"Məktəblərdə əvvəllər də kişi müəllimlər az idi, amma bunun uşaqların psixologiyasına ciddi mənfi təsirləri olmurdu”.
Bunu Sherg.az-a orta məktəblərdə kişi müəllimlərinin sayının azlıq təşkil etməsinin uşaq və yeniyetmələrin psixologiyasına təsirlərindən danışarkən psixoloq Aytən Ələkbərova deyib.
O bildirib ki, say nisbəti müxtəlif olsa da, bir sinifdə tək oğlanlar oxumur, qızlar da var:
"Qadın müəllimlər həm də anadırlar, rahatlıqla uşaqların problemlərini duya bilirlər. Amma müəllimlərin çoxu bəylərdisə, yetkinlik dövründə uşaqların psixologiyasına və s. müxtəlif cür təsir edə bilər. Qadın müəllimlərin çox olması o demək deyil ki, kişilər nüfuzlarını aşağı salırlar. Bu problemi bir-biri ilə əlaqələndirmək lazım deyil. Hər bir oğlan uşağı evdən, ailədən. atanın və ailədəki digər kişilərin tərbiyəsindən gəlir. Onlar ailədə nümunə götürəcəyi kişiləri necə görürsə, onların xüsusiyyətlərindən təsirlənir. Müəllim 45 dəqiqə dərsini deyir, gedir. Keçmişdə də ibtidai siniflərdə müəllimlərin 80 faizdən çoxu qadınlar idi. Amma baxın, o dövrdə təhsil almış kişilər o demək deyil ki, özlərində qadına xas xüsusiyyətləri, imici daşıyırlar. Müəllimlərin əksəriyyətinin qadınlar olmasının heç bir psixoloji təsiri yoxdur.
İbtidai siniflərdə bu gün psixoloji testlər aparsaq, uşaqların qəhrəman dedikdə Mübariz İbrahimovun adını çəkdiyini görərik. Onlara bunu öyrədənlər də ibtidai sinif müəllimləridir. Ona görə, qadın müəllimlərin məktəblərdə çoxluq təşkil etməsi psixoloji gərginlik yaratmır”.
A.Ələkbərovanın sözlərinə görə, məktəblərdə kişi müəllimlərin işləməsinə şərait yaratmaq istəyiriksə, onları dəfələrlə psixoloji testlərdən keçirib, hər xüsusiyyəti yoxlandıqdan sonra rahatlıqla auditoriyalara buraxa bilərik:"Təhsilimizin bu formada davam etməsinin tərəfdarıyam. Digər tərəfdən bəylərimiz müəllimliklə qane olmurlar. Mən bir psixoloq olaraq, oğluma repetitor qadın müəllim seçmişəm. Əvvəllər kişi müəllimin yanına göndərirdim oğlumu, sonradan isə fikrimi dəyişdim. Düşündüm ki, o ciddiliyi daha yaxşı qoruya bilər. Həmçinin uşağın yetkinlik dövrüdür, hər hansı anlaşmazlıqda kişi müəllim özünü cilovlaya bilməyib, əl də qaldıra bilər. Nəticədə başqa ciddi problemlər ortaya çıxır. Kişilər daha tez affekt vəziyyətinə düşürlər. Bütün bunlara diqqət edilməsi əhəmiyyətlidir”.
İdarəetmədə isə kişilərin daha üstün olduğunu diqqətə çatdıran psixoloq deyib ki, məktəb direktoru və ya məktəbdəki başqa idarəçi vəzifələrdə müəllimlər işləyərsə, daha yaxşı olar:
"Bir qadın kollektivində kişi varsa, o nə qədər fiziki güclü, cüssəli də olsa, qadınların yanında onlara xas söhbətləri eşidir və özündən asılı olmayaraq həmin söhbətlərə qoşulur. Onların özlərinin psixologiyası pozulduğu halda onların özlərindən qat-qat kiçik uşaqlara hansı formada yanaşmağını təsəvvür edə bilmərik. Mən özüm bir neçə məktəbdə bunun şahidi olmuşam. Ona görə, ailələrdə belə bu məsələ barədə söhbət açılmır, müzakirə olunmur.
Buna baxmayaraq bəzi fənlərdə - fiziki tərbiyə, hərbi təlim kimi sahələrdə kişi müəllimlərin üstünlük təşkil etməsi daha məqsədə uyğun olar”.
Aysel Aslan