Həm də qonşu ölkədə gömrük və vergi rüsumları çoxdur
Regionda dərman preparatları ən bahalı qiymətə Gürcüstanda satılır. Bu barədə "Biznes Rezonansı” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, təkcə idxal olunan dərmanlar deyil, ölkədə istehsal olunan tibbi dərmanların da qiyməti region dövlətləri ilə müqayisədə çox bahadır. Hətta bəzi dərman preparatlarının qiyməti region və Avropa dövlətləri ilə müqayisədə 2-3 dəfə bahadır.
"Hippokratı unutma” (Pomni Qippokrata) qeyri-hökumət təşkilatının rəhbəri Marina Beradzenin sözlərinə görə, dərman preparatlarının bahalığının bir səbəbi qanunvericiliklə əlaqəlidir. Qanunlar dərman preparatlarının keyfiyyətinin yüksək olmasının və digər tibbi ləvazimatların qiymətlərinin hamı üçün sərfəli olmasına təminat verməlidir: "İnkişaf etmiş ölkələrdə sığorta və əczaçılıq şirkətləri tək bir subyektin əlində cəmləşə bilməz. Amma Gürcüstanda bu sahələrin hamısı bir adamın əlində cəmləşib. Ona görə də, həmin şəxs müştəriləri nəzərə almadan öz biznes maraqlarını inkişaf etdirməyə çalışır”.
M.Beradzenin sözlərinə görə, Dünya Səhiyyə Təşkilatı həyat üçün vacib olan və çox aşağı qiymətə satılan 350 dərman preparatının siyahısını hazırlayıb və digər ölkələrə də tövsiyələr verib. Gürcüstan dövləti də bu barədə addımlar atmalı, şəxsi biznesə nəzarəti artırmalıdır.
Gürcüstanda dərmanların baha qiymətə satılma səbəbləri ilə bağlı "Şərq”ə açıqlama verən həkim-allerqoloq Şahvələd Məmmədovun sözlərinə görə, dərmanların baha olması ilk növbədə onların keyfiyyəti ilə bağlıdır:
"Hazırda Azərbaycanın dərman bazarında konkret molekulalar, yəni xəstəliyə uyğun dərmanlar protokollarda qeyd olunub. Məsələn, mədə xorası xəstəliyinin müalicəsinə uyğun Səhiyyə Nazirliyinin son protokolu var. Protokol qaydalarına uyğun olaraq həkimlər dərman yazmalıdırlar.
Bu, dünyada qəbul edilmiş bir sistemdir. Amma hazırda Azərbaycanın dərman bazarında "biodabafkalar”, yəni qidaya əlavələr adı ilə yüzlərlə şirkətlər qeydiyyatdan keçib. Onların heç biri dərman preparatı deyil. Həmçinin Gürcüstanda da "biodabafkalar" satılır. Məsələn, "Sibirskoye Zdaroviya”, "Tiens” kimi dərman şirkətlərini qeyd edə bilərik”.
Həkim bildirib ki, Gürcüstanda dərmanlar üçün 4 faiz gömrük ödəmələri tələb olunur. Gürcüstana Almaniya, Avstriya, İtaliya, Polşa və digər ölkələrin ən keyfiyyətli şirkətlərindən dərmanlar daxil olur: "Keyfiyyət yüksək olduğu üçün də dərmanlar bahadır. Gürcüstanda dərman preparatlarının baha satılmasının digər səbəbi gömrük və digər əlavə dəyər vergi ödəmələrinin olmasıdır.
Ölkəmizdəki müsbət cəhət odur ki, bizə Rusiya, Ukrayna və digər ölkələrdən gələn dərmanların əksəriyyəti üçün Tarif Surasının müəyyən etdiyi qiymətlər var. Həmin qiymətlər isə Gürcüstanda 2-3 qat bahadır. Məsələn, Almaniyanın həmnümayəndəliyi həm Gürcüstanda, həm də ölkəmizdə var. "Kalsi maqnet”in 100 tabletkası bizdə 6 manat 50 qəpiyə, Gürcüstan bazarında isə 8-9 manata satılır.
Ölkəmizdə Tarif Şurası xeyli sayda dərmanların qiymətinə endirim etdi. Baxmayaraq ki, Azərbaycan bazarında "biodabafkalar" adı ilə gətirilən dərmanlar satılır və bu durum dərman bazarında xaosa səbəb oldu. Əslində "biodabafkalar" bazardan yığışdırılmalıdır. Çünki onlar dərman deyil, amma dərman adı olaraq satılır. Gürcüstan bazarında isə bu cür qidaya əlavələr demək olar ki, yoxdur. Bunun da dərmanların qiymətinə təsiri var. Çünki Gürcüstanda konkret molekulalar satılır. Həkim olaraq xəstələrə molekulalar yazmalıyıq”.
Yeganə Bayramova