Son günlər sosial şəbəkə və bir sıra mətbuat orqanlarında bəzi abonentlərin "Azəriqaz” İstehsalat Birliyi tərəfindən aldadılması ilə bağlı məlumatlar yayılıb. Bəzi abonentlər "Azəriqaz” əməkdaşlarını sayğacın göstəricilərini düzgün qeyd etməməkdə ittiham edirlər.
Onların sözlərinə görə, "Azəriqaz” rəsmiləri ötən ilin dekabr ayının qaz sərfini bu ilin yanvarında qeydə alıb: "Nəticədə bizə təqdim edilmiş bildirişdə yanvar ayında istehlak olunmuş qazın həcmi dekabr ayında sərfiyyat kimi qeydə alınıb. Bununla da ötən il limiti keçən abonentlər üçün yanvarın ilk günlərində istehlak olunmuş qazın bir kubmetrinin dəyəri 20 qəpikdən hesablanıb”.
"Smart İTRON” məişət qaz sayğaclarından istifadə edən bəzi istehlakçılar isə iddia ediblər ki, onlar bu ilin yanvar ayında ödəniş etsələr də, "mavi yanacaq”ın qiyməti "Azəriqaz” tərəfindən bəyan edildiyi kimi limit çərçivəsində 10 qəpikdən deyil, 20 qəpikdən hesablanıb.
"Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev "Smart İTRON” məişət qaz sayğaclarından istifadə edən bəzi istehlakçılar üçün qazın bir kubmetrinin 20 qəpikdən hesablanması məsələsinə aydınlıq gətirib: "Smart İTRON” məişət qaz sayğacından istifadə edən abunəçi kartına 10 manat yükləyirsə, bu, 100 kubmetr qaz deməkdir. Sayğacın göstəricisi qazın sərfiyyatını manatla deyil, kubmetr ilə göstərir. Bəzən abunəçilər sayğaca vəsaiti daxil edirlər və sayğac 100 kubmetr göstərdikdə, istehlakçılar bunu 10 manat kimi başa düşürlər.
Bəzi abonentlər sayğacın kartına 10 manat yükləyir. Bundan sonra da deyirlər ki, sayğacda 10 manat yoxdur, onun göstəricisi 5 manatdır. Yəni, 100 kubmetr deyil, bu göstərici 50 kubmetrdir. Abonentin müraciəti əsasında bazaya baxanda isə aydın olur ki, abonent sayğacın smart-kartına dekabr ayında ödəniş edib. Əgər limiti keçibsə, artıq bu bazada kartın uçotu 20 qəpik tarifi ilə oturub. Yəni, dekabr ayında ödəniş edib, yanvar ayının ilk günlərində əgər sayğaca bu 10 manat daxil edibsə, orada 100 kubmetr deyil, 50 kubmetr göstərəcək. Yəni, vəsait baxımından onu 5 manat kimi göstərəcək”.
Bəs, abonentlərin probleminə necə son qoymaq olar? Ümumiyyətlə, bu olanlarda haqlı və ya haqsız tərəf kimdir?
Baş vermiş hadisəni dəyərləndirən Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov ölkəmizdə 1 milyon yarımdan çox abonent olduğunu deyib. Onun sözlərinə görə, bir neçə nəfər abonentin şikayətinin olması mümkündür. Çünki bütün abonentlər eyni ola bilməz.
N.Qasımov bildirib ki, "Azəriqaz” vətəndaşlara ilin sonunda çox pul yükləməməklə bağlı xəbərdarlıq edib: "Abonentlərdən kimsə dekabr ayının sonunda sayğaca pul ödəyibsə, özünü "işə” salıb. Əgər vətəndaşlar problemlə üzləşiblərsə, "Azəriqaz”ın yerli xidmətlərinə və ya "qaynar xətt”inə zəng edib bu məsələni həll edə bilərlər. Çox təəssüf ki, bizimkilər özünə katibə axtarır. Gedib "Azəriqaz”da məsələni özləri həll etmək əvəzinə, kimisə narahat edirlər. İstəyirlər ki, kimsə onların yerinə problemi həll etsin. 1 milyon yarım az əhali deyil. 3-5 nəfərin sayğacında problem yarana bilər, bu, həll olunan bir məsələdir”.
N.Qasımovun sözlərinə görə, Taarif Şurası abonentlər arasında norma təyin edərkən bərabərlik prinsipinə əsaslanıb. Lakin bu düzgün deyil:
"Şura hər kəsə eyni standartdan yanaşır. Məsələn, şəhər evində istilik itkisi azdır. Belə evlərdə göstərici norması 1700 kubmetrdir. Kənd yerində 4-5 otağı olan evlərə də eyni norma qoyulur. Bir kənd adamı evin 1 otağını isitmək üçün 900 kubmetr qaz işlətməlidir. Bəs, bu adam 20 qəpikdən necə ödəniş etsin? Onlar ödəyə bilmir deyə qazdan istifadə etmirlər. Bəziləri boruları deşib başqa şlanqla birləşdirir, özünü işə salır, ya da sayğaclara müdaxilə edirlər. Bu, lüzumsuz bir bölgüdür, düzgün ədalət prinsipi pozulub. 9 mərtəbəli evlərdə yaşayanlarla kənd yerlərində yaşayanı eyni tutmaq olmaz. Hündür mərtəbəli binaların özünün istilik sistemi var.
Kənd yerində yaşayanlar əziyyət çəkir. Taarif Şurası burda böyük qəbahətə yol verib, bu problemi həll etmək lazımdır. Kənd yerlərində norma ən azı 3000 kubmetr olmalıdır ki, orda yaşayanlar əziyyət çəkməsin. Niyə qaz ölkəsində insanlar narazı olmalıdır? Problem əsasən burdan yaranır, lakin çox adam bunu deyə bilmir. Çox istəyərdim ki, Taarif Şurası buməsələyə baxsın. Əhali ilə hökumət arasında yersiz münaqişə yaradırlar”.
Yeganə Bayramova