“Kartofu, taxılı, meyvəni xaricdən almaq nə deməkdir?”

Şahlar Əsgərov: “Özümüz istehsal etməliyik. Edə bilmirik, çünki işi bilənlərə tapşırmırıq”
“Durun ayağa və özünüzə başdan ayağa baxın. Görün, əyninizdə Azərbaycanda istehsal olunan geyim, ayağınızda yerli ayaqqabı varmı?”


"Azərbaycanda daxili istehsalın bütün sahələri paralel şəkildə inkişaf etdirilməlidir”. Bunu ölkədə yaşanan iqtisadi problemlərlə, böhranlı vəziyyətlə bağlı "Şərq”ə danışan sabiq millət vəkili, tanınmış alim Şahlar Əsgərov deyib. Çıxış yollarından bəhs edən professor bildirib ki, indiki dövrdə hətta daxili istehsal belə mövcud problemləri tamamilə həll etməyəcək. Çünki bizim iqtisadiyyatımız elmə əsaslanmır:

"Yalnız elmə və biliyə söykənən istehsal bizi böhrandan çıxara bilər. Hazırda qabaqcıl Avropa ölkələrinin istehsala qoyduğu tələblərin ən mühümü budur. Alimlər daha yaxşı bilir. Əşya metal və enerji tutumlu yox, məhz elmi tutumlu olmalıdır. Ona görə də elmi məhsulların istehsalına böyük önəm vermək lazımdır. Bunu da ancaq iqtisadiyyatın elmi tərəflərini bilən yüksək hazırlıqlı kadrlar həyata keçirə bilərlər. Əgər işi bilən adamlar qabağa çəkilərsə, onlarla hər işi görmək mümkündür”. Alim ölkə iqtisadiyyatının inkişafı üçün daxili istehsalın mühüm olduğunu söyləyib: "Həm parlamentdə, həm də mətbuatda görkəmli filosof, yazıçı Xəlil Cübranın tez-tez işlətdiyim bir fikrini bir daha təkrar edirəm. O deyirdi ki, "yazıqlar olsun o millətə ki, əkmədiyini yeyir, tikmədiyini geyir və hazırlamadığını içir”. Filosof ona diqqət çəkirdi ki, hər bir toplum, ölkə, şəhər və kənd çalışmalıdır ki, yalnız öz istehsal etdiyi məhsullardan istifadə etsin.

Əgər biz təyyarə düzəltməyi bacarmırıqsa, radio-texnika avadanlıqlarını, telefon aparatlarını hazırlaya bilmiriksə, eybi yox, bunları hansısa xarici ölkədən ala bilərik. Amma Azərbaycan üçün kartofu, taxılı, üzümü, meyvəni xaricdən almaq qəbuledilməzdir. Özümüz istehsal etməliyik. Edə bilmirik, çünki işi bilənlərə tapşırmırıq. Şəhər və kəndlərdə təyinatlara fikir vermirik. Kənd təsərrüfatının inkişaf yollarını bilmirik. Bizim torpaqlarımız həmişə bərəkətli, məhsuldar olub. Əgər vaxtında əkib-becərsək, istədiyimiz məhsulu götürərik”. Professorun sözlərinə görə, ölkədə təkcə aqrar təsərrüfatı deyil, eyni zamanda paltar və ayaqqabı emalını da formalaşdırmaq lazımdır: "Durun ayağa və özünüzə başdan ayağa baxın. Görün, əyninizdə Azərbaycanda istehsal olunan geyim, ayağınızda yerli ayaqqabı varmı? Çox güman ki, cavabınız "yox” olacaq. Ölkəmizdə hər kəsin ehtiyac duyduğu həmin məhsullar istehsal olunmur. Niyə olunmur? Axı pambıq bizdə də bitir. Deməli istəsək, pampığı ipə, ipi parçaya, parçanı da libasa çevirə bilərik. Yəni yeyinti məhsulları ilə yanaşı, Azərbaycanda qeyri-ərzaq mallarını da istehsal etmək mümkündür”.

İsmayıl