"Kim nə tapır, bazara çıxarır" - Dərman bazarlarımızda rəzalət

Sərdar Cəlaloğlu:"Bir həftə təzyiqim düşmədi, dərman atdım xeyri olmadı. Sonradan baxdım ki, aptekdən aldığım dərmanın aksiz markası yoxdur"



"Dərmanların əks təsiri yaxın və ya uzun müddətdən sonra özünü göstərə bilir”.

Bu barədə "Sherg.az”a Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin qripə qarşı –"Tamiflu”, "Laninamivir”, "Relenzu” ("Zanamivir”) adlı dərman vasitələrinin ziyanları haqqında rəylərindən danışarkən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu deyib.

 Ölkəmizdə bu dərmanların satılmasına toxunan həkimin sözlərinə görə, belə dərmanların əks təsirləri illər sonra aşkar olunur:

"Bir vaxtlar Azərbaycanda da geniş istifadə edilən dərmanlar var idi. Sonradan onların insan orqanizminə mənfi təsirləri olduğu aşkara çıxdı. Ziyanlı dərmanlar istehsaldan çıxarılana qədər hətta 50-60 ilə qədər istifadə edilir. Tibdə imkan yoxdur ki, dərmanların illər sonra özünü göstərəcək təsirləri aşkar olunsun. Xüsusilə, indi biznes maraqları üstün tutulduğuna görə, belə məsələlərə az diqqət ayrılır.

Dərmanların təsirlərini yoxlamaq üçün ciddi maliyyə qoymalı, uzun müddət eksperiment aparılmalıdır. Bir çox hallarda qısa təcrübələr aparılır, həmin dərmanların effektliliyi tam müəyyən edilmədən istehsala buraxılır. Bu gün Azərbaycan bazarlarında satılan məhsulların 90 faizi ziyanlıdır. Dərman bazarı da belədir. Burada təəccüblü heç nə yoxdur.

Bəzən xəstəliklər geniş yayılır deyə, dərmanlar ciddi yoxlanmadan istehsala buraxılır. Biznes maraqlarını, yol verilən başdansovduluqları da nəzərə alsaq, dərmanların fəsadları ilə çox rastlaşa bilərik. Dərman təhlükəsizliyi dövlət nəzarətində olmadığına görə kim nə tapır, bazara çıxarır.

Bir həftə təzyiqim düşmədi, dərman atdım xeyri olmadı. Sonradan baxdım ki, aptekdən aldığım dərmanın aksiz markası yoxdur. Aksiz markası olan dərmanı qəbul etdikdə isə yarım saat içərisində hər şey qaydasına düşdü. Aptekdə satılan dərmanlarda dərmanlıq əlaməti yoxdur. Bu, dövlət tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanmalıdır”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Yaponiyada narahatlığa səbəb olan bu dərmanlardan "Tamiflu”nun ölkəyə idxal olunması və istifadə edilməsi üçün dövlət qeydiyyatından keçdiyi bildirilib. Mərkəzin məlumatına görə, Farmakonəzarət sektoruna bu dərman vasitəsi ilə əlaqədar şikayət daxil olmayıb.

Aysel Aslan