, istintaqın rəisi Oruc Əmiraslanov tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayətə münasibət bildirilməyib. İstintaq rəisi iddia edib ki, guya şikayət prokurorluğa daxil olmayıb.
S.Vəkilov onu da qeyd edib ki, bir neçə dəfə şikayətin nəticəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə gedib. Amma O.Əmiraslanovla görüşmək mümkün olmayıb. Nəsimi RPİ-dən bildirilib ki, istintaq rəisinin başı mühüm işlərə qarışıb, Daxili İşlər Nazirliyindən yoxlama var və ona görə də onu qəbul edə bilmir. Bir müddətdən sonra isə bəlli olub ki, Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsini deyil, məhz istintaq şöbəsini "yoxlayırmış”.
Bu "yoxlamalara” başı qarışdığı üçün məktuba cavabı bir aydan artıq gecikdirən O.Əmiraslanov faktiki olaraq dələduzu himayə etməklə məşğuldur. Zərərçəkənin hüquqi nümayəndəsi S.Vəkilovun sözlərinə görə, işin xətm olunması barədə məlumatlandırılarkən şikayət verəcəklərini dərhal müstəntiqin nəzərinə çatdırıblar:
"Bizə bu barədə məlumat veriləndə şikayət verəcəyimizi dedik. Şikayət məktubunu hazırladıq və Nəsimi Prokurorluğunda qeydiyyatdan keçirdik.
Ancaq uzun müddətdir ki, Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Oruc Əmiraslanov məktubu qeydə almamaq üçün müxtəlif bəhanələr gətirir. Birinci dedilər ki, baş qarışıqdır, nazirlik idarədə yoxlama aparır.
Üç gündən sonra isə dedilər ki, idarə deyil, istintaq şöbəsi yoxlanılır, başımız qarışıqdır. Bir həftədən sonra dedilər, DİN-in yoxlaması başa çatmayıb. Bax beləcə, işi uzatmaqla məşğuldurlar”.
S.Vəkilov bildirib ki, müvəkkilinin qeyri-rəsmi mənbədən əldə etdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsində heç bir yoxlama-filan aparılmayıb: "Əvvəla, yoxlamanın aparılıb-aparılmaması bizə cavabın bu qədər gecikməyinə səbəb ola bilməz. Digər tərəfdən, əgər yoxlama yoxdursa, niyə belə bir bəhanə gətirilir? Dolayısı ilə bu fakt istintaq şöbəsinin əməlində dələduzluq olduğu şübhəsi mövcud olan şəxsin himayəsindən başqa bir şey deyil”.
S.Vəkilov Fərəcullah İdrisovun məhkəmə zamanı da istintaqa verdiyi ifadəsindən imtina etdiyi və istintaqa yalan danışdığını boynuna almasını diqqətə çatdıraraq, bu şəxslə bağlı ciddi araşdırmaya ehtiyac olduğu halda onun məsuliyyətdən kənarda saxlanılması üçün Nəsimi polisinin əldən-ayaqdan getməsini anlamadığını bildirib: "Nəsimi Rayon Məhkəməsində gedən cinayət işi prosesindəki ifadəsində F.İdrisov heç bir səbəb gətirmədən istintaqı aldatdığını etiraf elədi və tamamilə başqa bir ifadə verdi. Onun bu sözləri məhkəmədə protokollaşdırılıb və biz artıq onun istintaqa və məhkəməyə yalan ifadələri ilə bağlı vəsatətlərimizi hazırlamışıq. Belə bir şəxsin ifadəsini əsas götürməklə, digər şahidlərin ifadəsini almadan və araşdırma aparmadan Nəsimi RPİ-nin İstintaq şöbəsi işi niyə xətm edib? Bizim verdiyimiz şikayət məktubunu niyə cavablandırmır və sorğulardan yayınır? Şikayət məktubunu rəsmi qeydiyyat nömrəsi ola-ola, niyə yoxa çıxardıb? Bütün bunlar araşdırılmalıdır”.
Nəsimi Rayon Polis İdarəsi dələduzluğa cəhd maddəsi ilə cinayət işi açmaqdan imtina etdiyi üçün Nəsimi Rayon Prokurorluğuna şikayət verdiyini vurğulayan jurnalist Anar Niftəliyev isə "Şərq”ə açıqlamasında həyat yoldaşının ölümü ilə bağlı açılan cinayət işinə biganəliklə bağlı Daxili işlər naziri Ramil Usubova da müraciət etdiyini bildirib.
Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin işə bu qədər tez-tələsik xitam verməsinin səbəblərinin onun üçün də qaranlıq olduğunu vurğulayan A.Niftəliyev hesab edir ki, qarşı tərəfin istintaqa verdiyi yalan ifadələr fonunda bu işin xətm olunması doğru deyil: "Fərəcullah İdrisovun məhkəmədə yalan ifadələr verdiyinə dair iddiam Nəsimi Rayon Məhkəməsində keçirilən növbəti prosesdə də təsdiqləndi. Fərəcullah İdrisov məhkəməyə gəldi və istintaqa verdiyi ifadəsindən tamam fərqli bir ifadə verdi.
Hətta hakim Şəlalə Həsənova xatırlatma da etdi ki, siz istintaqa tamam fərqli açıqlama vermisiniz. Fərəcullah İdrisov isə istintaqa o cür ifadə vermədiyini, bütün dediklərindən də imtina etdiyini vurğuladı”.
Vəsatət qaldırdıqlarını deyən Niftəliyev ayın 18-də həmin vəsatətə baxılacağını da bildirib: "Faktiki olaraq bu adam istintaqa və məhkəməyə yalan ifadələr verməklə məşğuldur. Biz də vəsatət qaldırmışıq ki, onun bu yalanlarının səbəbi aydınlaşsın və həqiqət üzə çıxarılsın. Nəsimi polisi onun istintaqa yalan ifadə vermə faktlarından da istifadə edib, haqqında araşdırmalar başlada bilərdi. Amma onlar mənim və digər şahidlərin ifadələrini nəzərə almadan, daha doğrusu, şahid qismində təqdim etdiyimiz baş həkimi dəvət edib ifadəsini almaq əvəzinə, onunla mənim ifadəm əsasında bu işi yekunlaşmış hesab elədi. Halbuki prokurorluq burada dələduzluğa cəhd maddəsi olduğunu 129-cu maddə ilə cinayət işi açmaqla təsdiq eləyib”.
Apelyasiya şikayətlərinin də müxtəlif vasitələrlə ləngidildiyini vurğulayan həmkarımızın sözlərinə görə, faktiki olaraq dələduz himayə olunur: "Sonuna qədər bu işin arxasınca gedəcəm və bu uzatmaların mahiyyətini açacam. Daxili işlər naziri Ramil Usubova rəsmən müraciət eləmişəm. İnanıram ki, cənab nazir bu işin araşdırılması ilə bağlı lazımi orqanları məlumatlandıracaq və haqq-ədalət öz yerini tapacaq”.
Şəymən