Köhnə texnikaların səsi gəlir...

Millət çörək istəyir, bunlar isə şou qurublar




Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində yenə də irimiqyaslı hərbi təlimlərə start verib. Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da hərbi təlimləri izləməyə gəlib. İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən guya hərbi təlimlərin keçirilməsi barədə məlumatların yayılmasını ermənilərin növbəti təxribatı kimi dəyərləndirən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bəyan edib ki, ağır iqtisadi, hərbi, demoqrafik və sosial şəraitdə yaşayan qondarma qurumun təlim adı altında keçirdiyi tədbir yalnız öz ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə təşkil edilən bir şoudur: "Bir neçə köhnə hərbi texnikanın, bir taqım şəxsi heyətin və təsərrüfat işlərindən zorla ayrılaraq poliqona gətirilən dinc sakinlərin cəlb olunması ilə keçirilən bu toplantı döyüş meydanındakı bacarıqsızlıqlarını gizlətmək niyyətində olan cinayətkar hərbi rejim rəhbərliyinin növbəti uğursuz cəhdidir. Ancaq bu kimi və buna bənzər istənilən tədbirlər kriminal-hərbi rejimin düşdüyü ağır vəziyyətdən çıxmasına kömək etməyəcək. Bu məsələdə yalnız bir narahatedici məqam var. O da beynəlxalq hüquq normaları və prinsiplərinə məhəl qoymayan erməni tərəfinin sistematik hal almış təxribat xarakterli bu cür əməllərinə beynəlxalq qurumların biganə yanaşmasıdır”.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev isə bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status-kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir.

Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən bu təlim güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin daha bir ifadəsidir: "May ayında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimə keçirilməsi nəzərdə tutulan qanunsuz "parlament seçkiləri” də Ermənistanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir. ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən

Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə, Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir. Qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun dəyişdirilməsi, münaqişənin həlli və nəticə etibarilə, regionda sülh və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Orucun sözlərinə görə, Ermənistan və Qarabağdakı saxta erməni hərbiçilərinin keçirdiyi təlimlər "şou” xarakterlidir və bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Ermənistanın bu günə qədər pozmadığı beynəlxalq sənəd, prinsip qalmadığını vurğulayan millət vəkili hesab edir ki, Azərbaycanın hərbi gücünü artırması və son illər ərzində cəbhə xəttində atəşkəsin daha intensiv pozulması fonunda Ermənistan cəmiyyətindəki təhlükə qorxusunu və demokratik prosesləri boğmaq üçün separatçı rejim bu cür təlimlərdən istifadə edir:

"Məşhur Roma meydanında qladiator döyüşləri ona görə təşkil olunurdu ki, kütlələr çörək haqqında düşünməsinlər, aclığı hiss etməsinlər. Ermənistanda da analoji vəziyyətdir. Ermənistan bir çox hallarda saxta hərbi təhlükə ritorikasını ortaya atmaqla cəmiyyəti sosial problemlərdən, iqtisadi ağırlıqdan dolayı hökumətin üzərinə yeriməsinin qarşısını almağa cəhd göstərir. Onsuz da ki, Ermənistanda iqtisadi-sosial vəziyyət çox acınacaqlı gündədir. Müxtəlif qüvvələr küçə və meydanlarda aksiyalar keçirməklə hökuməti istefaya çağırırlar”. Bu cür təlimlərdən Azərbaycanın informasiya həyatına və təhlükəsizliyinə heç bir narahatlıq gəlmədiyini vurğulayan millət vəkilinin sözlərinə görə, bütün sərhədyanı bölgələr Ermənistanın bu cür "əzələ nümayiş”inə öyrəşiblər: "Hamı bilir ki, artıq ermənilərin özünün əzələsi qalmayıb. "Cənub cinahı” adı altında Rusiya Ermənistanı özünün hərbi doktrinasında mühüm bir məkan kimi seçib. Ermənistandakı və Gümrüdəki hərbi bazalar qərb qüvvələrinin Qafqaza daxil olacağı təqdirdə balansı qorumaq üçündür. Düşünmürəm ki, Rusiya Azərbaycan təhlükəsinə qarşı öz qüvvələrini Ermənistanda yerləşdirsin”.

Z.Orucun sözlərinə görə, Ermənistanın keçirdiyi hərbi təlimlər daha çox öz başlarında çatlayır. Faktiki olaraq, hərbi quruculuğa, silahlı qüvvələrin formalaşmasına, gücünü artırmasına heç bir təsiri olmur: "Ermənistanın 2015-ci il üçün müəyyənləşdirdiyi dövlət büdcəsi 2,9 milyard dollardır. Onun da 400 milyon dollardan artıq hissəsi ordu quruculuğu üçün ayrılıb. Bu gün tankların, topların qiyməti hər kəs üçün açıq olan internet saytlarında yerləşdirilib və asanlıqla hesablamaq olar ki, ordu üçün ayrılmış vəsaitlə Ermənistan hökuməti nələri ala bilər. Əvəzində Azərbaycanın hərbi büdcəsində 1,8 milyard manat müdafiə xərcləri üçün ayrılıb. İnvestisiya xərclərinin tərkibində də kifayət qədər vəsait hərbi sahəyə yönəldilməkdədir. Bu mənada Ermənistanın keçirdiyi təlimlərin bizdə narahatlıq doğuracağı absurddur. Amma istənilən halda bizim hərbi kəşfiyyatımız və aidiyyəti strukturlarımız bu prosesləri mütəmadi izləyirlər”.

Şəymən