Mükafatçılar sırasında “Şərq” qəzetinin üç əməkdaşı da yer alıb
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. KİVDF rəhbəri Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi qurum bu il 10 müsabiqə elan edib. Onlardan üçü Fond tərəfindən keçirilib.
Digər 7 müsabiqəni isə Fond Mədəniyyət və Turizm Nazirliyi, Nizami, Suraxanı rayon və Gəncə şəhər İcra hakimiyyətləri, "Azərsu” və "Azərişıq” ASC-lərlə birgə keçirib: "Bu il "Multikulturalizm ili” ilə əlaqədar olaraq iki müsabiqə keçirdik. Bundan başqa, Fond Xaçmaz və İsmayıllı rayonlarında da tədbirlər təşkil edib”.
V.Səfərli deyib ki, bu il KİVDF-nin elan etdiyi müsabiqələrdə 806 jurnalist iştirak edib. Onlardan 445 jurnalist qalib elan edilib. 100 qalib yazının kitab halında çap olunduğunu vruğulayan Fond rəhbəri bildirib ki, bu il kitabın ikinci cildi çapdan çıxıb və kitabda 57 müəllifin yazısı yer alıb.
O əlavə edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən müsabiqəyə 160 yazı daxil olub. Həmin yazılardan 114-ü qalib elan olunub. Tədbirdə Fondun Müşahidə Şurasının üzvləri, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BDU-nun professoru Cahangir Məmmədli, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxış edərək müsabiqəyə təqdim olunan yazılarla bağlı fikirlərini bildiriblər.
Diqqətə çatdırılıb ki, ötən ildən fərqli olaraq bu dəfə müsabiqəyə təqdim olunan yazılar keyfiyyət və kəmiyyət baxımından daha üstün olub. Xüsusilə bu il region mediasının nümayəndələrinin aktivliyi müşahidə olunub.
Yazılardakı qüsurlarla da bağlı iradlar səslənib. Vurğulanıb ki, hər bir jurnalistin öz dili və üslubu olmalıdır, yazılarda plagiatlığa yol verilməməlidir. Müzakirələrdən sonra müsabiqədə hər istiqamət üzrə ikinci və üçüncü yerlərin qaliblərinə diplomlar təqdim edilib. Mükafat alanlar arasında "Şərq” qəzetinin üç əməkdaşı da yer alıb.
İsmayıl