«Kaspi» liseyləri builki buraxılış imtahanlarında respublika üzrə bütün özəl məktəblər arasında birinci yerə çıxıb
Sentyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində ölkənin ən nüfuzlu təhsil şirkətlərindən biri olan Kaspi Təhsil Şirkəti illik yekun fəaliyyətinə dair hesabatla ictimaiyyət qarşısına çıxıb. Tədbirdə şirkətin təsisçisi Sona Vəliyeva, "Kaspi” Elmlər və Əhmədli filiallarının direktorları Rəsul Ağayev və Rövşən Abbasov, qəbul imtahanlarında yüksək bal toplayan "Kaspi” məzunları və media nümayəndələri iştirak edirdi.
Tədbirdə on bir illik təhsil təqdim edən şirkətin fəaliyyəti, eləcə də "Kaspi” abituriyent kursları, "Kaspi” liseyləri haqqında ətraflı məlumat verildi. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında "Kaspi”nin məzunları Nərmin Balakişiyeva 700 bal, Firudin Heydərov isə 695 bal toplayaraq Prezident təqaüdçüsü olublar. Ümumilikdə isə "Kaspi” abituriyent kurslarının yekun qəbul nəticəsi 96 faiz təşkil edib. 26 abituriyent 600-dən yuxarı, 72 abituriyent 500-dən, 112 abituriyent 400-dən, 158 abituriyent isə 300-dən yuxarı bal toplayıb.
Tədbirdə çıxış edən Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva əldə olunan nəticənin çox sevindirici olduğunu bildirdi: "Bu gün şərəflə qeyd etmək istəyirəm ki, ötən il Kaspi Təhsil Şirkəti 700 ballıq nailiyyətlə Vahab Cəbrayılovu sizlərə təqdim etdi. İndi artıq Vahab Türkiyədə Boğaziçi Universitetində təhsil alacaq. Bunun davamı olaraq çox sevindirici haldır ki, Nərmin Balakişiyeva və Firudin Heydərov yüksək nəticə göstərək ən yaxşılar sırasına daxil oldular”.
Prezident təqaüdçüsü adını qazanan şagirdlər haqqında danışan Sona Vəliyeva qeyd etdi ki, indiyə kimi Kaspi Təhsil Şirkətində təhsil alan 26 şagird bu ada layiq görülüb: "Bu rəqəm bir təhsil şirkəti üçün yüksək qiymətləndirilməlidir. Bizim 600-dən çox bal toplayan şagirdlərimizin sayı 26-dan yuxarıdır. 72 abituriyent 500-dən yuxarı, 112 abituriyent 400-dən yuxarı, 158 abituriyent isə 300-dən yuxarı bal toplayıb. Bundan başqa, şirkətin təsis etdiyi 2 liseyimiz fəaliyyət göstərir. Bu liseylərin Bakıxanov və Sabunçu filialları 2 məzun ili yola salıb. Bizim ötən il və cari ildə buraxılışımızın nəticə göstəricisi 100%-lə qiymətləndirilib. Buranı bitirən şagirdlərin sayı 45 nəfərdən ibarətdir və 45-i də ali məktəblərə qəbul olub. Nəzərinizə çatdırım ki, bu məzunların içərisindən 9 nəfəri Toronto, Orta Doğu kimi dünya səviyyəli universitetlərə qəbul olub. Bunu xüsusilə vurğulamaq istəyirəm, bəzən çox yanlış bir fikir səsləndirilir ki, milli təhsil proqramı ilə fəaliyyət göstərən məktəblərin məzunları, məzun olduqları ildə dünya universitetlərinə qəbul ola bilməzlər. Bu, həqiqəti əks etdirmir.
Biz həm "Kaspi” liseyi, həm də Kaspi Təhsil Şirkət olaraq artıq yeni dərs ili başlayanda həm ölkə daxilindəki universitetlərə qəbula uyğun, həm də bununla paralel olaraq, dünyanın nüfuzlu universitetlərində təhsil almaq istəyən şagirdlərimizin istəyini də nəzərə alıb müvafiq proqramları təşkil edirik. Ona görə də bu 9 nəfərin qəbul olması çox gözəl bir mesajdır. Bununla yanaşı, mən növbəti bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, 9-cu siniflər üzrə buraxılış nəticələrimiz çox ürəkaçandır. Təhsil arenasında "Kaspi” liseyi 1-ci yerə çıxıb. Bu uğurun, nailiyyətin əlbəttə ki, arxasında böyük bir müəllim ordusunun əməyi durur”.
Daha sonra çıxış edən «Kaspi» Elmlər və Əhmədli filiallarının direktorları Rəsul Ağayev və Rövşən Abbasov abituriyent hazırlığında builki nəticələr, qazanılmış uğurun səbəbləri, yeniliklər və növbəti il üçün qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdilər.
«Kaspi» liseyinin direktoru vəzifəsini icra edən Məhəmməd Nağıyev bildirdi ki, liseylərin orta bal göstəricisi 540 olub. Liseylərin digər uğuru isə builki buraxılış imtahanlarında respublikada bütün özəl məktəblər arasında birinci yerə çıxması olub.
Tədbirdə, həmçinin yüksək bal toplayaraq tələbə adını qazanmış abituriyentlər və onların valideynləri çıxış edərək öz sevinclərini tədbir iştirakçıları ilə bölüşdülər.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə və onların müəllimlərinə Kaspi Təhsil Şirkəti tərəfindən hədiyyələr təqdim olundu.