Kadr və dərslik problemi var

Orta məktəblərdə din fənni tədris olunsa belə özünü doğrultmayacaq


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi orta məktəblərdə dini tədrisin əleyhinədir. Azərbaycan qanunvericiliyinə əsasən, dövlət təhsil sisteminin dindən ayrı olduğunu vurğulayan Komitənin sədr müavini Gündüz İsmayılov deyib ki, bu baxımdan orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz.

Lakin G.İsmayılov hesab edir ki, dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər. Onun sözlərinə görə, Azərbaycanda dini durumun, o cümlədən dindarlaşma prosesinin təhlili və dünyəvi ölkələrin təcrübəsi təsdiqləyir ki, böyüməkdə olan gənc nəslə dini biliklərin verilməsi olduqca vacibdir. Bunun üçün ən münasib məkan təhsil müəssisələridir. Əgər gənclərə dini biliklər doğru yerdə və doğru insanlar tərəfindən verilməsə, bu boşluğu başqaları - radikal, məzhəbçi dini qruplar doldurmağa çalışacaqlar. 

Buna görə də, təhsil müəssisələrində gənclərə bütün dinlər, xüsusilə islam dini, onun mahiyyəti barədə ətraflı məlumat verilməsi çox önəmlidir. Bu məlumatların şagirdlərə neçənci sinifdə, hansı formada və ya hansı fənn daxilində çatdırılması isə daha çox pedaqoji məsələdir. Dinlər barədə dərsliklərdə olan məlumatların isə genişləndirilməsinə ehtiyac duyulur. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə öz hüquq və səlahiyyətləri daxilində aidiyyəti qurumlarla əməkdaşlıq edir.

Orta məktəblərdə din dərsinin ayrıca fənn kimi tədris olunması ilə bağlı müxtəlif təkliflər səslənir.
Sosioloq Əhməd Qəşəmoğlu da "Şərq”ə açıqlamasında Gündüz İsmayılovun fikirlərində müəyyən qədər həqiqət payı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda şagirdlərə dini təhsil verəcək kadrlar olmadığı üçün ayrıca fənn tədrisi heç əhəmiyyət kəsb etmir: 

"Əgər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi orta məktəblərdə dini tədrisin lehinə olsa belə, kadr çatışmazlığı səbəbindən gözləntilərimiz özünü doğrultmayacaq. Nə dərslik var, nə də müəllim. Sözün açığı, bu gün mənim də əlimdə səlahiyyət olsa, orta məktəblərdə dini tədrisin əleyhinə qərar qəbul edərəm. Düzdür, prinsip etibarı ilə orta məktəblərdə dini təhsili vacib hesab edirəm, şagirdlərin düzgün istiqamətləndirilməsi məqsədəuyğundur. Amma kadr və dərslik problemi olduğu üçün bu ideya real görünmür”.

Sosioloqun sözlərinə görə, bu gün Azərbaycanda dini sahədə müəyyən problemlərin yaşanması maarifləndirmənin yarımçıq aparılması ilə bağlıdır. Əgər vaxtında maarifləndirmə sistemi düzgün qurulsaydı, bu sahədə vəziyyət daha qənaətbəxş olardı: 

"Deməli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Təhsil müəssisələrinin bu sahədəki fəaliyyəti arzuolunan səviyyədə deyil. Biz heç bilmirik ki, orta məktəblərdə dini maarifləndirməni necə həyata keçirmək lazımdır. Bu gün gedib hansı məktəb direktorundan bunun yolunu soruşsanız, hamısı çaşıb qalacaq. Ya da hərəsi bir variant deyəcək”.

Bir tərəfdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin orta məktəblərdə dini tədrisin əleyhinə olmalarını təqdir edib, digər tərəfdən də onların dini maarifləndirmə sahəsindəki fəaliyyətsizliklərini tənqid edən Ə.Qəşəmoğlunun sözlərinə görə, indiyə qədər maarifləndirmə mexanizmini mükəmməl qursalar, dini təhsilə gərək qalmazdı.

Şəymən