“Kəndə yanıma ən çox gənc yazarlar gəlir”
Musa Yaqub: “Bilmirəm bunun səbəbini. Bəlkə sevgi şeirlərim var, ona görə”
"Ədəbiyyatımız qurumayacaq”
Musa Yaqubun kim olduğunu oxuculara uzun-uzadı anlatmağa ehtiyac yoxdur. Onun tərcümeyi-halı da, həyatı da yaradıcılığındadır. Musa Yaqub sadəcə şairdir. Xalq şairi yox, sadəcə şair. Barmaqla sayılacaq ziyalılarımızdandır, sözünün çəkisi ilə, kişiliyi ilə böyük insandır. Musa Yaqubu sevgiylə bağlı şeirlərinə görə əksəriyyət "sevgi” şairi adlandırsa da, onun şeirlərində fəlsəfə yükü çox ağırdır.
Təhlilçilər də çox vaxt bu fəlsəfənin qarşısında aciz qalırlar. Heç bir rəsmi titulu yoxdur. Heç özü də titul həvəskarı deyil. İki mükafatı var. Birincisi, xalqın sevimli şairi olmasıdır. İkincisi isə Azərbaycan ədəbiyyatının ağır artilleriyası sayılan Mirzə Fətəli Axundov mükafatına sahib olmasıdır.
"Facebook” sosial şəbəkəsində şəkillərini gördüm. Gürcüstanda sanatoriyada çəkilən şəkillərini onunla birlikdə olan yazar Maarif Soltan paylaşmışdı. Şairin səhhəti ilə maraqlandım, söhbətimiz bir az uzandı.
Musa Yaqub deyir ki, səhhəti babatdı....
Pis deyiləm. Müalicə olunuram. Həkimin təyinatı ilə dərmanlar atıram. Əli bəy var, həkimim. O, dərmanları yazır, mən də alıb içirəm.
- Nə dərmanlarıdır?
- Adlarını elə də yaxşı bilmirəm. Sinir sistemlərinin sakitləşməsi üçündür. Bir də təzyiqə qarşı preparatlardır.
- Təzyiqiniz çoxmu olur?
- Bu aralar təzyiqim qalxmır, normaldır. Mənə elə gəlir ki, içdiyim dərmanlar kömək edir.
- Hazırda Buynuz kəndindəsinizmi?
- Hə, kənddəyəm. Xeyli vaxtdır buradayam. Arada 5-10 günlük Gürcüstana getmişdim. Orada "Sayırma” sanatoriyası var. Mənim böyrəklərimdə daş vardı. Töküldü daşlar. Qorxuram yenə daş əmələ gələr. Həkim demişdi Sayırma suyundan içsən yaxşı olar. Getdim Gürcüstana, həm təbiət qoynunda istirahət etdim, həm də müalicəvi əhəmiyyətli o sudan içdim.
- Yaradıcılığınızda nə yeniliklər var?
- Xırda-xırda yazıram. Çap olunmamış şeirlərim var. Onları yığmışam, kitabını hazırlayıram. Düzdü, yay aylarında az yazıram, məhsuldarlıq aşağı olur. Amma yenə də, təb gələndə yazıram. Yazmağa hər zaman həvəs var. Lakin ilham həmişə gəlmir. Bilirsən, mən birinci ürəyimdə yazıram. Adət etmişəm buna. Şeirdi, yazıdı, həmişə ürəyimdə yazıram, sonra köçürürəm vərəqə. İndi bir neçə şeir var ki, onları köçürəcəm.
- Qələmlə yazırsız yəqin ki...
- Mən hər zaman qələm-vərəqdən istifadə etmişəm. Yeni texnologiyaya öyrəşə bilmədim. Yaşımın da o vaxtı deyil. Həm də bəzən düşünürəm ki, kompüterdə şeir yaza bilmərəm. Alınmaz məncə.
- İndi kənddəsiz, sizə baş çəkənlər, maraqlananlar olurmu?
- Əlbəttə olur. Hamısı sağ olsun. Gənclər gəlirlər, söhbətləşirik. Bir-iki dəfə Zəlimxan gəldi (Xalq şairi Zəlimxan Yaqubu nəzərdə tutur - A.B). Oturduq söhbət etdik. Təbiətin qoynunda gəzdik. Yoldaşlar, dostlar yolları bu tərəflərə düşəndə, mütləq mənim evimə təşrif edirlər. Ən çox da gənc qələm adamları baş çəkirlər. Yaşlıları da qınamıram, gəlmək-getmək çətindi.
- Gənclərin sizi çox istəməsi nəylə bağlıdır?
- Çox sağ olsunlar. Bilmirəm bunun səbəbini. Bəlkə sevgi şeirlərim var, ona görə (gülür). Amma mən də gəncləri çox sevirəm. Arzulayıram ki, gənc ədiblərin yaradıcılıqları daha qaynar olsun, daha ilhamlı olsun. Onların mənə sevgisi olduğu kimi mənim də onlara sevgim var. Sevgi elə bir şeydi ki, onu ölçüyə gətirmək olmaz. Sevginin irisi, xırdası olmaz.
- Gənc yazarları, şairləri mütaliə edirsizmi?
- Əlbəttə ki, əlimə düşəni oxuyuram. "Ədəbiyyat” qəzetində, "Ulduz” jurnalında, "Azərbaycan” jurnalında, "Yol” qəzetində gedən yazıları həmişə izləyirəm. Gənclərin də o dərgilərdə yazıları, şeirləri çap olunur. Bəzən də olur gənc ədiblər gəlirlər, kitablarını verirlər, ordan oxuyuram. Mütəmadi izləmək mənim üçün bir az çətindi. Xüsusən də Buynuzda qaldığım müddətdə. Bakıda olanda, hər gün oxuyuram. Hamısının adlarını çəkmək çətindir. Amma baxıram ki, yaxşı yazılar var. İstedadlı şairlər üzə çıxacaqlar.
- Yəni perspektivli gənclərin olduğunu düşünürsüz...
- Var. İndi ad çəkmək istəmirəm. Birinin adını söyləyərəm, o biri yaddan çıxar. Sonra məndən inciyərlər. Amma imzaları ədəbiyyatda qalacaq şairlər var. Hərəsinin öz stilində, öz dünya görüşündə gözəl şeirləri, hekayələri var. Buna çox sevinirəm. Ədəbiyyatımız qurumayacaq. Ürəyi ilə yazan gənclər çoxdu. İstərdim ki, onlar böyük ədəbiyyat yaratsınlar. Ədəbiyyatda öz ədəbi nəsilləri ilə ad qoysunlar.
- Yaşlı yazarların əksəriyyəti deyir ki, gənclər ədəbiyyatı şouya çevirirlər, qalmaqallarla gündəmdə qalmağa çalışırlar. Ona görə də ədəbi mühitdə imzaları əbədi qalmayacaq. Razısızmı bu fikirlərlə?
- Elələri də var, düzdür. Amma qalmaqalla, yaşlıları söyməklə, özündən böyüklərə daş "atmaq”la ədəbiyyatda qala bilməzlər. "Mən filan qocaman şairdən yaxşı yazıram” - deyən gəncin ümumiyyətlə ədəbiyyat adamı olmasına və olacağına inanmıram. Poeziya "mən” sözünü sevmir. Mən belə yazmışam, əsl yaradıcılıq mənimkidir demək şairə yaraşmır. Hər bir "mən”in öz yeri var. Dünya çox genişdir. Bu dünyada hər şeyin, ağacların, yarpaqların, həşəratların, hamısının öz yeri var. Yaradılanı yaradan yaşadır. Bu ağacı, bu gülü mən yaşadıram demək düzgün yanaşma deyil. Qalmaqalla gündəmə gələnlər, yaradıcılıqda zəiflərdir. Yaddaşlarda bu cür qalmaq istəyirlər. Özləri bilir ki, potensialı nə qədərdir. Baxır ki, qabında bir şey yoxdur, qalmaqala keçir, mənasız yerə döşünə döyür. Əsl şair, yazıçı "mən” deyib döşünə döyməz. Bununla inkişaf olması mümkün deyil. İndi dünən yerindən duran məsələn deyir ki, Musa Yaqub şair deyil (gülür). Mən bir şey demirəm, o da onun fikridir. Amma insaf da dinin yarısıdı axı. Deyə bilərsən ki, Musanı bəyənmirəm, pis şairdi, şeirlərini anlamıram. Amma Musa şair deyil demək, savadsız yanaşmadı. Mən özümü məsəl çəkirəm, yəni mənə belə demirlər, o biri dostuma deyirlər. Fərqi nədir ki? İndi guya bunu deyəndə məni, dostumu gözdən salırlar? Bunu anlamıram. Amma həqiqətən də, istedadlı, böyüyün-kiçiyin yerini bilən, qələmi olan gənclər də var. Onları mən qalmaqallarda görmürəm. Ədəbiyyat bizimlə bərabər addımlayır. Ədəbiyyat uzunmüddətlidir, xarakter yaradan, insanın içini qaynadan bir peşədir, vergidir. Şair qalmaqalla şair olmaz, şeirləri ilə şair olar.
- Anar müəllim müsahibəsində deyib ki, sonda bir kitab yazır, adını da "Keçən keçdi, olan oldu” qoyacaq. Bu kitabda bütün xatirələri danışacaq. Siz də nəsə yazırsızmı?
- Əzizim Anar elə deməsin. Son olmaz. Sonu Allah bilir. Bir də ki ədəbiyyat adamlarının sonu olmur axı. Mən də elə 25 ildir deyirəm ki, bu sonuncudur, yəqin ki son yazdıqlarımdır. Amma ondan bu yanadır nə qədər yazmışam, kitablarım da çıxıb. Məni Allah yanıltdı. Ömür verib, hələ də yaşayıram.
- Musa müəllim, yuxu görürsüzmü? Adətən insan yaşlananda qəribə yuxular görür deyirlər...
- Yuxu çox görürəm, bəlkə də həddindən çox. Uşaqlığımla bağlı, dostlarla bağlı, o vaxt işlədiyim, İsmayıllıda nəşr olunan qəzetlə bağlı yuxular görürəm. Bəzən tanıdığım, tanımadığım insanları görürəm yuxuda. Çox qəribə, dəhşətli yuxulardır. Ayılandan sonra, deyirəm İlahi, bu nə idi.
- Bu yuxuların fəlsəfəsi nədir sizcə?
- Bilmirəm nə deyim. Yuxuları tam yozmaq çətin məsələdir. Mənim yuxularım sanki təzədən ömrə qayıdış yuxularıdır. Ömür boyu yaşadığın, keçmişdə qalan hadisələrə yuxuda qayıtmaq çox qəribə hisslər yaşadır insana. Həm də bu yuxu məsələsində, izaholunmaz fəlsəfə var. Mən bu fəlsəfəni açmaqda acizəm. Bəlkə də yuxular keçmişdə edə bilmədiklərimizi bizim yadımıza salır. Yəni bunu edə bilərdin, amma edə bilməmisən deyir insana.
- Bakıya nə zaman qayıdacaqsız?
- Yəqin ki, sentyabr ayının sonlarında qayıdacam. Qış aylarını adətən paytaxtda keçirirəm. Yaz olan kimi isə üz tuturam Buynuza.
- Gürcüstandakı istirahət yaxşıdır, yoxsa Buynuzdakı?
- Ancaq və ancaq Buynuzda. Mən Gürcüstana sırf istirahət məqsədi ilə deyil, həm də müalicə məqsədiylə getmişdim. Ömrüm boyu Buynuzu ən böyük, ən rahat istirahət yeri saymışam. Mənim fikirlərim burda qaynaqlanır. Necə deyərlər, öz kəndim, öz evim, öz iş otağım. Buynuz mənim üçün dəryadır. Bəzən əvvəlki günlərə, xatirələrə qayıtmaq istəyirəm. Bunun üçün Buynuz kəndi mənim üçün əvəzsizdir.
Anar Bayramoğlu