Kasıblara zülm etmək olmaz

Dövlət universitetlərinin və xəstəxanaların özəlləşdirilməsi bizlik deyil




Azərbaycanda dövlət universitetləri və xəstəxanalarının özəlləşdirilməsi təklif edilir. Medianın gündəmində olan bu məsələni Milli Məclisdə bir neçə komitənin büdcə müzakirələri zamanı
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev qaldırıb. Bu təcrübənin dünya ölkələrində tətbiq edildiyini və səmərəli nəticələr verdiyini vurğulayan millət vəkili deyib ki, dövlət universitetlərinin, səhiyyə obyektlərinin özəlləşdirilməsi həm büdcə üçün, həm də özəl universitetlər üçün yaxşı hal ola bilər.

Bəs görəsən, Azərbaycanda dövlət universitetlərinin və xəstəxanalarının özəlləşdirilməsi nə dərəcədə mümkündür? Bu addım təhsil sektoruna necə təsir göstərəcək?

Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, professor Şahlar Əsgərov hesab edir ki, dövlət universitetlərinin özəlləşdirilməsi təklifi qəbul olunsa, bu, əhalinin kasıb təbəqəsinin təhsildən məhrum olması ilə nəticələnə bilər: "Belə qərar qəbul edilməzdən əvvəl ölçülüb-biçilməlidir. Çünki özəl ali təhsil müəssisələri keyfiyyətli təhsil verə bilər, amma orada yalnız imkanlı adamların uşaqları oxuyur. Dövlət ali təhsil müəssisələrində isə 10 minlərlə kasıb tələbə də təhsil ala bilir. Eyni zamanda, dünyanın tarixinə nəzər salsaq, görərik ki, dünyanı qabağa aparan alimlər, mühəndislər, yaradıcı insanların əksəriyyəti kasıb ailələrin uşaqlarıdır. Kasıb uşaqları təhsildən məhrum etməklə, biz öz inkişafımızın qarşısını alırıq”.

Professorun sözlərinə görə, dünyada özəl təhsil müəssisələrində oxuyanların sayı çoxluq təşkil edir, lakin belə ölkələrin əhalisinin əksəriyyəti övladına pullu təhsil verə bilmək iqtidarında olan insanlardır. Bu təcrübəni Azərbaycanda tətbiq etmək mümkün deyil: "Statistikaya nəzər salsaq, Cənubi Koreyada yaşı 17-dən yuxarı olan hər 100 gəncin 96-sı, Amerikada 84-ü, Monqolustanda isə 50-si ali məktəbdə təhsil alır. Azərbaycan xalqının o qədər var-dövləti haradadır ki, uşaqlarına pullu təhsil versin. Bu səbəbdən belə bir təkliflə razı deyiləm. Əksinə, hesab edirəm ki, dövlət universitetləri saxlanmalı və orada təhsil alan tələbələrin sayı artırılmalı, 10 min, 20 min, 30 min olmalıdır. Amma imkanı olan, övladına daha keyfiyyətli təhsil vermək istəyənlər üçün də özəl ali təhsil müəssisələri fəaliyyət göstərməlidir”.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə bildirib ki, dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi əvəzinə, orada təhsilin gücləndirilməsi baxımından yeni layihələr həyata keçirilməlidir: "Təhsil dövlətin daim nəzarətində olan və diqqət tələb edən sahələrindəndir. Dövlət özünün ali təhsil müəssisələrini saxlamalı və o müəssisələrdə gəlir gətirən sahələrin yaradılmasına çalışmalıdır. Buna görə də mən universitetlərin özəlləşdirilməsində heç bir əhəmiyyət görmürəm. Əksinə, mənə elə gəlir ki, ölkədə özəl ali məktəblərin sayı kifayət qədərdir”.

Dünya təcrübəsinə toxunan ekspert deyib ki, xaricdə özəl ali məktəblər hansısa milyarderlərin hesabına maliyyələşir və bu zaman orada təhsil alan tələbələr müəyyən güzəştlər əldə edə bilir: "Bizdə isə özəl universitetlər tələbələrin təhsil üçün ödədiyi pul hesabına maliyyələşdiyindən əhalinin kasıb təbəqəsinin uşağı burada güzəştli təhsil ala bilmir. Buna görə ali məktəblərin özəlləşdirilməsi əhalinin təhsilli təbəqəsinin azalmasına gətirib çıxara bilər. Bu istiqamətdə yalnız yeni maliyyələşdirmə formalarından söhbət gedə bilər ki, nəticədə universitetlərin fəaliyyətində müsbət dəyişiklik nəzərə çarpar”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyib ki, əslində özəl, dövlət, munisipal, sığorta təbabəti tibb xidmətinin müxtəlif formaları kimi bütövlükdə səhiyyə xidmətini təşkil edir. Burada insanların icbari tibbi sığortadan faydalanmaq imkanları yaranmalıdır: "Əgər bu imkanlar olsa, icbari tibbi sığorta tətbiq olunsa, həm həkimlərin güzəranı yaxşılaşar, həm də vətəndaşların üzərinə əlavə yük düşməz. Təsəvvür edin ki, prezidentin qanun imzalamasına baxmayaraq, hələ də bunun icrası həyata keçirilmir. Biabırçılıq bundan ibarətdir. Bu istiqamətdə çalışmaqdansa, Milli Məclisdə bu cür əsassız təkliflər verilməsi yersizdir. Əgər bütün klinikalar özəlləşdirilsə, onda hansı sosial müdafiədən söhbət gedə bilər? İcbari tibbi sığorta olmadığı halda bunu etmək qətiyyən olmaz. Ona görə bu cür təklifləri verən adamların dünya səhiyyəsindən anlayışı olmalıdır və bu məsələləri dərindən öyrənməlidir”. Adil Qeybullanın sözlərinə görə, insanlar arasında həm özəl, həm də dövlət xəstəxanalarına müraciət edənlər çoxdur: "Əhalinin müəyyən təbəqəsinin müalicə almaq imkanı yoxdur. Təxirəsalınmaz situasiyalarda, gecə vaxtı baş verən kəskin cərrahi xəstəliklər, avtomobil qəzaları zamanı müxtəlif travmalar alanlar əsasən dövlət xəstəxanalarına aparılır. Bu gün Bakı şəhərində "Semaşko” kimi tanınan 1 saylı Tibbi Klinik Xəstəxana və Sabunçu Xəstəxanası daha çox xəstə qəbul edir. Digər xəstəxanalara da gedənlər var. Bu xəstəxanalarda təchizata diqqət yetirmək lazımdır.

Birinci növbədə düşünürəm ki, icbari tibbi sığortaya keçməklə vətəndaşların bütün kateqoriyasının sığorta vəsiqəsi əldə etmək imkanı olmalıdır. Sosial müdafiənin mühüm elementi budur.

Özəl xəstəxanalarda təchizat dövlətdən daha yaxşıdır, bu, dünyanın hər yerində belədir. Dövlət xəstəxanalarında təchizat, yeni avadanlıqları var, səhiyyənin maddi-texniki bazasında xeyli düzəlişlər var. Amma bu, özəl xəstəxanalardakı qədər deyil.

Özəl xəstəxanalarda təchizat daim yenilənir. Səhiyyədə gündəlik istifadə olunan materialların bəziləri birdəfəlikdir, yəni dövlət xəstəxanalarında daha çeşidlidir, daha çoxdur və daha çox istifadə olunur”.

Professor bildirib ki, dövlət xəstəxanalarının yaşaması üçün onlara birbaşa dotasiyanın verilməsi düzgün deyil:

"Bunun yolu dünyanın getdiyi yoldur, icbari tibbi sığorta və imkansız vətəndaşların bu xəstəxanalardan sosial müdafiə fonunda istifadə etməsidir. İstənilən halda özəl sektor həmişə öndə gedir, dünyanın hər yerində belədir.

Sadəcə, imkanı aşağı olan vətəndaşlar bu yardımdan dövlət xəstəxanalarında istifadə edə bilirlər. Dövlət xəstəxanaları təchizat, mütəxəssis baxımından irəlidə getməlidir və bizdə də belədir. Azərbaycanda, sadəcə, standartlar uyğun olmadığı üçün müqayisə aparmaq xeyli çətindir”.

Şəymən