Kasıblar çimərliyə də gedə bilmirlər

Hətta 400 manat əməkhaqqı alan insanların istirahəti problemə çevrilib



Havalar istiləşən kimi paytaxtda yaşayanlar ya ölkə hüdudlarından kənara, ya rayonlara üz tuturlar. İşini Bakısız aşıra bilməyən bir qism insan isə burada qalıb istirahətlərini dənizə getməklə təşkil edirlər. Ancaq bu onlara çox baha başa gəlir. Çünki çimərliklərdə qiymətlər kəllə-çarxa çıxıb.

Məsələn, ötən günlərdə Mərdəkandakı "Ailəvi istirahət çimərliyi”ində olduq. Vəziyyət heç də ürəkaçan deyildi. Qiymətlərə nəzər yetirdikdə adamın "gözü kəlləsinə çıxır”. Baxın, sözügedən çimərliyə giriş 2 manatdır. Bundan əlavə, çətir və oturacaq kirayələmək üçün minimum 25 manat ödəməlisən. Bu məbləğ yerindən asılı olaraq dəyişir. Yəni suya yaxın yerlərdə adama 35-40 manat "oxuyur”lar. Üstəgəl, uzanmaq üçün "lejanka” 7, duş 2, skuter 12, geyimlərin qorunması üçün kamera 2, paltar dəyişmək üçün yer 2, park xidməti 1 manatdır. Eyni zamanda bu çimərliyə heç kim özü ilə su və yemək apara bilməz. Müştərilər həmin məhsulları yalnız çimərliyə məxsus kafedən əldə edə bilərlər ki, onların da qiyməti əl yandırır. Bir litrlik fanta 3, dönər 6, redbul 10, bir kilo kabab isə 12 manata satılır. Bir sözlə, o çimərliyə 5 nəfərdən ibarət ailə gedibsə, təxminən 150 -200 manat pul ödəməli olur. Əlbəttə, bu məbləğ ayda cəmi 300-400 manat alan sakinlər üçün çox çətindir. Şübhəsiz ki, bu hal "kasıbsansa, ölməlisən” prinsipini diktə edir. Maraqlıdır, görəsən, nədən ölkəmizdəki istirahət mərkəzləri və çimərliklərin qiyməti bahadır və buna niyə əncam çəkilmir?

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, tanınmış iqtisadçı Əli Məsimli bildirib ki, Azərbaycandakı istirahət mərkəzlərindəki qiymətlər orta əməkhaqqı səviyyəsində 400 manat gəliri olan insanların istirahəti üçün çox bahadır. Onun sözlərinə görə, Türkiyədə, Gürcüstanda olduğu kimi, ölkəmizdə də təkcə varlılar üçün yox, imkanı aşağı olanlar üçün də şərait yaradılmalıdır: "Doğrudur, dövlət səviyyəsində də bir sıra tədbirlər həyata keçirmək mümkündür. Amma rəqabət mühiti yaranmalıdır ki, sahibkarlar da süni qiymət artımına çox aludə olmasınlar”.

Ekspert iddia edir ki, qiymətlərə dövlət müdaxilə etsə, bu, daha da pis nəticələrə səbəb olar, problem yenə həllini tapmaz və yeni korrupsiya mənbəyi yaranar: "Dövlət müdaxilə yox, tənzimləyici mexanizm quranda problemi etibarlı şəkildə həll edə bilir”.

"Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbəri, iqtisadçı-ekspert Zöhrab İsmayılın fikrincə, Azərbaycanda turizm imkanları geniş olsa da, insanlar bundan geniş şəkildə istifadə edə bilmirlər: "Burda iki faktor var. Bir tərəfdən Azərbaycanda turizm xidmətləri bahadır, o biri tərəfdən də vətəndaşların imkanları məhduddur. Başqa ölkə vətəndaşları, məsələn, Rusiya,

Ukrayna, Qazaxıstan və digər ölkələrlə müqayisədə Azərbaycan vətəndaşlarının turizmdən istifadə imkanları demək olar ki, yox səviyyəsindədir. Biz burada Azərbaycan vətəndaşlarının orta aylıq əməkhaqqına istinad edə bilərik. Bu gün orta aylıq əməkhaqqı təxminən 360 manat ətrafındadır. Bu vəsaitlə bir nəfər ölkəmizdə uzaqbaşı dörd gün istirahət edə bilər. Yəni, bir adamın bir aylıq qazancı hesabına ailəsi ilə birlikdə yalnız bircə gün hardasa istirahət etməsi mümkündür. Təbii ki, heç kim belə bir seçim etməz, çünki o zaman ayın 29 gününü ac qalmalı olar. Sözsüz ki, hamı orta aylıq əməkhaqqı almır, az və çox alanlar da var. Az alanlar, ümumiyyətlə, istirahət haqqında düşünmür, çox alanlar da bunu sıxıla-sıxıla edir”.

Ölkəmizdə istirahət məkanlarının baha olmasına diqqət çəkən iqtisadçı deyib ki, bu, rəqabət mühitinin zəifliyi, turizm obyektlərinin sayının azlığı ilə bağlıdır: "Yəni, ölkədə sahibkarlara bu sahədə yaradılan imkanlar çox məhduddur. Ümumi sahibkarlığa yaradılan şərait necədirsə, turizm sahəsindəki sahibkarlara da o səviyyədə imkanlar yaradılır. Burda korrupsiya faktoru da xüsusi rol oynayır. Bilirsiniz ki, turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya lazımdır. Ancaq bu gün həmin lisenziyanı rəsmi qiymətinə əldə etmək mümkün olmur. Bunun üçün turizm obyekti açan sahibkar əlavə rüşvət ödəməlidir. Düzdür, son dövrlər Azərbaycanda müxtəlif obyektlər açılmaqdadır. Ancaq burda da başqa problemlər var”.

Ekspert qeyd edib ki, son dövrlər fəaliyyətə başlayan turizm mərkəzləri, otellərdə qiymətlər başqa ölkələrlə müqayisədə çox bahadır: "Məsələn, Gədəbəydə, Naftalanda yeni fəaliyyətə başlayan 3 ulduzlu oteldə qiymətlər Türkiyədəki 4-5 ulduzlu otellərdən yüksəkdir: "Bu, həm müştərinin azlığı ilə bağlıdır, həm də alternativlərin olmaması ilə əlaqədardır. Məsələn, Naftalan müalicə regionu sayılır. Orda yüksək standartlara cavab verən yalnız bir otel var. Sözsüz ki, bu da həmin otelin baha olmağına gətirib çıxarır. Gədəbəyi götürək, dağlıq ərazidir, turizm bölgəsi olaraq, yaxşı potensialı var, amma orda ulduzları olan cəmi bir otel var. Belə olan təqdirdə də, o otel öz şərtlərini diktə edir. Digər tərəfdən, əgər ölkənin özündə qiymətlər bahadırsa, ərzağın, nəqliyyatın və digər istehlak qiymətləri yüksəkdirsə, bu tendensiya turizmə də sirayət etməlidir”.

Ayyət Əhməd