KİVDF qalib jurnalistləri mükafatlandırıb

Müsabiqəyə 54 KİV-dən 120 yazı daxil olub




Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2015-ci il Novruz Bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini elan edərək jurnalistləri mükafatlandırıb.

Fondun icraçı-direktoru Vüqar Səfərli qeyd edib ki, müsabiqəyə 54 KİV-dən 120 yazı daxil olub: "15 istiqamət üzrə isə 6 yer təyin etmişik. Lakin təəssüf ki, müəyyən edilmiş 90 yerdən 6-sı boş qalıb. Beləliklə, 84 qalib elan edilib. Buna səbəb isə keyfiyyətli yazıların daxil olmamasıdır”. "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə maraqlı məqama toxunub. O söyləyib ki, ötən dəfə bölgə müxbirlərinin xahişi ilə müsabiqənin yerlər üzrə uduş maliyyəsini artırıblar: "3-cü yer 200 AZN, 2-ci yer 300 AZN idisə, bu il bu məbləğ 100 AZN artıb”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Fondun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli bildirib ki, bəzən Fonda təqdim edilən yazılar arasında jurnalistlərin öz təəssüratları olur. Lakin yazılar əsasən araşdırma xarakterli olmalıdır: "Həmçinin, yazılarda yarımbaşlıqlar mütləq qeydə alınmalıdır. Bu dəfə etiraf edək ki, bir qədər yarımbaşlıqlı yazıların sayında artım müşahidə etdik. Ümid edirəm ki, zaman keçdikcə, yazıların formatını daha da mükəmməlləşdirəcəksiniz”.
Ardınca isə qalib jurnalistlər diplomlarla təltif ediliblər.

Ayyət Əhməd