Dünəndən etibarən daha 6 marşrut xətti üzrə hərəkət edən avtobuslarda ödəmə kart vasitəsilə həyata keçirilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Nazirlər Kabineti
yanında Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlər qarşısında vahid kart sisteminə keçidin tətbiqinə dair qoyduğu tələbə uyğun olaraq 18, 61, 65, 79, 85, 96 nömrəli avtobuslarda vahid kart sistemi tətbiq olunub.
İlk mərhələdə 6 marşrut xətti üzrə 117 avtobusda validatorların quraşdırılması təmin edilib. Ümumilikdə yaxın zamanlarda daha 400 avtobus üçün validatorların quraşdırılması nəzərdə tutulub. İllər öncə ekspertlər ictimai nəqliyyat sahəsindəki problemlərin həllini kart sisteminin tətbiqində görürdü. Amma cəmiyyətdə bir narahatlıq vardı ki, kart sisteminin tətbiqi Azərbaycanda özünü doğrultmayacaq. Marşruta ön qapıdan daxil olub, arxa qapıdan düşən zaman yenə də basa-bas yaranacaq. Eyni zamanda, sürücülərin ancaq dayanacaqlarda saxlama problemi də düzəlməyəcək. Amma "Baku-Bus” marşrutları ekspertlərin gözləntilərini doğrultdu. İctimai nəqliyyatda vahid kart sisteminə keçid bu sahədə nizam-intizamın yaranmasına xidmət etdi. Artıq gediş haqqı uğrunda vətəndaşlarla sürücülər arasında narazılıqlar, münaqişələrə şahid olmuruq. Ekspertlər kart sisteminə keçidin bütün ictimai nəqliyyat vasitələrinə şamil edilməsinin daha çox fayda verəcəyini güman edir. Hesab edirlər ki, məhz kart sisteminə keçidlə avtobusların ötüşməsinə, sürücülərin dayanacaqdan kənarda saxlamasına, vergidən yayınma hallarına son qoyulacaq. "Baku-Bus” MMC-yə məxsus marşrut xətlərində kart sisteminin tətbiqinin ictimai nəqliyyat sahəsində mütəşəkkilliyin təmin olunmasına xidmət edən məsələlərdən biri olduğunu vurğulayan ekspert Azər Allahverənov: "Kart sadəcə ödəniş vasitəsi deyil. Kart sisteminin müsbət xüsusiyyətlərindən biri odur ki, sürücülər plan verməkdən azad olur və aylıq maaşa işləyirlər. Kart olmayan avtobus sürücüləri isə planı doldurmaq üçün biri-biri ilə yarışa çıxırlar. Sərnişinlərin təhlükəsizliyi onlar üçün bir o qədər də mühüm əhəmiyyət kəsb etmir. Təki sərnişinlərin sayı çox olsun!” A.Allahverənov qeyd edib ki, kartla ödəmə sisteminin tətbiq olunması həm sürücülərin, həm də sərnişinlərin maraqlarına uyğundur: "Əgər kart sisteminə yeni keçən marşrut xətlərinin sürücüləri gündəlik plan asılılığından xilas olub, aylıq əməkhaqqı sisteminə keçəcəklərsə, həmin avtobus xətlərinin yol hərəkəti qaydalarına uyğun hərəkət etdiyinin şahidi olacağıq. Ödənişin qəbul olunması və digər məsələlər artıq sürücülük deyil. Bu sistem sayəsində sürücü bütün diqqəti avtobusu idarə etməyə yönəldir və lazım olan nöqtələrə vaxtında çatır. Yox əgər sadəcə ödəmə kart vasitəsilə həyata keçiriləcəksə, bu proses heç bir effekt verməyəcək”. Dediyinə görə, bütün avtobusların vahid kart sisteminə keçməsi bu sahədə nizam-intizamın, qayda-qanunun tətbiq olunmasına gətirib çıxaracaq ki, bu da hamının maraqlarına uyğundur. Ekspertin sözlərinə görə, müxtəlif şirkətlərə məxsus marşrut xətlərində kart sisteminin tətbiqi vergidən yayınmaların da qarşısını alacaq. Nağd ödəniş olan yerdə maliyyə axınlarını gizlətmək asan olur. Amma kart vasitəsilə ödəniş elektron olduğu üçün vergidən yayınmalar mümkün olmur. Kart vasitəsilə ödənişlərin həyata keçirilməsinin ictimai nəqliyyatda olduqca vacib komponent olduğunu vurğulayan ekspert deyib ki, kart vasitəsilə ödənişlər həyata keçirilən zaman sərnişinlər nağd pulu gəzdirmək öhdəliyindən də azad olur: "Sərnişinlər üçün kartla ödəmə daha rahatdır. Elə adam var ki, üzərində xırda pul gəzdirməyi sevmir, amma ictimai nəqliyyatdan istifadə etdiyi üçün buna məcbur qalır. Kart vasitəsilə ödəmə isə bu məcburiyyəti aradan qaldırır”.
Şəymən