Kazanda ölən azərbaycanlıların meyitləri Vətənə gətirilib

Müğənni Cəmilə İsgəndərova: “Partlayışdan 3 gün sonra uçqunun altından bacımın meyitini tapdıq”
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərindəki "Admiral” ticarət mərkəzində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların meyiti dünən Azərbaycana gətirilib. Tatarıstan Respublikası Azərbaycanlılar Konqresinin sədri Ziyafət Qasımov APA-ya açıqlamasında bildirib ki, Muxtarova Tamilla və Paşayev Pərvizin meyitləri dünən Moskva vasitəsilə Bakıya göndərilib.
P. Paşayev doğulduğu Gədəbəy rayonunda, T. Muxtarova isə Cəlilabad rayonunda dəfn olunacaq. Xatırladaq ki, azərbaycanlı sahibkara məxsus "Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib.
Hadisə zamanı xeyli sayda ölən və yaralananların olduğu bildirilir. Dağıntılar altından çıxarılan 17 meyitdən 16-nın şəxsiyyəti müəyyənləşdirilib. Ölənlər arasında 1995-ci il təvəllüdlü Paşayev Pərviz və 1961-ci il təvəllüdlü Muxtarova Tamilla da olub. Yaralananlar arasında isə Tağıyev Salam adlı həmyerlimiz var və onun səhhəti artıq yaxşılaşıb.
Müğənni Cəmilə İsgəndərova Kazanda ticarət mərkəzində baş verən yanğın nəticəsində dünyasını dəyişən bacısı Tamila Muxtarovadan danışıb: "Allah heç kimə belə şey qismət eləməsin. Neçə gündür, ağlamaqdan səsim də tutulub. Partlayışdan 3 gün sonra uçqunun altından bacımın meyitini tapdıq. Bacım partlayış olan məkanda satıcı işləyirdi. Amma bədbəxt bir hadisə onun ölümünə səbəb oldu. Heç oğul toyu da görmədi. İndi qohumlarımız gedib hava limanına meyiti qarşılamağa. Sabah (bu gün-red.) isə onu Cəlilabad rayonunda dəfn edəcəyik. Həyat yoldaşı Cəlilabad rayonundan olduğuna görə, istədi ki, orada dəfn olunsun”.
Onu da qeyd edək ki, dünyasını dəyişən Tamilla Muxtarova 1961-ci il martın 22-də anadan olmuşdu. Mərhumun iki övladı var.